1 Okyabr Beynəlxalq Musiqi Günüdür. Musiqi, yer üzündə min illərdir mövcud olan, bəşəriyyətin ən böyük ixtirasıdır. Bu unikal mədəniyyət dili, insanların özünüifadəsinin ayrılmaz hissəsidir, müxtəlif xalqların mədəni ənənələrini və adətlərini özündə əks etdirir.
Beynəlxalq Musiqi Günü UNESCO-nun nəzdindəki Beynəlxalq Musiqi Şurasının təşəbbüsü ilə 1973-cü ildə Lozannada təsis edilib və 15-ci Baş Assambleyanın qərarı ilə 1975-ci ildən başlayaraq bütün dünyada qeyd olunur.
Hər il oktyabrın 1-də bütün ölkələrdə gözəl musiqicilərin və incəsənət xadimlərin iştirakı ilə konsertlər keçirilir, həmin gün dünya musiqi xəzinəsinin qeyri-adi, bənzərsiz inciləri ifa edilir.
Beynəlxalq Musiqi Gününün təsis edilməsinin məqsədi müxtəlif xalqlar arasında mədəni mübadilə, yaxınlaşma və dostluq, mədəniyyətlərin qarşılıqlı zənginləşdirilməsi, fərqli icmaların estetik dəyərlərinə qarşılıqlı hörmət, sülh və dostluq ideallarının həyata keçirilməsidir, çünki musiqinin dili milliyyətindən və dil mənsubiyyətindən asılı olmayaraq hər kəs üçün sadə və başa düşüləndir.
Bəşəriyyətin musiqi ilə tanışlığı çox qədim dövrlərdən başlayıb. Afrika mağaralarında aşkar edilmiş qayaüstü rəsmlərdə əlində musiqi aləti tutmuş insanlar təsvir edilib. 2000-ci ildə isə Çin arxeoloqları 2 min illik tarixi olan musiqi alətləri muzeyini aşkara çıxarıblar.
Azərbaycanda da musiqinin tarixi çox qədimlərə gedib çıxır. Qobustandakı qavaldaş daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Qobustan qayalarında Azərbaycanın “Yallı” rəqs səhnələri təsvir olunub.
Texnologiyaların inkişaf etdiyi dövrdə musiqinin yazılması və səsləndirilməsi üçün müasir vasitələr onu daha əlçatan edir, yeni multimedia imkanları musiqiçilərin çıxışlarını daha yaxşı mediada dinləməyə və izləməyə imkan verir.
Bu gün Azərbaycan musiqisi əsl çiçəklənmə dövrünü yaşayır, onun dünya musiqi mədəniyyətində özünəməxsus yeri vardır. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr, bütövlükdə, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir
Beynəlxalq Musiqi Günündə bütün dünyada olduğu kimi Azərbaycanda da hər il oktyabrın 1-də bir çox mədəniyyət ocaqlarında, konsert zallarında, mədəniyyət evlərində, kitabxanalarda, muzeylərdə konsertlər təşkil olunur, maraqlı tədbirlər keçirilir, dünyaca məşhur sənətkarların əsərləri dinlənilir, dünya musiqi atətləri ilə tanış olunur, bəstəkarlar, ifaçılar, musiqişünaslarla yaradıcılıq görüşləri keçirilir, tematik sərgilər, maarifləndirici tədbirlər təşkil olunur.
Bütün bunlar, musiqinin bir sənət kimi fərqli icmalarda yayılmasına, insanların, və xüsusən də gənc nəslin, müxtəlif mədəni mühitlər, təbəqələr, ənənələr haqqında biliklərini genişləndirməsi məqsədinə xidmət edir.
Tövsiyə edilən ədəbiyyat: