Tarixdən səhifələr

Beynəlxalq Yazıçılar günü

Dünya xalqlarının mədəniyyəti tarixən bir-birindən təcridlə deyil, əksinə, qarşılıqlı təsir dairəsində inkişaf etmiş, yüksək mənəvi dəyərlər qazanmışdır. Dünya mədəniyyətinin iki qütbü kimi səciyyələndirilən Şərq və Qərb mədəniyyətləri bir-birinə bağlılıq və təsir nəticəsində müasir sivil mərhələyə gəlib çatmış və inkişaf etmişdir. Beynəlxalq yazıçılar birliyi ideyası da bu bağlılıq və təsir nəticəsində bütün dünya ədiblərini və ədəbiyyatını birləşdirmək, qorumaq və inkişaf etdirmək naminə  ilk dəfə ingilis yazıçısı Ketrin Emmi Douson-Skott tərəfindən ifadə edilmişdir.

5 oktyabr 1921-ci ildə yaradılan və bir çox dünya yazıçılarını birləşdirən PEN - klub təşkilatı adını ingiliscə üç sözün "playwrights" (Drammaturqlar), "essayists" (Oçerk yazıçıları) və "novelists" (Roman yazıçıları) baş hərflərinin birləşməsindən götürmüşdür. PEN həm də ingiliscə qələm deməkdir. Əvvəllər PEN Birinci dünya müharibəsindən sonra London şəhərində bir neçə dost yazıçının görüşdüyü kiçik təşkilat olsada sonradan beynəlxalq təşkilata çevrildi. Bu təşkilatın yaradılmasında əsas məqsəd siyasətdən uzaq olub ifadə və fikir azadlığının təmin olunması və yazıçıların haqqlarının qorunmasına xidmət etmək idi. İlk prezidenti Nobel mükafatına layiq görülmüş Con Qolsuorsi olub. 1923-cü ildə Londonda PEN - klubun ilk beynəlxalq konqresi keçirilib. 1926-cı ildə PEN - klub cəmi 25 ölkədə mövcud olmuşdur. Hal hazırda 140-dan çox ölkədə 145 muxtar mərkəzdən ibarət klublar federasiyası olan təşkilatın hər birinin PEN mərkəzi və öz qayda-qanunları var. 1986-cı il yanvarın 12-dən 18-dək artıq PEN - klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin konqresin iştirakçıları mart ayının 3-nü «Yazıçının Ümumdünya Sülh Günü» elan edilməsi barədə qərar qəbul ediblər. Həmin vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN - mərkəzləri fəaliyyət göstərirdi.  

Beynəlxalq PEN Konqresi ildə bir dəfə keçirilir və onun 20 mindən çox üzvü var. PEN-in beynəlxalq konqreslərində üç rəsmi dildən ingilis, fransız və ispan istifadə olunur. Beynəlxalq PEN Konqresinə ev sahibliyi edən mərkəz bu üç dildə tərcümənin təmin edilməsinə cavabdehdir.

Beynəlxalq PEN-in nizamnaməsi Beynəlxalq PEN Konqreslərində təklif olunan və qəbul edilən qərarlar əsasında hazırlanıb. PEN təsdiq edir:

1. Ədəbiyyat sərhəd tanımır; Siyasi və beynəlxalq təlatümlər zamanı belə insanlar arasında ümumi məkan kimi qorunmalıdır.

2. Bütün şəraitlərdə - xüsusən də müharibədə - sənət əsərləri - geniş mənada insan irsi - milli və ya siyasi münaqişələrdən qorunmalıdır.

3. PEN üzvləri xalqlar arasında xoş niyyətli anlaşma və qarşılıqlı hörmət yaratmaq və ölkələr arası münasibəti gücləndirmək üçün həmişə öz nüfuzlarından istifadə etməlidir. Üzvlər irq, sinif və milli mənsubiyyətə əsaslanan nifrəti aradan qaldıraraq, dünyada sülh içində yaşayan insanlıq idealı üçün əllərindən gələni etməyi öhdələrinə götürməlidir.

4. PEN hər bir xalqın daxilində və bütün millətlər arasında düşüncənin maneəsiz ötürülməsi prinsipini müdafiə etməlidir. PEN üzvləri həm yaşadıqları ölkədə, həm mənsub olduqları icma daxilində, həm də dünyada ifadə azadlığının hər cür boğulmasına qarşı çıxmağı öhdələrinə götürməlidir. PEN mətbuatın azad olmasını müdafiə edir və sülh dövründə istənilən özbaşına senzuraya qarşı çıxacağını bildirir. PEN dünyanın siyasi və iqtisadi baxımdan daha yüksək səviyyədə təşkil olunması üçün dövlətləri, hökumətləri və təşkilatları sərbəst şəkildə tənqid etməyi zəruri hesab edir. Azadlıq könüllü nizam-intizam demək olduğundan, PEN üzvləri azad mətbuat adı altında ortaya çıxan yalan nəşrlər, qəsdən saxtakarlıqlar, siyasi və şəxsi məqsədlər üçün faktların təhrif edilməsi kimi neqativlərə qarşı durmağı özlərinə borc bilirlər.

5.PEN-ə üzvlük milli, dil, irq, rəng və din ayrı-seçkiliyi olmadan bu məqsədləri mənimsəmiş bütün ixtisaslı yazıçılar, redaktorlar və tərcüməçilər üçün açıqdır. (Dünyada üzvlük ümumiyyətlə iki üzvün tövsiyəsi və dəvətilə mümkündür.)

Bir sıra ölkələrdə 3 mart sadəcə “Yazıçı günü” adlanır və bir növ daha çox fərqlənmiş ədibləri təbrik etmək və mükafatlandırmaq üçün münasib gün kimi qeyd olunur. Bu günü, bayramı keçirməkdə məqsəd  «Dördüncü hakimiyyət” in - demokratik mətbuatın mənfi aspektlərinə qarşı çıxmaq, yalan yazılara, məqsədli təhriflərə, faktların bilərəkdən saxtalaşdırılmasına, yaxud siyasi, qrup və şəxsi maraqlar naminə həqiqətin gizlədilməsinə yol verməməyə çağırmaqdır.

Beynəlxalq Pen Təşkilatı Azərbaycan Pen-klubu 1994-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, elə həmin ildən fəaliyyətə başlayıb. İlk prezidenti kinodramaturq, rejissor, Azərbaycan Respublikasının xalq yazıçısı Maksud İbrahimbəyov olmuşdur. 2011-ci ildən uzun illər Pen - Klubun vitse-prezidenti vəzifəsini daşıyan AYB (Azərbaycan Yazıçılar Birliyi) katibi, xalq yazıçısı Çingiz Abdullayev bu qurumun prezidenti seçilmişdir. Bütün dünyada fəaliyyət göstərən PEN - klubun məqsəd və vəzifələri Azərbaycanda da hədəf götürülüb. Ölkədə PEN klubun digər məqsədi Azərbaycan yazıçılarını dünya ölkələrində tanıtmaqdır. Klubun üzvləri ən istedadlı, görkəmli və fəal yazıçılardır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Xəlilzadə, Flora. Yazıçılar təşkilatının rəhbərləri / F. Xəlilzadə ; red. A. Əmrahoğlu. - Bakı : Nurlan, 2009. - 92 s.
  2. Azərbaycan Yazıçılar Birliyi - 75 = Союз Писателей Азербайджана - 75 / tərt.-müəl. N. İbrahimov, red. Ç. Abdullayev. - Bakı : Letterpress, 2009. - 264 s.
  3. Mehdiyeva, Nisbət Canməmməd qızı. Azərbaycan yaradıcılıq ittifaqlarının mədəniyyətin inkişafı sahəsində fəaliyyəti (1960-1980-ci illər): [monoqrafiya] /N. C. Mehdiyeva ; red. T. H. Musayeva. - Bakı: Mütərcim, 2014. - 310 s.
  4. Əhmədov, Teymur Əkbər oğlu. Azərbaycan yazıçıları : XX-XXI yüzillikdə: ensiklopedik məlumat kitabı / T. Ə. Əhmədov ; red. N. Qurbanova. - Təkmilləşdirilimiş IV nəşri. - Bakı : Nurlar NPM, 2011. - 1056 s.