Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.
70-80-ci illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakının teatr xadimləri ətrafında toplaşdılar. 1887-ci ildən Bakı teatr dəstəsinə Həbib bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə və N.Vəliyev başçılıq etmiş, 1888-ci ildən onlar artıq müstəqil teatr kollektivi kimi fəaliyyət göstərmişlər.
1908-ci ildə "Nicat" cəmiyyəti (cəmiyyət 1906-cı ildə yaradılmışdı) yanında Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Əbülfət Vəli kimi peşəkar aktyorları birləşdirən dram truppası yaradıldı; onun daimi qarderobu, rekviziti var idi. Truppa həftədə bir-iki dəfə Tağıyev teatrında, həm də fəhlə rayonlarında tamaşalar verirdi.
1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra Birləşmiş Dövlət Teatrı yaradıldı. Teatrda Bakıda fəaliyyət göstərən bütün truppalar və həvəskar aktyorlar birləşdi. 1918-ci ildə yandırılmış Tağıyev teatrının binası respublika hökumətinin qərarı ilə bərpa olundu. 1922-ci ildə dram truppası Birləşmiş Dövlət Teatrından ayrılaraq, müstəqil teatra çevrildi.
Bakı Azad Türk Tənqid-Təbliğ Teatrı rus (1920), azərbaycan (1921) bölmələri ilə Bakının teatr həyatında mühüm rol oynadı. Bakı Azad Tənqid-Təbliğ Teatrının rus truppası 1923-cü ildən Bakı İşçi Teatrı adı ilə fəaliyyət göstərmiş, 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı (1956-ci ildən S.Vurğun adına) adlandırılmışdır. 1925-1930-cu illərdə teatrın repertuarında çağdaş dramaturgiyaya xüsusi yer verilmişdir.
1955-1960-cı illərdə teatrda klassik və müasir mövzuda bir sıra maraqlı tamaşalar hazırlanmışdı: "Göz həkimi" (İslam Səfərli), "Əliqulu evlənir", "Yalan" (Sabit Rəhman), "Alov" (M.Hüseyn), "Kəndçi qızı", "Közərən ocaqlar" (M.İbrahimov), "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər" (İ.Əfəndiyev), "Ölülər" (C.Məmmədquluzadə) və s.
Uğurlu tamaşalar hazırlayan Azərbaycan teatrının 1974-cü ildə 100 illik yubileyi qeyd olunub, teatrın üç sənətkarı (M.Məmmədov, İ.Dağıstanlı və İ.Osmanlı) SSRİ xalq artisti adına layiq görülub.
1989-2006-cı illərdə ölkədə 10 yeni teatr yaradıldı və qısa müddətdə yaradıcılıq uğurları nəzərə alınaraq onlara dövlət teatrı statusu verildi
2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.
Prezident İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamı ilə hər il martın 10-da Azərbaycanda Milli Teatr Günü qeyd edilir.
Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.
Tövsiyə edilən ədəbiyyat: