Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təskilati, maliyyə, habelə hər hansı basqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlanndan, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlannı müdafiə etməkdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılması müstəqil Azərbaycanın 12 noyabr 1995-ci il tarixdə, ümumxalq səsverməsi - referendum yolu ilə yeni Konstitusiyasının qəbul edilməsi ilə bağlı olmuşdur. Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin səlahiyyətləri, formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiyanın 130-cu maddəsi, bütünlüklə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə, fəaliyyət istiqamətlərinə həsr edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına 7 hakim təyin olunduqda başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar. Səlahiyyət müddəti basa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz. Məhkəmənin Sədri və Sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən sonra, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 1998-ci il iyulun 14-də Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi ilə və həmin ilin iyulun 18-də Ulu Öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədi ilə imzaladığı Fərmanla Konstitusiya Məhkəməsi rəsmi olaraq fəaliyyətə başlamış oldu. Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 2002-ci il 24 avqust tarixində keçirilmiş referendumla Əsas Qanuna edilmiş əlavə və dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərini nəzərdə tutan 130-cu maddəyə V, VI və VII hissələr əlavə edilmişdir. Nəticədə konstitusiya ədalət mühakiməsi orqanına müraciət etmək hüququna malik subyektlərin dairəsi genişləndirilmişdir. Edilən əlavələrə əsasən, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), məhkəmələr və hər kəs Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ əldə etmişdir. 23 dekabr 2003-cü il tarixdə «Konstitusiya Məhkəməsi haqqında» yeni Qanun qəbul edilmişdir. Yeni qanunla Konstitusiya Məhkəməsinin səlahiyyətləri daha da genişləndirilmişdir.
Konstitusiya Məhkəməsi qanunların, qərarların və digər normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlayır. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları və ümumi məhkəmələrin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına şərh verir.
Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, «Konstitusiya Məhkəməsi haqqında» AR Qanunu, Azərbaycan Respublikasının digər qanunları və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi təşkil edir. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və aşkarlıq prinsipləri əsasında qurulur.
Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı vaxtdan beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verərək, xarici ölkələrin konstitusiya nəzarəti orqanları və bir sıra beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edir. Hazırda Konstitusiya Məhkəməsi Avropa Şurası Venesiya Komissiyasının Ədalət Mühakiməsi üzrə Birgə Şurası, Avropa Konstitusiya Məhkəmələri Konfransı, Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı, Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası, Avrasiya Konstitusiya Nəzarəti Orqanları Assosiasiyası, İslam Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı, Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının tamhüquqlu üzvüdür.
Konstitusiya Məhkəməsi beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı çərçivəsində hər il müxtəlif dövlətlərin konstitusiya nəzarəti orqanları, həmçinin beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan mötəbər tədbirlərdə iştirak edir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Əsas Qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının səmərəli müdafiəsi işinə öz töhfəsini verməkdə davam edir.
Tövsiyə edilən ədəbiyyat: