Novruz bayramı, ən qədim və ən kütləvi ümumxalq bayramlarından biridir. Bəşəriyyətin təkamülünün əsasını qoymuş əkinçilik və maldarlıq Yaxın Şərq xalqlarının, eyni zamanda Azərbaycan xalqının təsərrüfat həyatında mühüm rol oynamışdır. Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə və digər regionlarda qeyd edilir.
Novruz bayramının mənşəyi çox qədimdir. Novruz türklərin ən qədim təbiət bayramı hesab olunur. Çin mənbələrində hunların martın 21-də bahar şənlikləri təşkil etdikləri barədə qeydlərə rast gəlinir. Türklərin “Ərgənəkon” dastanında əski yurda dönüş yazın ilk günü ilə əlaqələndirilir.
Novruz bayramı Əhəmənilər dövründə eramızdan əvvəl 350-ci ildən qeyd olunsa da, tarixi kökləri zərdüştlükdən əvvələ gedib çıxır. Lakin Azərbaycanda daha qədim çağlara aid Qobustan, Gəmiqaya, Abşeron qayaüstü rəsmlərində (e.ə. XII-VIII minillik), habelə qədim yaşayış yerlərində bahar motivli maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Azərbaycan xalqının həyat və məişətində Novruz bayramının yerinin müəyyən edilməsində arxeoloji materiallar mühüm qaynaqlardan sayılır. Yazılı mənbələrdə də Novruz bayramı, onun mahiyyəti, tarixi kökləri, təbiət hadisələri ilə əlaqəsi haqqında xeyli material vardır. Beləliklə, aydın olur ki, Novruz bayramı qədim insanların təsəvvürlərində qışda ölmüş təbiətin yazda yenidən dirilməsi ilə yeni təsərrüfat ilinin təntənəli şəkildə qarşılanması mərasimi idi. Keçmişdə təbiətin dirildiyi bu ilk günün - yeni günü- Novruzun gəlişini atəşfəşanlıqla qarşılayırdılar. Bayram hazırlıqları qış fəslinin boz ayında başlayır və novruza qədərki bu müddət çərşənbədən-çərşənbəyə 4 həftəyə bölünür. Qışdan yaza keçid prosesi çillədənçıxma, dərd-bəladan qurtulma, çətinlikdən xilasolma həmin müddət ərzində baş verir. Bu çərşənbələrin hər birini təbiətin dörd əsas qüvvəsi olan su, od, hava və torpaqla mənalandırıblar. Xalq ilin axır çərşənbələrini ayrı-ayrılıqda təntənə ilə qeyd etmişdir.
Dörd çərşənbənin ilki su çərşənbəsi adlanır. Əski inanclara görə su sağlamlığın, təmizliyin rəmzi idi. Su çərşənbəsindən sonra gələn od çərşənbəsi dünyanın xeyirxah qüvvələrinin başlanğıcı, himayəçisi sayılırdı.
Od çərşənbəsi əski görüşlərlə bağlı olub, Günəşə, oda tapınma ilə əlaqədar yaranmışdır. Qədim azərbaycanlılar Günəşi, odu-ocağı həyat verən ilahi qüvvə sayıb, ona sitayiş ediblər.
Boz ayın dörd çərşənbəsindən üçüncüsü yel çərşənbəsidir. Ona xalq arasında külək (yel) çərşənbəsi də deyilir. Əski etiqadlara görə bu çərşənbədə yel, külək aləmi dolaşar, oyanmış suyu,odu hərəkətə gətirər, yatmış torpağı qızdırar, donmuşları oyadar, yerin ağrı-acılarını silib-süpürüb aparardı.Boz ayın dördüncü çərşənbəsi torpaq çərşənbəsi adlanır.
Xalq arasında ilaxır çərşənbə, yel çərşənbəsi kimi də tanınır. Bu çərşənbə torpağın isinib oyanması rəmzidir. Əski inanclara görə, təbiətdə bütün mövcud olanlar üçün özül sayılan dörd qüvvədən sonuncusunun (torpağın)oyanması ilə sel, yel, atəş və torpaq daha böyük güc alır, təbiətin donunu dəyişir, adamları qıtlıqdan, çətinlik və sıxıntıdan qurtarır. Xalq ilin axır çərşənbəsini həmişə böyük şənliklərlə, çal-çağır, oyun və əyləncə xarakterli mərasimlərlə qeyd etmişdir. Tədqiqatçılar çərşənbələrdə tonqal qalanması, göyə üskü, lopa atılması, bayram süfrəsi düzəldilməsi adətlərini əski mifik dünya görüşü ilə bağlayırlar. İşığın, Günəşin gücünə tapmaq qədim insan odun-alovun köməyi ilə yad-yabançı ruhları, pis-şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdılar. Etnoqrafik məlumatların ədəbi qaynaqlarla qarşılıqlı müqayisəsi tonqal qalayaraq üstündən tullanmaq adətinin türk xalqları üçün səciyyəvi olduğunu göstərir. Eyni zamanda Novruz bayramının təbiət-insan qarşılaşmasının ritual və bayramlaşma əlamətləri sırasına , səməni cücərtmək, Kosa-keçi tamaşaları, günəşi çağırış, tonqal qalamaq, qodu ilə qapıları döymək, umu-küsülüyə son qoymaq, dünyadan köçmüşləri yad etmək, yumurta boyamaq, yumurta döyüşdürmək, yeddi növ nemətdən xonça hazırlamaq, şəkərbura, paxlava, qoğal bişirmək, evdə, həyət-bacada təmizlik işləri görmək, ocaqda qazan qaynatmaq, papaq atmaq, bacadan xurcun sallamaq, ocağın başına toplaşmaq, qulaq falına çıxmaq kimi adətləri göstərmək olar.
Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi var. Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız onu həmişə qeyd etməyə can atıb. Novruz bayramı, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət səviyyəsində keçirilməyə başlamışdır.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.
Novruz bayramı xalqımızın əsrlər boyu qeyd etdiyi bir bayramdır. Azərbaycanda Novruz bayramı hər il yüksək təntənə ilə keçirilir. Bakıda-Dənizkənarı parkda, Sumqayıtda- Dənizkənarı parkda və bölgələrimizdə ən geniş meydanlarda, stadionlarda bu bayram böyük əzəmətlə keçirilir. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır. Xalqımız əsrlər boyu bu gözəl bayramın adətlərini qoruyub saxlaya bilmişdir və gələcək nəsillər də, çox əsrli tarixə malik olan bu əziz bayramı qoruyub saxlaya biləcəklər.
Tövsiyə edilən ədəbiyyat: