XVIII əsr Azərbaycan ədəbiyyatı tarixində erkən realizm dövrünün ən parlaq nümayəndələrindən biri olan görkəmli şair Molla Vəli Vidadi 17 mart 1709-ci ildə Şəmkir rayonu, Qarabağ bəylərbəyliyində anadan olmuşdur. Əslən Şəmkirli olan şairin atası Məhəmməd Ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından olub, şairə mükəmməl təhsil vermişdir. Elmə və təhsilə marağı olan Molla Vəli Vidadi atası öldükdən sonra ailənin yükünü öz çiyinlərinə alır. Zəhmətsevərliyi və istedadı ilə seçilən Vidadi gəncliyindən xalq arasında hörmət və nüfuz qazanmışdır. Şıxlı kəndində Əhmədağanın yanında mirzəlik etdiyinə görə, o, Molla Vəli adı ilə tanınmışdır. Vidadi Qıraqsalahlı kəndində yaşayan Molla Cəbrayılın qızı Pəri xanımla evlənmiş və bu evlilikdən iki övladları dünyaya gəlmişdir.
Vidadi məşhur şair, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqif (1717-1797), gürcü çarı II İrakli (1720-1798) və "Müştaq"təxəllüsü ilə istedadlı şeirlər yazan Şəki xanlığının hökmdarı Hüseyn (1759-1780) ilə yaxın dost idi. Məhəmməd Hüseyn Müştağın öldürülməsilə bağlı yazmış olduğu “Müsibətnamə” poeması və İraklinin oğluna söylədiyi “Mərsiyə” Azərbaycan ədəbiyyatında “tarixi mənzumə” hesab edilir. Sonradan naməlum səbəblərdən Vidadi Tiflisdə həbs olunub, bir müddət həbsdə yaşamışdır. Həbsdə olduğu müddətdə bəzi şeirlər yazmışdır ki, məşhur “Durnalar” qoşmasını da həmin dövrdə yazdığı ehtimal olunur. Bir müddət sonra həbsdən azad edilən şair, Qazaxa qayıtmış və ömrünün sonunadək orada yaşamışdır. Qazaxda sadə kəndli kimi təsərrüfat işləriylə məşğul olmuş, şerlər yazıb, külliyyatını nizama salmışdır. Vidadi bütün həyatı boyu əziz dostu Molla Pənah Vaqiflə məktublaşmış, yaşadığı dövrlə bağlı düşüncələrini onunla paylaşmışdır. Uzun ömür yaşayan şair daim yaradıcılıqla məşğul olsa da, onun əsərlərinin az bir qismi bizə gəlib çatmışdır.
Milli ədəbiyyat tarixinin dövrləşdirilməsində xüsusi rol oynayan Vidadi, ədəbiyyat tarixində “erkən realizm dövrü” nün əsasını qoyanlardan biri olmuşdur. Qüdrətli bir sənətkar kimi o, həm klassik, həm də xalq şeiri üslubunda yazdığı əsərlərini canlı xalq dilində yazmışdır. Şair əsərlərindəki sözləri öz dövrünün leksikonundan poetik fikirləri, isə klassik poeziyanın divan ədəbiyyatından götürmüşdür. Vidadidə Füzuli şeirinin dərinliyi sənətkarlıq xüsusiyyətləri olduğu kimi, yaxın dostu Vaqifin xalq şeiri üslubunda yazdığı şeirlərindəki sadəlik və aydınlıq özünü göstərir.
Vidadinin irsi F.Köçərli, H.Araslı, A.Dadaşzadə, Məmməd Arif kimi ədəbiyyatşünüslar tərəfindən tədqiq edilmişdir. Yüksək humanizmi, əxlaqi dəyərləri, şəxsi ləyaqət və mənəvi saflığı tərənnüm edən bu əsərlər poeziya tariximizdə layiqli yer tutmuşdur. Molla Vəli Vidadinin əsərləri Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə kütləvi tirajla çap edilmişdir. Vidadi 1809 - cu ildə Şıxlı kəndində vəfat etmişdir.
Tövsiyə edilən ədəbiyyat: