Tarixdən səhifələr

Hadrut qəsəbəsinin işğaldan azad olunması

Hadrut Qozluçayın dərəsində, Ərgünəş dağının yaxınlığında yerləşir. Qəsəbənin dəqiq salınma vaxtı məlum olmasa da, burada qədim abidilərə də rast gəlirik. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrud kəndi olaraq keçir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. 1923-cü ildə Hadrut kəndi Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verilmişdir, 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzibati mərkəzi seçilib. 1939-cu ildə həmin rayon öz mərkəzinin adına uyğun olaraq Hadrut rayonu adlandırılıb. 1963-cü ildə Hadruta şəhər tipli qəsəbə statusu verilib.

Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli qanununa əsasən DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. 2 oktyabr 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri Hadrutu işğal etmişdi.

Hadrut rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Azərbaycana ciddi ziyan dəymişdir. Bu ərazidə qədimdən yaşayan 2239 nəfər azərbaycanlı öz dədə-baba yurdlarından didərgin düşdü. Hərbi təcavüz nəticəsində Respublikamızın 679 kvadrat kilometrlik ən məhsuldar torpaqları (Hadrut ərazisi) işğal edildi.

Ermənistanın işğal etdiyi Hadrut rayonu ərazisində 1 qəsəbə, 41 kənd, 31 kənd sovetliyi, 1000-dən çox sənaye və kənd təsərrüfatı obyekti, 12 məktəbəqədər uşaq müəssisəsi, 28 ümumtəhsil müəssisəsi, 1 texniki peşə məktəbi, 1 yeddiillik məktəb, 11 mədəniyyət evi, 22 klub, 41 kitabxana, 33 kinoqurğu, 218 min kitab, 6 xəstəxana, 20 «feldşer-mama» məntəqəsi, 115 xidmət atelyesi və emalatxana, 3886 min manatlıq ictimai-iaşə xidməti müəssisəsi, 8 amblator yardım poliklinikası, 5 qadın və uşaq xəstəxanası, 6412 ədəd radioqəbuledici nöqtə, 30 gündəlik tələbat malları mağazası, 40 pərakəndə ticarət mərkəzi, 23 əmanət kassası, 8644 min manat əmanətlərdəki pul, 61 mağaza, 21 restoran, 30 bufet, 51 ictimai iaşə müəssisəsi, 1 Univermaq, 1 sənaye malları mağazası, 63 xırda satış müəssisəsi, 150 yük avtomobili, 82 kombayın, 84 ATS, 16 poçt-telefon stansiyası, 8 futbol meydançası, 45 voleybol meydançası, 1388 yerlik ambulator poliklinika, 485 yerlik 1 pansionat, 250 yerlik 1 sanatoriya, 275 yerlik istirahət evi sanatoriya-epidamologiya mərkəzi, 110 km. avtomobil yolu, 20 körpü, 5 min km su, 3 min km elektrik xətləri, spirt-şərab zavodları, üzüm emalı zavodları, yerli sənaye kombinatları, aqrar sənaye birliyi, kənd Təsərrüfatı Təmir Texniki Stansiyası, tikinti, rabitə, nəqliyyat vasitələri, ictimai-iaşə müəssisələri, xidmət emalatxanaları təcavüzün qurbanı olmuşdur.

Erməni təcavüzkarları ərazidə olan yerli radio verilişləri redaksiyasını, muzeyləri, muzey sərvətlərini, eksponatları, 22 min hektar meşə zolağını, 100 illik yaşı olan qiymətli və nadir ağacları, əhəmiyyətli və müalicəvi su mənbələrini («Gəncəsər» bulağı), qədim memarlıq abidələrini ələ keçirmiş və amansızcasına qarət etmişdir.

Xocavənd rayonu ərazisində, Salakətin kəndinin yaxınlığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid «Ritiş» qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən «Ərgünəş» qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid «Rzaqulu Bəy» türbəsi, Xocavənd kəndi yaxınlığında «Aşıqlı Qoşa» günbəzi, Böyük Tağlar kəndində «Alban» məbədi (1241-ci il), Tuğ kəndindəki «Qırmızı» məbəd adlı X əsrə aid tarixi memarlıq və incəsənət abidələri və s. var. Erməni təcavüzü nəticəsində rayonun dağıntıya məruz qalmış mədəni və dini abidələrinə nümunə olaraq Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə aid Alban kilsəsi, I-V əsrlərə aid Alban qəbiristanlıqları, Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Qaradağlı kəndinin ərazisində qeydə alınan və III-VI əsrlərə aid olan Alban qəbiristanlıqları, Əmirallar kəndi yaxınlığındakı (keçmiş Bəhrəmli kəndi ərazisində) Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi ərazisindəki Yel piri və neçə-neçə qiymətli maddi memarlıq abidələrini göstərmək olar.

Hadrut ərazisində olan qiymətli, nadir və tükənməz qranit, pirit, qalenit, qızıl, molibden, şpat, tikinti materialları və s. yataqları təcavüzkarlar tərəfindən ələ keçirilmiş və istehsal edilərək Ermənistana daşınmışdır. Hadrut rayon ərazisi bütövlükdə ekoloji terrora məruz qalmışdır. Qədim tarixə malik mağaralarımız ermənilərin silah anbarlarına çevrilmişdir. Ərazidəki «Qırmızı kitab»a düşən nadir ağaclar, təbii meşələr erməni quldurları tərəfindən məhv edilmişdir. Təcavüz nəticəsində öz doğma yurd- yuvalarından didərgin düşmüş rayon sakinləri respublikanın 40 rayon və şəhərində müvəqqəti məskunlaşmışdır.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlayan sürətli əks-hücum əməliyyatları nəticəsində ardıcıl olaraq düşmənin torpaqlarımızda qurduğu müdafiə-istehkam xətləri darmadağın edildi. Oktyabrın əvvəlindən başlayaraq Azərbaycan Ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəlmişdi. Hadrutun azad edilməsi müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başlayacaqdı.

2020-ci il oktyabrın 7-dən başlayaraq ağır artilleriya döyüşləri başladı, oktyabrın 9-də isə Azərbaycan qoşunları qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına aldılar. Beləliklə Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hərbi-strateji əhəmiyyəti baxımından Hadrutun azad edilməsi 44 günlük savaşın taleyini müəyyən etdi.

Bu gün Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində olduğu kimi, Xocavənd rayonunun Hadrut qəsəbəsində möhtəşəm bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Erməni işğalı dövründə tamamilə dağıdılmış, yerlə yeksan edilmiş qəsəbə və kəndlərimiz yenidən qurulur, bu torpaqlara həyat təkrar qayıdır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Məmmədov, Nazim Rəhbər oğlu. Azərbaycan Respublikasının Hadrut rayonunun tarixi : XX əsrin 20-90-cı illəri / N. R. Məmmədov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Avropa nəşriyyatı, 2016. - 604 s.
  2. Qasımlı, Musa Cəfər oğlu. Azərbaycan Respublikasının tarixi : 1991-2021: 2 cilddə / M. C. Qasımlı ; elmi red. İ. X. Zeynalov ; Bakı Dövlət Universiteti. - ISBN 978-9952-546-20-0. II cild: 2003-2021. - Bakı : BDU nəşriyyatı, 2021. - 520 s.
  3. Tərabiki, Əhməd Abdo. Dəmir yumruq - Qarabağ müharibəsi 2020-ci il. /Ə. A.Tərabiki. - Bakı: [s.n.], 2021. - 315 s.
  4. 44 gün anbaan... : rəsmi xronika / tərt. F. Cəfərli. - II nəşr. - Bakı : TEAS Press, 2022. - 648 s.