Daxili Qoşunların ölkəmizdə fəaliyyəti başqa adlar və fərqli xidmət məramları ilə əvvəlki dövrlərdə də mövcud olmuşdur. Daxili Qoşunların təyinatına uyğun olan vəzifələri yerinə yetirmiş hərbi qurum ilk dəfə Xalq Cümhuriyyəti dövründə yaradılmışdır. Parlamentin müvafiq qərarına uyğun olaraq, əhalini hərbi işlə tanış etmək, yaşayış məntəqələrində asayişin mühafizəsi məqsədilə 1919-cu il iyunun 1-dən etibarən könüllü əsgərlərdən ibarət dəstə formalaşdırılmışdır. 1920-ci il martın 27-də isə Xalq Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsinin qərarı əsasında Bakı təşkilatının Yardım alayının könüllü dəstələri Daxili İşlər Nazirliyinin sərəncamına verilmişdir.
Sovet dövründə də ictimai təhlükəsizliyin qorunması və xüsusi tapşırıqların yerinə yetirilməsi məqsədilə DİN-in tərkibində hərbi statuslu qurum kimi Daxili Qoşunlar mövcud olmuşdur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Daxili Qoşunların yaradılmasına başlanıldı. SSRİ DİN-in Daxili Qoşunlarının o vaxt Bakı, Sumqayıt və Gəncədə yerləşmiş hərbi hissələrinin bazasında müstəqil dövlətimizə məxsus yeni hərbi hissələrin yaradılması hərbi quruculuq baxımından mühüm hadisə idi. Daxili Qoşunların hərbi hissələrinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularla komplektləşdirilməsi üçün çağırışçıların seçimi aparılmış, onlar qoşunların sıralarına göndərilmişdir. 1995-ci il martın 9-da Ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün – martın 12-si Daxili Qoşunlar Günü elan olunmuşdur. Bu gün heç də təsədufi seçilməmişdir 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlamışlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşmuş, döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olmuşdular. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyən edilmişdir. Bu döyüşdə 680 nəfər şəhid olmuş, 1177 nəfər yaralanmış, 5 nəfər itkin düşmuşdur. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşlər.
Heydər Əliyev daxili işlər orqanlarının, o cümlədən Daxili Qoşunların xidməti fəaliyyətini həmişə xüsusi diqqət mərkəzində saxlamışdır. Ulu Öndər “Dövlət quruculuğu prosesində Daxili Qoşunların düzgün istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir” - deməklə, bu xidmətin, ümumilikdə, dövlət həyatında necə mühüm rol oynadığını aydın göstərmişdir. Qoşunların formalaşmasında da Ümummilli Liderimizin misilsiz tarixi xidmətləri olmuşdur.
2003-cü ildən Daxili Qoşunların inkişafında yeni mərhələ başlamışdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkənin daxili işlər orqanlarının ayrılmaz hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərmiş, Daxili Qoşunların hərbi hissələrində əsgər və qulluqçular üçün yaradılan şəraitlə mütəmadi tanış olmuş, onların döyüş hazırlığı ilə maraqlanmışdır. Bölgələrdə yaradılan Daxili Qoşunların yeni hərbi hissələrinin təminatı da Prezident İlham Əliyevin diqqətindədir. Maddi-texniki bazanın yenilənməsi, beynəlxalq hərbi əməkdaşlıq əlaqələrinin qurulması, Daxili Qoşunların döyüş hazırlığına, hərtərəfli təchizatına, müasir silah-sursatına, texnikasına görə Avropanın qabaqcıl ölkələrinin müvafiq qurumları ilə müqayisə edilə bilən səviyyəyə yüksəlməsi Zəfərin əldə olunmasında vacib şərtlərdən biri olmuşdur. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı altında Silahlı Qüvvələrimizin tərkibində Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində möhtəşəm qələbə qazanmışlar. Ön cəbhənin bütün istiqamətlərində Daxili Qoşunların şəxsi heyəti, düşmənə qarşı igidliklə vuruşaraq, torpaqlarımızın azad olunması uğrundakı mübarizədə, yüksək vətənpərvərlik, peşəkarlıq və müasir döyüşaparma qabiliyyəti nümayiş etdirərək, “dəmir yumruq”la erməni işğalçılarının başını əzmişlər. Göstərdikləri qəhrəmanlıq nümunəsinə görə Daxili Qoşunların 4 nəfər hərbi qulluqçusu “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edilmişdir. 39 nəfər “Zəfər”, “Qarabağ”, “Azərbaycan bayrağı”, “Rəşadət” ordeni ilə mükafatlandırılmış, yüzlərlə hərbi qulluqçu, ümumilikdə, 1833 medala layiq görülmüşlər. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti polis əməkdaşları ilə birgə işğaldan azad olunmuş Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Xocavənd, Xocalı, Tərtər rayonlarının, eləcə də Şuşa şəhərinin ərazilərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi, terror, təxribat və digər qanunazidd fəaliyyətin qarşısının alınması, giriş-çıxışın xüsusi rejiminin tətbiqi üzrə xidməti tapşırıqları yerinə yetirirlər. Bununla yanaşı, onlara Şuşa şəhərinin müdafiəsində dayanmaq həvalə olunub.
Vətən müharibəsi dövründə də, ictimai asayişin və daxili təhlükəsizliyin qorunmasında da, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində də, bütövlükdə, qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının icrasında Daxili Qoşunlar professionallığı və qətiyyəti ilə hər zaman seçilmişdir.
Xarici həmkarlara aid qabaqcıl təcrübənin öyrənilməsi, hərbi qulluqçularımızın müasir texnologiyalara, yeni texnika, silah və xüsusi vasitələrin xüsusiyyətlərinə dərindən yiyələnmələri, bilik və bacarıqlarının beynəlxalq standartlara uyğunlaşdırılması, praktiki fəaliyyətlərə hazırlıqlarının yüksəldilməsi və təlim-təhsil prosesi standartlarının təkmilləşdirilməsi Prezidentimiz Ali Baş Komandan İlham Əliyev sayəsində inkişaf etdirilir və etdirilməkdədir.
Müzəffər Komandanın qəhrəman əsgərləri Daxili Qoşunların şəxsi heyəti Prezidentə, dövlətə, xalqa məhəbbət və sədaqətətlə xidmət edirlər.
Tövsiyə edilən ədəbiyyat: