Tarixdən səhifələr

Zaqafqaziya Sovet Sosialist Respublikalarının Federativ İttifaqı

1920-ci ilin aprelində Azərbaycanda, 1920-ci ilin noyabrında Ermənistanda və 1921-ci ilin fevralında Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Sovet Rusiyası Cənubi Qafqazın 3 sovet respublikasının bir ittifaqda birləşdirmək, sonra isə bu ittifaqı Sovet Rusiyasının tərkibinə qatmaq planlarını həyata keçirməyə başladı. 1921-ci ildə ilk olaraq Zaqafqaziya respublikaları arasında gömrük və sərhəd postlarının  aradan qaldırılması, xarici ticarət idarələrinin və dəmir yollarının birləşdirilməsi haqqında qərarlar qəbul olundu.

Zaqafqaziya respublikalarının təsərrüfat səylərinin ilkin qaydada birləşdirilməsindən sonra onların tam yaxınlaşması yolunda yeni mərhələ başladı. Əslində respublikaların dövlət-siyasi birləşməsi adı altında onların müstəqilliyinin məhdudlaşdırılmasına doğru sonrakı addım üçün zəmin yaradılırdı.

RKP MK Qafqaz bürosunun 1921-ci il noyabrın 3-də Bakıda RKP MK-nın katibi V.M.Molotovun, Azərbaycan, Gürcüstan və Ermənistan kommunist partiyaları MK üzvlərinin iştirakı ilə keçirilən plenumu Zaqafqaziya respublikalarının federasiyası haqqında Q.K.Orconikidzenin və İttifaq müqaviləsinin layihəsi haqqında Ş. Z.Eliavanın məruzələrini dinləyərək, "respublikalar arasında ilk növbədə hərbi, təsərrüfat, maliyyə işi və xarici ticarət sahəsində federativ İttifaq" bağlanması barədə qərar qəbul etdi. Zaqafqaziya respublikalarının inzibati-iqtisadi mərkəzini - İttifaq Soveti yaratmaq və İttifaq müqaviləsinin layihəsini işləyib hazırlamaq üçün komissiya təşkil etmək qərara alındı. Lakin Gürcüstanda və Azərbaycanda rəhbər işçilərin bir qrupu Zaqafqaziya respublikaları federasiyasının əleyhinə çıxırdı. Bəzi üzvlərin bu cür birləşməyə etiraz etmələrinə baxmayaraq, partiya orqanları "Azərbaycan, Gürcüstan və Ermənistan Sovet Sosialist respublikalarının İttifaq müqaviləsi layihəsini" bəyəndilər. Gürcüstanda P.Q.Mdivani başda olmaqla bir dəstə partiya xadimləri, Azərbaycanda R.Ə.Axundov və M.D.Hüseynov belə hesab edirdilər ki, federasiya yaradılmasının vaxtı çatmamışdır.

1921-ci ilin sonu və 1922-ci ilin əvvəlində Zaqafqaziya respublikalarının hamısında sovetlərə seçkilər başa çatmışdı. Sovetlər federasiya yaradılmasına tərəfdar çıxmışdılar. Zaqafqaziya kommunistlərinin 1922-ci il fevralın 18-22-də Tiflisdə keçirilən I qurultayında Zaqafqaziya kommunist təşkilatlarının vahid partiya rəhbərliyində birləşdirilməsi "bütün Zaqafqaziyanın idarə olunmasının Mərkəzin əlində cəmləşdirilməsi" məqsədini güdürdü.

Zaqafqaziya kommunist təşkilatlarının birinci qurultayı Komissiyanın təqdim etdiyi "Azərbaycan, Ermənistan və Gürcüstan SSR-in İttifaq müqaviləsi"ni, habelə, "Ali İqtisadi Şura haqqında Əsasnamə"ni təsdiq etdi.

1922-ci il martın 3-də Azərbaycan MİK-in üçüncü sessiyası federasiyanı və Zaqafqaziya respublikalarının federativ İttifaqı haqqında Əsasnaməni bəyəndi. Zaqafqaziya səlahiyyətli konfransına Azərbaycan SSR MİK-dən həlledici səslə 25 və məşvərətçi səslə 3 nəfərdən ibarət nümayəndəlik təsdiq olundu. Nümayəndəliyə S.M.Əfəndiyev, M.N.İsrafilbəyov (Qədirli), V.Q.Yeqorov, S.C.Yaqubov, N.N.Nərimanov, N.G.Poltoratski, E.İ.Rodionov, M.Ə.Şahbazov və başqaları daxil idilər.

1922-ci il martın 7-8-də AK(b)P MK-nın plenumu İttifaq hökumətinin tərkibi haqqında məsələni müzakirə edərək, onun N.N.Nərimanov, M.F.Myasnikov və Gürcüstan SSR-in bir nümayəndəsindən ibarət Rəyasət Heyətinin təsdiq olunması barədə təklifi dəstəklədi.

1922-ci il martın 11-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan MİK-ləri nümayəndələrinin Səlahiyyətli konfransı açıldı. Konfrans birillik səlahiyyət müddəti olan ali orqan idi və ildə üç dəfədən az olmayaraq çağırılmalı idi. Konfrans özünün icraçı orqanını - İttifaq Sovetini, onun üç nəfərdən ibarət (hər respublikadan bir nəfər) Rəyasət Heyətini və Ali İqtisadi Şura (AİŞ) yaratdı. Habelə AİŞ sədrinin və Zaqafqaziya dəmir yolu rəisinin namizədlərini təsdiqlədi.

1922-ci il martın 12-də Səlahiyyətli konfrans İttifaq müqaviləsini qəbul etdi və Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqını (ZSSRFİ) yaratdı. İttifaq müqaviləsində deyilirdi ki, Səlahiyyətli konfrans xalqların öz müqəddəratını təyin etmək hüququnu əsas tutaraq razılığa gələn tərəflərdən hər birinin müstəqilliyini və suverenliyini tanıyaraq, müdafiə məqsədilə və təsərrüfat quruculuğu mənafeyi naminə öz qüvvələrini birləşdirməyin zəruriliyini dərk edərək, "Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları indən belə öz aralarında sıx hərbi, siyasi və iqtisadi İttifaqa daxil olduqlarını" təsdiqlədi.

1922-ci il aprelin 28-də II Ümumazərbaycan Sovetlər qurultayı İttifaq müqaviləsini ratifikasiya etdi.

1922-ci il dekabrın 10-13-də keçirilən I Zaqafqaziya Sovetləri qurultayında Zaqafqaziya Sovet Federativ İtttifaqının Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası şəklində yenidən təşkil edilməsi qərara alındı və ZSFSR-in Konstitusiyası qəbul olundu.

1922-ci ilin dekabrın 30-da Moskvada keçirilən I Ümumittifaq Sovetlər qurultayında SSRİ-nin yaranması ilə bağlı qərar verildi və RSFSR, Ukrayna SSR, ZSFSR və Belarusiya SSR "könüllü surətdə" SSR İttifaqında birləşdilər.

Bununla da Azərbaycanın müstəqilliyinə tamam son qoyuldu. Azərbaycan SSR SSRİ-nin atributlarına uyğunlaşdırılan bir sıra dövlət atributlarını – bayraq, gerb, himn və konstitusiyanı qoruyub saxlasa da, beynəlxalq hüququn subyekti olmaq statusunu itirdi və hüquqi cəhətdən bolşevik Rusiyasının müstəmləkəsinə çevrildi.


Tövsiyə edilən ədəbiyyat:

  1. Hacıyev, Hacı. İstiqlalın əzablı yolu: Azərbaycan Demokratik Respublikası tarixinin bəzi səhifələri /H. Hacıyev; red. M. Səfərli; Azərbaycan Jurnalistlər İttifaqı. - Bakı: Azərbaycan Jurnalistlər İttifaqı, 1991. - 32 s.
  2. Азәрбајҹан тарихи : 7 ҹидддә / АМЕА А.А. Бакыханов адына Тарих Институту. - ISBN 5-8066-1256-2. VI ҹилд : Апрел 1920 - ијун 1941 / мәс’ул ред. Ҹ. Б. Гулијев [et al.]. - Бакы : Елм, 2000. - 568 с.
  3. Каземзаде, Фируз. Борьба за Закавказье: 1917-1921 / Ф. Каземзаде ; пер. А. Умаевой ; Институт Стратегических Исследований Кавказа. - Стокгольм : CA&CC Press, 2010. - 328 с.