Tarixdən səhifələr

Elm günü

Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da “Elm günü” böyük qürur hissi ilə keçirilir. Dünya Elm Günü 2001-ci ildə YUNESKO-nun qərarı ilə təsis edilib. YUNESKO-nun baş konfransının 31-ci sessiyası 10 noyabr gününü “Sülh və inkişaf naminə dünya elm günü” elan edib. İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən bu bayram həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunur. Dünyanın əksər ölkələrində qeyd olunan bu günün məqsədi beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin inkişafına təsirini artırmaqdır.

Azərbaycanda “Elm Günü” Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si qeyd edilir.  Cəmiyyətin inkişafında elmin əhəmiyyəti nəzərə alınaraq bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi 2019-cu ildən keçirilməyə başlamışdır. Ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. Azərbaycanda müstəqil elmi-təşkilati qurumun yaradılması işinə XX əsrin əvvəllərində, 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin təşkili ilə başlanılıb. 1932-ci il dekabrın 29-da yaradılmış SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin mövcud olan elmi bazasının əsasında təşkil olunduğu üçün səmərəli şəkildə fəaliyyətə başlayıb.  Azərbaycan şöbəsində rəhbərlik etmiş tanınmış alimlər Frans Levinson – Lessinq, Ruhulla Axundov, Əhəd Yaqubov, Cəfər Kazımov, Artur Zifeldt-Simumyaqi, Heydər Hüseynov, Aleksey Klimov, Vəli Xuluflu, Yakov Kozin və başqaları konkret elm sahələri üzrə sektorlar yaradılması vəzifələrini həyata keçirib. Lakin mövcud strukturun çoxmərtəbəli tabelik prinsipləri əsasında fəaliyyət göstərməsi idarəetmədə müəyyən çətinliklər doğurduğu üçün mərkəzi təşkilatla birbaşa əlaqəli işləyən yeni qurumun yaradılması zərurəti meydana çıxıb. 1935-ci il oktyabrın 25-də akademik Frans Levinson – Lessinqin rəhbərliyi ilə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialı Azərbaycan şöbəsinin bazasında birbaşa mərkəzi elmi qurumla çalışan Azərbaycan filialı yaradılıb. Qısa müddət ərzində Azərbaycan filialında Kimya, Geologiya, Tarix, Etnoqrafiya və Arxeologiya, Botanika, Zoologiya, Energetika, Fizika və Torpaqşünaslıq sektorları təşkil olunub. Statusun artması Azərbaycan filialında elmi-tədqiqat institutlarının yaradılmasına imkan verib. Geologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, az sonra Dilçilik, Ədəbiyyat institutları, Coğrafiya İnstitutu, Neft və Kimya İnstitutu açılıb. Azərbaycan filialında olan bu instututların səmərəli fəaliyyəti, Azərbaycanda Elmlər Akademiyasının yaradılmasının mümkünlüyünü təsdiq etdiyi üçün 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunub.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərib. Müstəqil Azərbaycan dövlətinə Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilib. Akademiyanın sürətli inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Prezident Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu, 4 yanvar 2003-cü il tarixli Fərmanı isə AMEA-ya dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu, onun prezidentinə ali icra hakimiyyəti üzvü səlahiyyəti verilmişdir.

Ümummilli lider Heydər Əliyevin strategiyasını davam etdirən Prezident İlham Əliyev Azərbaycanda elmin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qəbul edərək elmin davamlı inkişafının təmin edilməsi məqsədilə müvafiq fərman və sərəncamlar imzalayıb. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası ilə bağlı görülmüş işlər bütövlükdə elmimizin inkişafına böyük təkan verib. Dövlətimizin başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanun respublikada elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

2014-cü il noyabrın 10-11-də ölkəmizdə ilk dəfə olaraq AMEA-nın təşkilatçılığı ilə Bakı Elm Festivalı keçirilib. Bu festivalda 15 mindən çox insan iştirak edib. İkinci Elm Festivalının açılış mərasimi 2016-cı il oktyabrın 31-də AMEA-nın əsas binasında təşkil olunub. Festivalların keçirilməsində əsas məqsəd yeni innovasiyaları nümayiş etdirmək, elm-təhsil-istehsalat arasında əlaqələri gücləndirmək, informasiya-kommunikasiya texnologiyaları və digər innovativ üsullar əsasında elmin təbliğinə nail olmaq, elmimizin nailiyyətlərini cəmiyyətə çatdırmaq və cəmiyyətin elmə olan marağını daha da artırmaq olub.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırıldı. AMEA ilə Elm və Təhsil Nazirliyi ölkəmizdə elm siyasətinin həyata keçirilməsiylə bağlı birgə fəaliyyət göstərməyə başladı.

Müasir dövrdə dünya ölkələrinin inkişafının uğurlu olmasının bir neçə göstəricisi var. Bunların içərisində elm və təhsil səviyyəsinin bu gün hansı inkişaf mərhələsində olması çox mühüm rol oynayır. “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, təhsil sahəsində islahatların aparılması əsas hədəflərdən biri kimi müəyyən edilib. Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində həm dövlətimiz, həm də respublikanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamları tərəfindən mühüm tədbirlər həyata keçirilir. Həmçinin elm və təhsilin inteqrasiyasının təmin edilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdəndir.

“Elm günü”nün qeyd olunması bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, çatışmazlıqları geniş şəkildə müzakirə etməyə və problemlərin həlli ətrafında birləşməyə imkan verir. Bütün elm sahəsində çalışan alimlər “Elm günü”nün ölkəmizin müasir elminin  inkişafında əhəmiyyətini və bu günün necə qürurverici olduğunu anlayaraq öz dövlətlətinin və xalqının gələcək yüksək inkişafı naminə səylə çalışır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Xəlilov, Səlahəddin Sədrəddin oğlu. Elmşünaslığa giriş / S. S. Xəlilov ; elmi red., ön sözün müəl. A. Ş. Mehdiyev. - Bakı : Azərbaycan Universiteti nəşriyyatı, 2010. - 440 s.
  2. Xəlilov, Səlahəddin Sədrəddin oğlu. Elm haqqında elm / S. S. Xəlilov ; elmi red., ön sözün müəl. R. Ə. Mehdiyev. - Bakı : Azərbaycan Universiteti nəşriyyatı, 2011. - 752 s.
  3. Məmmədova, Sevinc Məmməd qızı. Elm mədəniyyətin fenomeni kimi : monoqrafiya / S. M. Məmmədova ; elmi red. F. T. Məmmədov ; red.: S. Əhmədova, S. Seyidova. - Bakı : Nasir, 2012. - 178 s.
  4. Axundova, Mehparə Xosrov qızı. Elm xəzinəsini zənginləşdirənlər / M. X. Axundova ; red. M. Poladova. - Bakı : Elm, 2014. - 544 s.