Tarixdən səhifələr

Xüsusi Zaqafqaziya Komitəsi

1917-ci il Fevral inqilabından sonra Rusiyada yaranmış Müvəqqəti hökumət martın 3-də Cənubi Qafqazda mülki hakimiyyəti yeni orqana - Xüsusi Zaqafqaziya Komitəsinə (XZK) verdi. Elmi ədəbiyyatda bu orqan OZAKOM (Osobıy Zakavkazskiy Komitet) da adlandırılır. Komitə regionun əsas millətlərini 4-cü Dövlət dumasında təmsil edən deputatlardan ibarət idi. XZK-nin sədri kadet partiyasının üzvü V.A.Xarlamov, üzvləri - azərbaycanlı kadet, sonralar müsavatçı Məmmədyusif Cəfərov, gürcü federal-sosialisti K.Abaşidze, rus kadeti P.Pereverzev və başqaları. İki gündən sonra Nazirlər Şurasının sədri Lvovun əmri ilə P.Pereverzev gürcü menşeviki A.Çxenkeli ilə əvəz edildi. Həmin komitədə M.Y.Cəfərova sənaye və ticarət işlərinə rəhbərlik tapşırılmışdı. Bu komitə Müvəqqəti hökumət tərəfindən 1917 il martın 6-da elan olunmuş prinsiplər əsasında Cənubi Qafqazda möhkəm qayda yaratmalı və regionda hakimiyyət orqanını təşkil etməli idi.

Cənubi Qafqaz millətləri bərabər təmsil olunmadığına, aqrar məsələdə qeyri-müəyyən mövqe tutduğuna görə xalq kütlələri Xüsusi Zaqafqaziya Komitəsinə etimad göstərmədi və o ilk gündən tənqid hədəfinə çevrildi.

Siyasi partiyalar və onların liderləri yeni hakimiyyətin təşkili məsələsində də müxtəlif mövqelərdə dayanırdılar. Menşeviklər hesab edirdilər ki, yeni hakimiyyət orqanları, mərkəzdə olduğu kimi, inqilabi demokratiya orqanlarının (fəhlə, əsgər və kəndli sovetlərinin) burjuaziya nümayəndələri ilə əməkdaşlığı əsasında yaradılmalıdır. Eserlərin fikrincə, Müvəqqəti hökumətin yaranmaqda olan yerli orqanlarına fəhlə və əsgər deputatları sovetləri nəzarət etməli idi. Bolşeviklər isə, hələlik eserlərin tərəfində dursalar da, sonradan yalnız özlərinin hakimiyyətə gəlməsi uğrunda açıq mübarizə mövqeyinə keçdilər.

Yeni inqilabi şəraitdə Azərbaycan xalqının məqsəd və arzularını müəyyənləşdirmək məqsədi ilə bağlı ilk addım 1917-ci il aprelin 15-20-də Bakıda keçirilmiş Qafqaz müsəlmanlarının qurultayında atıldı. Qurultay ərəfəsində Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsi Qafqaz müsəlmanlarına müraciət dərc etdi. Müraciətdə deyilirdi: "Komitə ümummüsəlman qurultayı çağırmaqdan, milli-siyasi proqramı irəli sürməkdən imtina edir, lakin məhz indi millətlərin mənafeyini ən yaxşı təmin edə biləcək dövlət idarəçiliyi haqqında fikrini bildirməyi zəruri sayır... Belə bir idarə forması, söz yox ki, yalnız demokratik respublikadır".

1917-ci ilin yayı və payızında Rusiyada, o cümlədən Cənubi Qafqazda, xüsusən Bakıda kütlələrin genişlənən güclü inqilabi hərəkatı Zaqafqaziya bölgəsində vəziyyətə ciddi təsir göstərir, Azərbaycanda inqilabi hərəkat zamanı müxtəlif nəzəriyyələri, rəqabət aparan siyasi qüvvələrin intellektual, təşkilati və insani potensialını sınağa çəkirdi. Bolşeviklərlə menşeviklər arasında siyasi mübarizə daha da kəskinləşmişdi. Eser-menşevik bloku kütlələri öz tərəfinə çəkmək üçün mübarizəni qətiyyətlə gücləndirir, öz baxışlarını daha fəal şəkildə təbliğ edirdi. 1917-ci ilin yayında ciddi məsələlərin həlli zamanı daşnaklar eser-menşevik blokunun mövqeyini müdafiə edir, bolşeviklər isə əksər hallarda təcrid olunmuş vəziyyətdə qalırdı.

Fevral inqilabının qələbəsindən sonra Azərbaycanda, hər şeydən əvvəl, milli hərəkatın daha kütləvi və siyasi səciyyə alması, konkret iqtisadi tələblər irəli sürülməsi, milli dövlətçilik ideyası ətrafında əhalinin bütün təbəqələrinin birləşməsi kimi cəhətləri ilə fərqlənən tamamilə yeni mərhələ başlandı.

Azərbaycanda milli hərəkata vahid rəhbərlik məqsədilə Bakıda, digər şəhər və qəzalarda şöbələri olan Müsəlman Milli Şurası yaradılmışdı. Milli Şura öz fəaliyyətini demokratik prinsiplər əsasında quraraq, müsəlman əhalisinin bütün təbəqələrini milli partiya və təşkilatların ətrafında toplamışdı. Milli Şuradakı ictimai-siyasi təşkilatların hər biri ona rəhbərlik etmək uğrunda mübarizə aparırdı. Onlardan "Hümmət", "Ədalət" və "Birlik" təşkilatları daha fəal idilər. Fevral inqilabının qələbəsindən sonra "Hümmət" təşkilatı öz fəaliyyətini xeyli gücləndirmişdi. Milli azadlıq hərəkatında və milli Azərbaycan dövlətinin yaradılmasında "Müsavat"ın rolu böyük idi. Partiyanın liderləri real vəziyyətdən çıxış edərək, ölkədəki bütün demokratik qüvvələri milli Azərbaycan dövləti yaratmaq uğrunda mübarizəyə çağrırdılar.

1917-ci il oktyabrın 25-də Petroqradda bolşeviklərin silahlı üsyanı nəticəsində Müvəqqəti hökumət devrildi. 1917-ci ilin oktyabrın 25-26-da Smolnıda keçirilən II Sovetlər qurultayında Sülh və Torpaq haqqında dekretlər qəbul edildi və Leninin başçılığı ilə Sovet hakimiyyətinin əsası qoyuldu.

Bolşeviklərin Petroqradda hakimiyyəti ələ keçirməsi xəbəri alındıqdan sonra 1917-ci il oktyabrın 27-də Bakı Fəhlə və Əsgər Deputatları Sovetinin fövqəladə yığıncağı keçirildi. İclasın gündəliyində duran əsas məsələ hakimiyyət məsələsi idi. Bolşeviklərin kəskin etirazına baxmayaraq, menşevik-eser-daşnak bloku 168 səsə qarşı 246 səslə Bakıda ali hakimiyyət orqanı kimi İctimai Təhlükəsizlik Komitəsinin (İTK) yaradılması haqqında qərarın qəbul olunmasına müvəffəq oldu.

Bu qərarla razılaşmayan bolşeviklər hakimiyyət məsələsini geniş müzakirəyə çıxartdılar və noyabrın 2-də Bakı Sovetinin iclasında şəhərdə ali hakimiyyət orqanı kimi Bakı Sovetinin elan edilməsinə nail oldular. Bakı Soveti İcraiyyə Komitəsinin M.V.Basin, N.P.Vatsek, P.A.Caparidze, İ.T.Fioletov, S.G.Şaumyan və başqalarından ibarət yeni tərkibi seçildi. İcraiyyə Komitəsinin sədri S.Şaumyan oldu. Beləliklə, Sovetdə iştirak edən digər partiyalar - eser və menşeviklərlə müsavatçılar arasındakı ziddiyyətlərdən istifadə edən bolşeviklər Bakı Sovetində əsas vəzifələri ələ keçirdilər.

RSFSR Xalq Komissarları Sovetinə tabe olmaq istəməyən və diyarı anarxiyadan qorumağa çalışan Gürcüstan Sosial-Demokrat Partiyası (menşeviklər), "Müsavat", Daşnaksutyun və sağ eserlərin nümayəndələri 1917-ci il noyabrın 11-də Tiflisdə keçirdikləri müşavirədə Rusiya bolşevik hökumətinin hakimiyyətini tanımaqdan imtina etdiklərini bildirib, "Müstəqil Zaqafqaziya hökuməti" yaratmaq haqqında qərar çıxartdılar. 1917-ci il noyabrın 15-də Zaqafqaziya Komissarlığı yaradıldı. Onun tərkibinə Gürcüstandan Y.Gegeçqori (sədr) və A.Çxenkeli, Azərbaycandan F.X.Xoyski, M.Y.Cəfərov, X.Məlikaslanov, ermənilərdən T.Ter-Qazaryan, X.Karçikyan, A.Aqacanyan, sağ eserlərdən D.Donskoy daxil oldular.

Beləliklə 1917-ci il noyabrın 15-də Zaqafqaziya Komissarlığının yaradılması ilə Xüsusi Zaqafqaziya Komitəsinin fəaliyyətinə son qoyuldu.


Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan qəzeti: 1918-1920 / ADA Universiteti; translit.: M. Gəncəli, A. Ağaoğlu; elmi red. T. Kərimli; ön sözün müəl. H. M. Paşayev.- Bakı: Prestige çap evi, 2021.- 104 s.
  2. Azərbaycan Cümhuriyyəti - 100 / A. İsgəndərov [et al.]; elmi red. F. Əhmədova; "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.- Bakı: Elm və təhsil, 2018.- 520 s.
  3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: 2 cilddə / red. heyəti Y. M. Mahmudov [et al.]; baş red. Y. M. Mahmudov II cild.- Bakı: Lider nəşriyyat, 2005.- 472 s. 
    Balayev, Aydın Hüseynağa oğlu. Azərbaycan Cümhuriyyətinin doğuşu: 1917-1918-ci illər milli mücadilə / A. H. Balayev.- Bakı: JekoPrint ÇE, 2022.- 368 s.
  4. Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları 1918-ci il / Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi; məsul red. A. Ə. Paşayev.- Bakı: Adiloğlu, 2006.- 216 s.