Tarixdən səhifələr

Azərbaycan Dövlət Bankının yaradılması (16 oktyabr 1921)

1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edərək müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan Xalq Cumhuriyyətini yaratmışdır. İlk dövrdə müstəqil respublikada Rusiya pulları, həmçinin 1918-ci ilin yanvar ayından etibarən Bakı Xalq Komissarları Sovetinin qərarı ilə Bakı şəhər idarəsi və Bakı Sovetinin şəhər təsərrüfatı tərəfindən dövriyyəyə buraxılmiş “Bakı bonları” ilə yanaşı Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxtda keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi. 1919-cu il mart ayının 7-də Azərbaycan Respublikası hökuməti Azərbaycan Dövlət Bankının (mərkəzi bankın) təşkil edilməsi haqqqında qərar qəbul etmişdir. Həmin il sentyabr ayının 16-da Azərbaycan Respublikasının parlamenti Azərbaycan Dövlət Bankının Nizamnaməsini qəbul etdi. 1919-cu il 30 sentyabr tarixdə isə Azərbaycan Dövlət Bankının təntənəli açılışı oldu və həmin gündən etibarən fəaliyyətə başladı.

“Banklar bankı” olan Azərbaycan Dövlət Bankı ölkədə mövcud olan kredit təşkilatlarının fəaliyyətinə nəzarət edirdi və pul nişanlarının emissiyasını həyata keçirirdi. Ümumiyyətlə, Demokratik Respublika dövründə Azərbaycanın pul-kredit sistemi xeyli inkişaf etmişdi. Bank təşkilatları ilə yanaşı ölkədə digər kredit institutları da fəaliyyət göstərirdi. Belə ki, 1919-cu il 1 dekabr tarixdən Azərbaycanda əmanət kassaları fəaliyyət göstərməyə başlamışdır. Əhalinin əmanətləri üzrə illik faiz dərəcəsi 3,6% idi. Eyni zamanda poçt-teleqraf təşkilatlarının bazasında fəaliyyət göstərən poçt-teleqraf kassaları da öz fəaliyyətlərini genişləndirmişdi. Mərkəzi kassalar keçmiş rus əmanət kassalarının borclarını ödəmək üzrə öhdəlik götürərək hər həftə hər kitabça üzrə əhaliyə 200 rubl ödəyirdi. Kənd təsərrüfatının kreditləşdirilməsi ilə isə ipoteka bankları, xüsusi ssuda-əmanət kassaları və ssudaəmanət ittifaqları (1919-cu il 1 oktyabr tarixdən fəaliyyət göstərirdi) məşğul olurdu.

Lakin 1920-ci il 28 aprel tarixdə bolşevik Rusiyasının Azərbaycanı istila etməsi nəticəsində dövlətin müstəqilliyi formal olaraq saxlanılsa da (Azərbaycan Sovet Sosialist Respublikası adı ilə), ölkənin mövcud pul-kredit sistemi məhv edildi. Maliyyə Komissarlığının 1920-ci il 31 may tarixli Əmri ilə Azərbaycan Dövlət Bankı Azərbaycan Xalq Bankı adlandırıldı. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 9 iyun tarixli qərarı ilə bütün banklar və digər kredit təşkilatları milliləşdirilərək Xalq Bankının tərkibinə qatıldı. Beləliklə də bank işi dövlətin müstəsna inhisarına keçdi. İnqilab Komitəsinin 1920-ci il 2 avqust tarixli qərarı ilə milliləşdirilmiş bütün kredit təşkilatlarının, o cümlədən Azərbaycan Dövlət Bankının 1920-ci il 28 aprel tarixə qədər yaranmış borcları ləğv edildi.

Azərbaycan Xalq Bankının əsas vəzifəsi kağız pulların (rublların) emissiyası idi. Maliyyə Komissarlığının tərkibində olan Xalq Bankı xalq təsərrüfatını maliyyələşdirir və smeta-büdcə işi ilə məşğul olurdu. Hərbi kommunizm siyasətinin həyata keçirildiyi vaxtda dövlət müəssisə və idarələri arasında pulsuz hesablaşmaların tətbiqi Xalq Bankının kredit əməliyyatlarına son qoydu. Xalq Bankının hesablaşma mərkəzi kimi rolu minimuma endirildi, çünki dövlət büdcəsi ilə bütün hesablaşmalar müəssisələrin smeta maliyyələşməsi qaydasında aparılır və onların gəliri büdcə hesablarına oturulurdu. Beləliklə, qısa müddət ərzində Xalq Bankının mahiyyəti tamamilə dəyişdi. O, Mərkəzi Bankdan maliyyə orqanları ilə yanaşı büdcə əməliyyatlarına xidmət göstərən orqana çevrildi. Təbiidir ki, iki paralel strukturun fəaliyyət göstərməsi məqsədəuyğun deyildi. Eyni zamanda Xalq Bankı adlı qurumun mövcudluğu bolşeviklərin o zaman qurmaq istədikləri pulsuz təsərrüfat xülyası ilə ziddiyyət təşkil edirdi. Buna görə də Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 14 avqust tarixli qərarı ilə “əvvəlki mənada dövlət kredit idarəsinə” ehtiyac olmadığı səbəbindən Azərbaycan Xalq Bankı ləğv edildi və onun olan-qalan bank əməliyyatlarını Mərkəzi Büdcə-Hesablaşma İdarəsi həyata keçirməyə başladı.

Lakin artıq 1921-ci ilin sonlarında bolşeviklər yeni iqtisadi siyasət həyata keçirmək zorunda qaldılar. Bununla əlaqədar Mərkəzi Bankın da fəaliyyətini bərpa etmək lazım idi. Azərbaycan Xalq Komissarları Şurasının 1921-ci il 16 oktyabr tarixli Qərarı ilə başda Əliağa Həsənov olmaqla Azərbaycan Dövlət Bankı yaradıldı və onun Maliyyə Komissarlığı tərəfindən hazırlanan Nizamnaməsi qəbul edildi. Fəaliyyəti ilə yanaşı ilkin adını da bərpa etmiş Dövlət Bankı Milyutinski və Baqratinski küçələrinin kəsişməsində yerləşən keçmiş Qafqaz Bankının binasında yerləşdirildi.

1922-ci il martın 12-də Azərbaycanı, Gürcüstanı və Ermənistanı özündə birləşdirən Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı (ZSFSR) təşkil olundu. 1922-ci ilin dekabrın 30-da isə ZSFSR Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə qatıldı. ZSFSR-nin İttifaq Şurasının 1923-cü il 10 yanvar tarixli Dekreti ilə Zaqafqaziya vahid pul sisteminə keçdi və beləliklə də Azərbaycan Dövlət Bankının pul emissiyası sahəsində fəaliyyətinə xitam verildi. Maraqlıdır ki, həmin dövrdə Azərbaycan Dövlət Bankını Azərbaycan Milli Bankı adlandırmaq təklif edilirdi. Lakin əhalini çaşdırmamaq üçün bu fikirdən imtina edilmişdir. Buna baxmayaraq mətbuatda Azərbaycan Dövlət Bankları tez-tez Milli Bank adlandırılırdı. Faktiki olaraq bu respublikanın formal müstəqilliyinin də tezliklə heçə endirilməsindən xəbər verirdi. Həqiqətən də Azərbaycan Xalq Komissarları Sovetinin 1923-cü il 3 iyul tarixli qərarı ilə Azərbaycan Dövlət Bankı Azərbaycan Dövlət Kənd Təsərrüfatı Bankı adlandırılmış və beləliklə də onun Mərkəzi Bank funksiyalarına xitam verilmişdir. Düzdür, ilk dövrlərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Bankı kənd təsərrüfatının inkişafına yardım etməklə yanaşı pul və əmtəə dövriyyəsi məsələlərini də tənzimləyirdi. 1923-cü ildə SSRİ Dövlət Bankının yaradılması ilə əlaqədar onun Bakı bölməsi yaradıldı. 1936-cı ilin dekabrında qəbul edilmiş SSRİ Konstitusiyasına müvafiq olaraq Azərbaycan SSRİ tərkibinə “suveren” respublika kimi daxil oldu. Həmin ildən 1991-ci ilin sonlarına kimi mövcud olmuş SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi fəaliyyət göstərmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Əliyev, Müseyib Fayaz oğlu. Bankların inkişaf istiqamətləri : monoqrafiya / M. F. Əliyev. - Bakı : Şərq-Qərb, 2011. - 120 s.
  2. Məmmədov, Zahid Fərrux oğlu. Pul, kredit, banklar, qiymətli kağızlar və valyuta / Z. F. Məmmədov, Z. Zeynalov. - Bakı : Nasir, 2005. - 198 s.
  3. Müasir bank sistemi və bankçılıq : monoqrafiya / A. M. Məhərrəmov [et al.] ; elmi red. Z. Ə. Səmədzadə. - Bakı : Təknur MMC, 2015. - 768 s.
  4. Qurbanov, Çingiz Nəbi oğlu. Sikkələr, əskinaslar, banklar : monoqrafiya / Ç. N. Qurbanov ; elmi red. Z. Ə. Səmədzadə. - Bakı : Parlaq İmzalar, 2021. - 344 s.