Ulu Öndər Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı müvafiq Sərəncamla 28 mart tarixi Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilmişdir. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.
1918-ci ilin may ayının 28-də dövlət müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi” qəbul olunduqdan sonra daxili və xarici təhdidlərə qarşı effektiv mübarizə aparmaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək və dövlət sərhədləri daxilində təhlükəsizliyi təmin edə bilmək üçün milli ordu ilə yanaşı təhlükəsizlik orqanlarına böyük ehtiyac yaranmışdı. Azərbaycan hökuməti bu məqsədlə yaradılacaq yeni qurumun Hərbi Nazirliyin tərkibində olmasını məqsədəuyğun sayırdı. Keçmiş çar ordusunun generalları Səməd bəy Mehmandarovun hərbi nazir, Əlağa Şıxlinskinin nazir müavini, Məmməd bəy Sulkeviçin Baş Qərargah rəisi təyin edilməsi ordu quruculuğu ilə birgə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin formalaşdırılmasına da xüsusi təkan vermişdi. Belə ki, 1919-cu ilin fevral ayının 25-də "Hərbi Nazirliyin ştatları haqqında" qanun layihəsi ölkə parlamenti tərəfindən yekdilliklə qəbul edilmişdi. 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin (kvartirmeyster) təşkil olunması ilə başlayıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib.
1919-cu ilin mayında Denikinin ordusunun Petrovsk və Dərbəndi tutması, Azərbaycan və Gürcüstanın sərhədlərinə doğru irəliləməsi Bakıda vəziyyəti daha da gərginləşdirmişdi. Denikin təhlükəsinin qarşısını almaq və müdafiəni gücləndirmək məqsədilə yeni qurum - Dövlət Müdafiə Komitəsi yaradılmış, ölkədə hərbi vəziyyət elan olunmuşdu. Həmin vaxtda əks-kəşfiyyat funksiyasını yerinə yetirəcək müstəqil xüsusi xidmət orqanına da ehtiyac olduğundan 1919-cu ilin iyun ayının 11-də Əksinqilabla Mübarizə Təşkilatı yaradıldı. Hərbi Nazirliyin əks-kəşfiyyat xidməti öz əməliyyat təsərrüfatını Əksinqilabla Mübrizə Təşkilatına təhvil verdi. Polkovnik İrza bəy Hacıbəylinskinin rəhbərlik etdiyi kəşfiyyat qurumu isə Hərbi Nazirliyin tərkibində saxlanıldı. Lakin hər iki xüsusi xidmət orqanı arasında qarşılıqlı əməkdaşlıq davam edirdi.
Hökumətin və Dövlət Müdafiə Komitəsinin sədri Nəsib bəy Yusifbəylinin sərəncamı ilə «Müsavat» partiyasının üzvü, millət vəkili Məmmədbağır bəy Şeyxzamanov təşkilatın rəisi vəzifəsinə təyin olunmuşdu. Rəis müavini vəzifəsini isə «Hümmət» partiyasının üzvü Mirfəttah Musəvi tuturdu.
Qurumun əməkdaşları arasında azərbaycanlılarla yanaşı, türk, rus, ukrayn, gürcü, Şimali Qafqaz xalqları və b. millətlərin nümayəndələri çalışırdılar. Bakıda təşkilatın 8 ərazi (rayon) bölməsi yaradılmışdı. Bu bölmələrə Məmmədtağı Dadaşov, Seyfulla Əzimzadə, Məmməd Hacızadə, Qasım İsmayılov, Aleksandr Şengeliya, Qəmbər Tahirov, Əbdüləziz Tağıyev və İslam Əliyev rəhbərlik edirdilər. Qurumun senzura, agentura, müşahidə bölmələri və dəftərxanası vardı.
Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına iki aya yaxın vaxt qalmış Bakıda əks-kəşfiyyat təminatını general-qubernatorluğun tərkibində yaradılmış İnformasiya şöbəsi yerinə yetirmişdir.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra respublikanın rəhbərlərinə, hərbiçilərə və təhlükəsizlik orqanlarının əməkdaşlarına qarşı əsil repressiya başlandı. Əfrasiyab bəy Ağalarov, Məmmədbağır bəy Şeyxzamanlı, Ələkbər xan Şahsuvarov müstəqil Azərbaycan Respublikasına xidmət etdiklərinə görə sorğusuz-sualsız güllələndi, bir qismi həbs edildi, bir qismi isə, o cümlədən Nağı bəy Şeyxzamanlı və digərləri mühacirətə getməyə məcbur oldular.
Sovet hökuməti istila etdiyi ərazilərdə əksinqilaba, sabotajçılığa qarşı mübarizə üzrə yerli Fövqəladə Komissiyalar (FK) təsis edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin işğalından dərhal sonra eyni proses ölkəmizdə də həyata keçirilməyə başladı və 1920-ci ilin aprel ayının 29-da Azərbaycan Fövqəladə Komissiyası (Azərbaycan FK) yaradıldı. Kadr və texniki çatışmazlıqlar səbəbindən həmin qurum əvvəllər XI Qırmızı Ordunun Xüsusi şöbəsi ilə birlikdə fəaliyyət göstərdiyindən Semyon Andreyeviç Pankratov XI Ordunun xüsusi şöbəsi ilə yanaşı Azərbaycan FK-ya da rəhbərlik edirdi.
1920-ci il mayın 14‑də Azərbaycan İnqilab Komitəsinin keçirdiyi iclasda Eyyub Xanbudaqov Fövqəladə Komissiyanın sədri, Pankratov isə Fövqəladə Komissiya sədrinin müavini təyin edildi. Beləliklə də Azərbaycan Fövqəladə Komissiyası 1920-ci il mayın 18-də XI Qırmızı Ordunun xüsusi şöbəsindən ayrıldı və müstəqil fəaliyyətə başladı.
Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 6 fevral tarixli qətnaməsinə əsasən FK və onun bəzi yerli orqanları ləğv edilərək həmin qurumun bazasında Dövlət Siyasi İdarəsi (DSİ) yaradıldı. Azərbaycanda isə Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1926-cı il 7 avqust tarixli iclasında “Azərbaycan FK-nın DSİ-yə dəyişdirilməsi haqqında” qərar qəbul edildi.
SSRİ MİK-in 1934-cü il 10 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət Siyasi İdarəsi (BDSİ) müstəqil orqan kimi ləğv edildi. Onun bazasında Baş Dövlət Təhlükəsizliyi İdarəsi (BDTİ) yaradıldı və SSRİ Xalq Daxili İşlər Komissarlığının (XDİK) tərkibinə daxil edildi. Dövlət təhlükəsizlik orqanlarının yenidən təşkili əməliyyat şəraitinin ciddi şəkildə dəyişməsindən və xarici təhdidlərdən irəli gəlirdi. Mövcud vəziyyət təhlükəsizlik orqanlarının işinin yenidən qurulmasını diktə edirdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 iyul 1941-ci il tarixli fərmanıyla hərbi iş şəraitinə keçməklə əlaqədar olaraq XDİK ilə XDTK birləşdirilərək XDİK adlandırıldı.
Yaranmış vəziyyətlə əlaqədar təhlükəsizlik orqanlarının strukturu və vəzifələri tez-tez dəyişirdi. Bunun nəticəsi idi ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 1943-cü ilin may ayının 26‑dan etibarən Xalq Daxili İşlər Komissarlığı Xalq Dövlət Təhlükəsizlik Komissarlığı adlandırıldı.
Müharibə qurtardıqdan sonra, dövlət təhlükəsizlik orqanlarının yenidən təşkilatlanması çərçivəsində, hərb şəraiti üçün yaradılmış aparatlar ləğv olundu. Bunun nəticəsində sovet dövlət təhlükəsizlik orqanlarının strukturu xeyli sadələşdirildi.
Sov.İKP MK plenumunun, SSRİ Nazirlər Sovetinin və SSRİ Ali Sovetinin 1953-cü il 7 mart tarixli birgə qərarı ilə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi və SSRİ Daxili İşlər Nazirliyi bir orqanda – SSRİ Daxili İşlər Nazirliyində birləşdirildi.
Lakin bir müddət sonra, 1954-cü il 13 mart tarixli fərmanla SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi (DTK) yaradıldı. Onun tərkibinə 1953-cü ilin martınadək mövcud olan keçmiş Dövlət Təhlükəsizliyi Nazirliyinin baş idarələri və müstəqil şöbələri daxil edildi.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 5 iyul 1978-ci il tarixli qərarı ilə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi SSRİ Dövlət Təhlükəsizlik Komitəsi adlandırıldı. SSRİ Ali Soveti Rəyasət Heyətinin bu qərarına uyğun olaraq 13 iyul 1978-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Y.V.Andropovun əmri ilə SSRİ Ali Sovetinin qərarının icrası yerlərdə təsdiqini tapdı.
1991-ci ildə müstəqilliyini bərpa etdikdən və ölkəmizin suverenliyi dünya dövlətlərinin böyük əksəriyyəti tərəfindən tanındıqdan sonra Azərbaycan Respublikasına qarşı yönəlmiş təzyiqlər, daxili və xarici təhdidlər daha da gücləndi. Bütün bunlar Azərbaycanda onsuz da mürəkkəb olan ictimai-siyasi durumu daha da ağırlaşdırdı. Ölkədəki ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya dövlət idarəçiliyini iflic vəziyyətinə saldı.
Ölkədəki gərgin vəziyyət milli təhlükəsizlik sisteminin yenidən qurulması, milli maraqların müdafiəçisi olmaq kimi prioritet vəzifələrin həyata keçirilməsi zərurətini doğurdu. Bu vəzifələri layiqincə yerinə yetirmək, eləcə də 70 il ərzində yalnız sovet imperiyasının mənafelərini güdən təhlükəsizlik sistemi prinsiplərindən imtina etmək, cəmiyyətdə formalaşmış mövcud stereotipləri dağıtmaq, əvəzində hər hansı bir dövlətdən idarə asılılığı olmayan, Azərbaycan xalqının maraqlarının təhlükəsizliyi keşiyində etibarlı dayanmaq iqtidarında olan milli təhlükəsizlik orqanını yaratmaq olduqca çox çətin, ciddi və həyati vacib bir məsələ idi.
Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 1991-ci il noyabr ayının 1-də Dövlət Təhlükəsizlik Komitəsinin əsasında Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. Bu qərar təhlükəsizlik orqanlarının qarşısında duran vəzifələrin məzmununun və mahiyyətinin dəyişdirilməsi zərurətini də ortaya çıxardı. Çünki Dövlət Təhlükəsizlik Komitəsinin bütün imkanları və potensialı ümumilikdə Sovet imperiyasının mövcudluğunun və strateji maraqlarının təminatına yönəlmişdisə, Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran başlıca vəzifə Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə və elmi-texniki potensialına, həmçinin dövlət sirri təşkil edən məlumatların qorunmasına, xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınmasına, bir sözlə, xalqımızın milli mənafeyini və maraqlarını müdafiə və mühafizə etməyə yönəlmişdi.
Xalqımızın israrlı tələbi və təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev xüsusi xidmət orqanlarının qarşısında öz səlahiyyətlərinə daxil olan vəzifələri yerinə yetirmək üçün peşəkar kadr potensialını formalaşdırmaq, strukturunu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri müəyyən etdi. Mövcud daxili və xarici təhdidlərə baxmayaraq, təhlükəsizlik orqanlarının əməkdaşları öz işlərini ümummilli lider Heydər Əliyevin tapşırıq və tövsiyələri əsasında qurmağa və həyata keçirməyə çalışırdılar.
Bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Ölkədə güclü ordu quruculuğu siyasəti yürüdən dövlətimizin başçısının uğurlu islahatları sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşan Prezident İlham Əliyev bu sahədə struktur islahatlarının aparılmasını da diqqət mərkəzində saxlayır. Bu islahatların mühüm tərkib hissəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması, ilk növbədə, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb.
Ölkəmizdə təhlükəsizlik orqanlarına göstərilən yüksək diqqət və qayğı göstərir ki, təhlükəsizlik mühitinin formalaşması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin fəaliyyətinin mühüm tərkib hissəsidir.
Tövsiyə edilən ədəbiyyat: