Azərbaycan İdmanı ildən-ilə inkişaf edir və şöhrət qazanır. Buna səbəb idmanımızın inkişafinin təməl daşlarının qoyulmasında yüksək xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevdir. Hələ 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən respublikamızın digər sahələrində olduğu kimi idmanımızın maddi-texniki bazasının gücləndirilməsi yolunda böyük işlər gürmüşdür. Heydər Əliyevin idman sahəsində gördüyü işlər sırasında idman qurğularının tikintisi xüsusi yer tutur. İdman Konsert Kompleksi (indi bu kompleks Heydər Əliyev adını daşıyır), Bakı Əl Oyunları Sarayı, Respublika Velotreki, ADBTİA-NIN binası, Olimpiya Yığma Komandaları üçün təlim-məşq bazası, Suraxanı Olimpiya Kompleksi, Buzovna qəsəbəsindəki “Gənclik” stadionu, Respublika Olimpiya Mərkəzi, Azərbaycan Texniki Universitetinin İdman Sarayı, Mingəçevirdəki Kür Avarçəkmə Bazası, “Gənclik” beynəlxalq turizm mərkəzi və onun idman kompleksi, Lənkəran, Gəncə və Yevlax Uşaq Gənclər İdman Məktəbləri, Qax İdman Kompleksi, Yasamal Sağlamlıq Mərkəzi, Motodrom və digərləri.
Heydər Əliyev dövlətimizin müstəqillik illərinə rəhbərlik etdiyi dövrdə də (1993-2003) idmanımıza yüksək qayğıyla yanaşmışdır. 1994-cü il iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Respublika Gənclər və İdman Nazirliyi yaradılmışdır. 1995-ci il martın 5-də tanınmış idmançı və məşqçilərimizi “Şərəf” ordeni və “Tərəqqi” medalı ilə təltif etmiş, elə bu tarixdə İdman Fondunu yaratmışdır.
1992-ci ildə Milli Olimpiya Komitəsi yaradılmışdır. O dövrün ən mühüm hadisəsi isə 1996-cı ildə Azərbaycanın, müstəqil dövlət kimi, ilk dəfə Olimpiya Oyunlarına qatılması idi. Həmin məqsədlə 1995-ci ilin fevralında prezident H.Əliyev “1996-cı ildə Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində keçiriləcək XXVI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” sərəncam imzalamış, sərəncama əsasən, Atlanta Olimpiadasına hazırlıqla bağlı Təşkilat Komitəsi yaradılmışdır.
1993-2001-ci illər ərzində Bakıda 5 Avropa çempionatı, 4 dünya çempionatı, 3 dünya kuboku, 32 beynəlxalq yarışlar keçirilmişdir. Müstəqillik illərində Prezident Heydər Əliyev quruculuq işlərini daha da sürətləndirmiş Maştağa, Şəki, Naxçıvan, Quba, Gəncə, Bərdə, Lənkəran, Stend atıcılığı üzrə İdman Komplekslərini, Taekvando İdman Mərkəzini, Yaxt Klubu və s. tikdirmişdir.
1997-ci ildə ölkəmizin idman tarixində özünəməxsus yer tutan Azərbaycan Milli Olimpiya Komitəsinin hesabat-seçki konfransında, İlham Əliyev MOK-nin yeni rəhbəri seçildi. Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idman sahəsində həyata keçirilən dövlət siyasətində yeni mərhələyə qədəm qoydu.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da idmanın inkişafını diqqətdə saxlamışdır. Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. 2004-cü il Afina, 2008-ci il Pekin olimpiadalarında qazanılmış uğurlar, 2009-cu ildə şahmat üzrə milli komandamızın Serbiyada Avropa çempionu olması, gənc cüdoçuların Avropa çempionatında, güləşçilərimizin dünya və qitə çempionatlarında, boksçularımızın gənclər arasında dünya çempionatında uğurlu çıxışları idmançılarımızın qələbə əzmini daha da artırmış oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 yanvar 2012-ci il tarixli sərəncamı ilə 2012-ci il ölkədə “İdman ili” elan olunmuşdur. Azərbaycan idmançılarının XXX Yay Olimpiya Oyunları London-2012, hazırlığının yüksək səviyyədə təşkil və təmin edilməsi məqsədilə Prezident İlham Əliyev “XXX Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” sərəncam imzalamışdır. Bu yarışlarda Azərbaycan Olimpiya yığması 2 qızıl, 2 gümüş və 6 bürünc medalla vətənlərinə qayıtmışlar.
2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə l Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etməsi böyük tarixi hadisə olmuşdur. Birinci Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 10 000 idmançı mübarizə aparmışdır. 17 gün davam edən yarışın sonunda idmançılarımız 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə isə 56 medal qazanmaqla 50 ölkə arasında 2-ci yeri tutmağa nail olmuşlar.
Qran-pri statusuna malik Formula-1 yarışları, 1950-ci ildən başlayaraq hər il keçirilir. Azərbaycana qədər Formula-1 yarışları 20 ölkədə keçirilmiş, 2016-cı ildən etibarən bu yarışa Azərbaycan ev sahibliyi etmiş 21-ci ölkə olmuşdur. Beynəlxalq Şahmat Federasiyasının (FİDE) təşkil etdiyi 42-ci Şahmat Olimpiadası 2016-cı ildə Bakıda keçirilmişdir.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantısında İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyası Azərbaycanın “Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları”na ev sahibliyi etməsi haqqında qərar vermişdi.
2019-cu ildə isə idmançılarımız qatıldıqları beynəlxalq yarışlarda 775 medal qazanıblar ki, onlardan 271-i qızıldır.
2022-ci ildə Ağdamın “İmarət” stadionunun layihəsi işlənmiş, Ağdamın Eyvazxanbəyli kəndində qarabağ Atçılıq Kompleksinin inşasına start verilmişdir. Eyni zamanda azad edilmiş ərazilərdə bir neçə idman yarışları Şuşada Beynəlxalq idman yarışları, Suqovuşan gölündə beynəlxalq avarçəkmə, Zəngilanda triatlon üzrə yarışlar keçirilmişdir.
Azərbaycan bir sıra idman növləri üzrə qitə miqyaslı yarışlara, gimnastika üzrə dünya kuboklarına, Avropa çempionatına və UEFA Avropa Liqasının finalına uğurla ev sahibliyi etmiş, atletlərimizin beynəlxalq turnirlərdə qazandıqları parlaq qələbələr ölkəmizin idman tarixinə qızıl hərflərlə yazılmışdır.
Tövsiyə edilən ədəbiyyat: