Terrorizm müasir dövrün ən təhlükəli, çətin proqnozlaşdırılan və getdikcə daha müxtəlif formalar əldə edən, daha hədələyici miqyaslar alan problemlərindən biridir. Terror aktları insan tələfatı ilə nəticələnir, böyük insan kütlələrinə güclü psixoloji təzyiq göstərir, yenidən bərpası bəzən mümkün olmayan maddi və mənəvi dəyərləri məhv edir, dövlətlər arasında nifaq salır, müharibələrə, sosial və milli qruplar arasında inamsızlığın və nifrətin yaranmasına səbəb olur. Bu gün dünyada təqribən 500 qeyri-legal terrorçu təşkilatlarının olması göstərilir. Terrorizm artıq beynəlxalq, qlobal xarakter alıb. Müqayisə üçün demək olar ki, bu yaxınlara qədər terrorizm haqqında yerli-lokal hadisə kimi danışılırdısa, artıq keçən əsrin 80-90-cı illərində o, beynəlxalq miqyas aldı. Hətta dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT beynəlxalq terrorizmə qarşı getdikcə daha ciddi mübarizə aparmalı oldu. BMT Baş Məclisinin sessiyalarında “Beynəlxalq terrorizm haqqında hesabat” müzakirə edilir və müvafıq qərarlar qəbul edilir. Bu proses artıq daimi xarakter almışdır. Həmçinin, BMT çərçivəsində beynəlxalq terrorizmlə mübarizə haqqında bir neçə Konvensiya və Bəyannamələr imzalanmış, qətnamələr qəbul edilmişdir. Terrorizmlə mübarizədə BMT ilə yanaşı, digər beynəlxalq və regional təşkilatların, ilk növbədə, Interpol, ATƏT, NATO, MDB, GUAM və digər təşkilatların adlarını çəkmək olar.
Azərbaycan da terrorizmin doğurduğu ağır nəticəni yaşayıb. Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra erməni terrorçularının Azərbaycan ərazisində həyata keçirdikləri müxtəlif terror aktları bu gün də davam etdirilməkdədir. Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Belə ki, «Böyük Ermənistan» dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları - 1887-ci ildə yaradılmış «Armenakan», sonradan «Hnçak» və «Daşnaksütyun» partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiya¬larından geniş istifadə etmişlər. Minlərlə azərbaycanlılar belə partiyalar, təşkilatlar erməni diasporasının maliyyə və yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən onlarla erməni terrorçu təşkilatların törətdiyi terror aktlarının qurbanına cevrilmişdir.
Ötən əsrdə Ermənistan xüsusi xidmət orqanları Azərbaycanda onlarla terror aktı həyata keçiriblər. Erməni ekstremistləri Azərbaycanda nəqliyyatın bütün növlərində, o cümlədən də metroda terror aktları törədiblər. Belə qanlı terror aktlarından biri 19 mart 1994-cü ildə baş verdi. Saat 13.00 radələrində qatar “20 Yanvar” stansiyasında dayandığı zaman, birinci vaqonda saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə qurğunun partlaması nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Bu terrorun qurbanları arasında qadınlar, qocalar və uşaqlar olan onlarla günahsız insan vardı. Güclü partlayışın təsirindən metro stansiyasının tavanı bəzi hissələrdə dağılaraq aşağı çökmüşdü. Terror aktının icraçısı partlayış zamanı ölsə də, Azərbaycanın hüquq mühafizə orqanları bu hadisənin terror aktı olduğunu və onu Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını dərhal müəyyənləşdirmişdi. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, terror aktı “Sadval” separatçı təşkilatı tərəfindən törədilib. Onlar bu terror aktını Ermənistan xüsusi xidmət orqanları ilə əlbir olaraq həyata keçirmişlər. Tezliklə Azərbaycan respublikasının hüquq mühafizə orqanları tərəfindən terror aktının icrasında və təşkilində iştiraka görə 11 nəfər həbs olundu. Onlardan ikisinin barəsində məhkəmə güllələnmə hökmü çıxardı, digərləri isə müxtəlif müddətli həbs cəzasına məhkum olundular. İstintaq zamanı müəyyən edildi ki, təxribatçılar Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib və bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi onların təşkilat kimi formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib. Terrorçu dəstə təlimata uyğun olaraq, “20 Yanvar” stansiyası ilə yanaşı, Bakının “Nizami” kinoteatrında, Respublika (indiki Heydər Əliyev) sarayında və Bakı lampa zavodunda da partlayışlar planlaşdırmışdılar. Ancaq terrorçular bu cinayətkar məqsədlərinə axıra qədər nail ola bilmədilər.
19 mart 1994-cü il - Novruz bayramı ərəfəsi terror aktı nəticəsində həlak olan soydaşlarımızın adları sözügedən stansiyanın divarına həkk olunaraq əbədiləşdirilmişdir.
Məlum olduğu kimi, terrorizmə qarşı mübarizə beynəlxalq və milli səviyyədə apanlır. Azərbaycan eləcə də, ABŞ, İngiltərə, Almaniya, İsrail, Türkiyə, İtaliya, İspaniya və digər dövlətlərin dəqiq işlənmiş antiterrorizm strategiyası mövcuddur. Bu ölkələrin müxtəlif elmi-tədqiqat institutlarında, strateji araşdırmalar mərkəzlərində terrorizm mövzusu geniş şəkildə tədqiq edilir, araşdırılır və müxtəlif tədqiqat əsərləri, monoqrafiyalar yazılır. Tamamilə aydındır ki, bu təhlükəli problemlə mübarizə üçün dövlətlərin öz güclərini yüksək səviyyədə koordinə etməsi, beynəlxalq təşkilatlar şəbəkəsinin yaradılması ən vacib məsələlər sırasına qoyulmalıdır.
Tövsiyə edilən ədəbiyyat: