General-mayor, şərqşünas - alim, Azərbaycan Xalq Cumhuriyyətinin DİN nazirinin müavini Məhəmməd Sadıq bəy Ağabəyzadə 1865 - ci il mart ayının 15 - də Bakı quberniyasının Göyçay şəhərində anadan olmuşdur. Əslən Salyan rayonunun məşhur Ağabəylilər nəslindəndir. Məhəmməd Sadıq bəy Ağabəyzadə orta təhsilini Bakı real məktəbində alıb. 1883 - cü ildə Bakı real məktəbini bitirdikdən sonra, həmin il təhsilini Peterburq Hərbi - Piyada və Artilleriya məktəbində davam etdirib (II Konstantinov hərbi məktəbi). 1886 - cı ildə hərbi məktəbi bitirdikdən sonra, Qafqazda Qars - Aleksandropol qalasında podporuçik (çar ordusunda hərbi rütbə) rütbəsi alaraq xidmətə başlayır. 1888 - ci ildə poruçik rütbəsinə yüksələn Ağabəyzadə 1893 - cü ildə III dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunur. 1894 - cü ildə Məhəmməd Sadıq bəyə ştabs - kapitan rütbəsi verilir. 1896 - cı ildə Rusiya Xarici İşlər Nazirliyinin Asiya departamenti nəzdindəki Sərq dilləri üzrə tədris bölməsinə daxil olur. O, burada ərəb, türk, fars və tatar dillərini, fransız ədəbiyyatını və islam hüququnu öyrənir.
1898 - ci ildə M. S. Ağabəyzadə hərbi xidmətini davam etdirmək üçün Türküstan vilayətinə göndərilir. 1899 - cu ildə kapitan rütbəsinə yüksələn Məhəmməd Sadıq bəy IV dərəcəli “Müqəddəs Vladimir” ordeni ilə təltif olunur. 1901-ci ildə Aşqabadın qəza rəisinin köməkçisi təyin edilir. Türküstanda öz vəzifə borcunu şərəflə yerinə yetirən Ağabəyzadə 1904-cü ildə podpolkovnik rütbəsinə yüksəlir. Məhəmməd Sadıq bəy burada çalışarkən xalqın məişəti, adət-ənənələrilə maraqlanır, atalar sözlərini və məsəlləri toplayaraq 1904 - cü ildə Aşqabadda Türkmən dilinin ləhcəsinə dair rus dilində 135 səhifədən ibarət dərs vəsaiti çap etdirir. Məhəmməd Sadıq bəyin türkmən dili və onun folklorunu təsvir edən bu əsəri Buxara əmiri Seyid Əhəd xan tərəfindən yüksək qiymətləndirilərək “Qızıl Ulduz” ordenilə mükafatlandırılır. Çar hökümətində etdiyi xidmətlərə görə 1908 - ci ildə polkovnik, 1913-cü ildə general rütbəsinə layiq görülən Ağabəyzadə səhhətinə görə istefa verərək həmin il Göyçaya qayıdır. 1914 - cü ildə başlanan I Dünya müharibəsi M.S.Ağabəyzadənin planlarını dəyişir və o könüllü olaraq müharibəyə gedir. Qafqaz və Ukrayna cəbhəsindəki döyüşlərdə iştirak edir. Səhhətiylə bağlı olaraq ordudan 2 il sonra tərxis olunur.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını Məhəmməd Sadıq bəy sevinclə qarşılayır. F. Xoyskinin rəhbərlik etdiyi milli hökumət general Ağabəyzadəni AXC - nin daxili işlər nazirinin müavini vəzifəsinə təyin edir. O müavin olduğu müddətdə Azərbaycan polis sisteminin hüquqi bazasının təşəkkülü və inkişafında mühüm xidmətlər göstərib. Bakıda İçərişəhərdə polis məmurları hazırlayan məktəb açır. 1920-ci il yanvar ayının 23-də Məhəmməd Sadıq bəy təqaüdə çıxır və 1920-ci ilin aprelində Batuma müəlicə almağa gedir. Azərbaycan Xalq Cumhuriyyətinin süqutu zamanı digər azərbaycan generallarının acı taleyini yaşamamaq üçün geri qayıda bilməyən Sadıq bəy, İstanbula əmisi oğlu Əli bəy Hüseynzadənin yanına gedir. Bir neçə müddət sonra İstanbulu tərk etməli olur və Parisə oradan da Fransanın cənubunda yerləşən Nitsa şəhərində ağır mühacirət həyatı yaşamalı olur.
1926-1927-ci illərdə Polşada ərəb, türk, fars dillərinə maraq artır. Əsası 1661-ci ildə qoyulmuş Yan Kazimir adına Lvov Universitetində (hazırda İvan Franko adını daşıyır) islam sivilizasiya tarixini, ərəb dillərini tədris etmək zərurəti yaranır, lakin heç bir müəllim Polşada bu məsuliyyətli işin öhdəsindən gələ bilmir. 1926-ci ildə Professor Ziqmund Smoqorjevski M.S. Ağabəyzadəni professor kimi Şərq dillərinin tədrisini demək üçün Lvov Universitetinə dəvət edir. O, burada, həm də Lvov Ticarət Akademiyasında şərq dillərini tədris etməyə başlayır və polyak, ukrayna dillərini öyrənir. Sadıq bəy Ağabəyzadə Polşalı tələbələrin avropa dillərini bilmədiyini nəzərə alaraq ilk polyak dilində türk dilinin qrammatikasına aid kitab yazır. Dərsliyin birinci hissəsi 113 səhifə, ikinci hissəsi 85 səhifədir. Bunun ardınca M. S. Ağabəyzadə (1930-cu il) polyak dilində 123 səhifədən ibarət yeni bir dərslik “Fars dilinin qrammatikası” kitabını yazır. 1934-cü ildə Məhəmməd Sadıq bəy Ağabəyzadənin polyak dilində üçüncü dərsliyi “Ərəb dilinin ibtidai qrammatikası” kitabı nəşr olunur. Ağabəyzadə Ziqmunt Smoqjevski, V.Kotviçlə birlikdə şərqşünaslıq məktəbinin təşkil edilməsində bilavasitə yaxından iştirak etmişdir. O, Lvov Universitetində 17 il dərs demişdir. Məhəmməd Sadıq bəy yüzlərlə gəncin Şərq dillərinə mükəmməl yiyələnməsində, yeni şərqşünas alimlər və tərcüməçilər nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərmişdir. Sadıq bəy Ukraynada islamşünaslıq elminin tədrisi və təbliğilə ciddi məşğul olmuş və Lvov Universitetində Şərqşünaslıq fakultəsinin əsasını qoyanlardan biri olmuşdur.
Ukraynada böyük nüfuza sahib olan Sadıq bəy Ağabəyzadə Böyük Vətən Müharibəsi zamanında alman-faşist işğalçıları tərəfindən sıxışdırılır. Hörmətli alimi evindən çıxararaq heç bir şəraiti olmayan zirzəmi tipli evdə yerləşdirirlər. 1942 - ci ilin sonunda onun sağ əli iflic olur. Bu zaman M.S. Ağabəyzadənin qayğısına sevimli tələbələri Olqa Bak və onun həyat yoldaşı, Tadeus Leviski, Severina Vilkoşinskaya, Teodozi Krulyova (tanınmış şərqşünas alimlər) qalırlar. Ağabəyzadə son sözlərini tələbəsi Tadeus Leviskiyə vəsiyyət edərək 1944-cü il noyabr ayının 9-da Ukraynanın Lvov şəhərində vəfat edib. Tadeus Leviski onu müsəlman qaydalarına uyğun şəkildə Liçakovski qəbiristanlığında dəfn edib.
Məşhur alimin məzarüstü abidəsi 2017 ildə Azərbaycanın Ukraynadakı səfirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə yenidən bərpa edilərək ucaldılıb. Məzarüstü abidə tanınmış heykəltaraş, Ukraynanın xalq rəssamı Seyfəddin Qurbanov tərəfindən hazırlanıb. Ukraynada Lvov şəhərinin küçələrindən biri Sadıq bəy Ağabəyzadənin adını daşıyır.
Vətəndən uzaqda qürbət eldə yaşasa da, Sadıq bəy Ağabəyzadə türk dillərini, islamı və Azərbaycanı hər zaman təbliğ etmiş, öz tələbələrinə sevdirmişdir. Azərbaycanın adını şərəflə qoruyan görkəmli hərbi xadim, şərqşünas – alim Məhəmməd Sadıq bəy Ağabəyzadənin məzarüstü abidəsi Ukraynada azərbaycanlılar və digər xalqlar tərəfindən hörmətlə yad edilir.
Tövsiyə edilən ədəbiyyat: