Tarixdən səhifələr

İrəvan qalasının süqutu

İrəvan qalası - 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın əmri ilə onun vəziri Rəvanqulu xan tərəfindən Zəngi çayının sahilində, hazırkı İrəvan şəhərinin yerində inşa edilmişdir. Səfəvilər dövlətinin sərhədlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınıb. Sonralar Rəvan sözü dialektdə İrəvan kimi işlənib.

İlk mənbələrin məlumatlarına görə, qala kvadrat formasında (790 x 850 m) idi və 7 hektar sahəni əhatə etmişdir. İkicərgəli qala divarlarının uzunluğu 4,5 km olmuşdur. Xarici divarının hündürlüyü 10,5-12 m. olan qala divarları ərazini şimal-şərq, cənub-şərq və cənub-qərb tərəfdən əhatə edirdi. Ərazinin digər tərəfi isə sıldırımlı Zəngi çayına söykənirdi. Qoşa qala divarları bir-birindən 36-42 m. aralı tikilmişdir. Həm xarici, həm də daxili müdafiə divarları kifayət qədər qalın olan qala divarlarında yarımdairəvi qüllələr vardı. Qüllələrdə atəş üçün təqribən 2450 mazğal olmuşdur. Müdafiə divarları boyunca 53 top yerləşdirilə bilirdi.

Zəngi çayının sol sahilində yerləşən İrəvan qalası XVIII əsrin sonlarında daha da möhkəmləndirilmişdi. Qala üç tərəfdən dərin xəndəklə, digər tərəfdən isə, Zəngi çayının sol sahilində sıldırımda tikilmiş 2 hündür divarla əhatə olunmuşdu. Qalanın iki qapısı vardı: şimalda – Şirvan qapısı, cənubda – Təbriz qapısı. Mühasirə zamanı sudan istifadə etmək üçün qaladan Zəngi çayına çıxış da var idi.

XIX əsrin birinci rübündə İrəvan qalasının içərisində Xan sarayı (Sərdar sarayı), hərbçilərin evləri, dükanlar və iki məscid vardı. Qalanın içərisinə 2 yerdən – Zəngi çayından və cənub-şərq tərəfdə olan Qırxbulaq çayından yeraltı yolla su çəkilmişdi. Rusiya işğalına qədər İrəvan qalasında 800 ev vardı. İrəvan qalasının ətrafında – bayır şəhərdə isə 1736 ev, 5 meydan, 8 məscid, 6 karvansara, 1670 dükan, 9 ictimai hamam, 1470 üzüm və meyvə bağı, 40 dəyirman, 6 ding vardı.

XIX əsrin əvvəllərində Cənubi Qafqazın tarixində qanlı faciələr dövrü başlandı. Regionu ələ keçirməyə çalışan Rusiya imperiyası Azərbaycan xanlıqlarına qarşı müharibələrə başladı. Çox çəkmədən Cənubi Qafqaz Rusiya imperiyasının Qacarlar İranı və Osmanlı dövlətinə qarşı apardığı qanlı müharibələr meydanına çevrildi.

Osmanlı dövləti və Qacarlar İranı ilə sərhəddə yerləşən İrəvan xanlığının ələ keçirilməsi Rusiya imperiyasının işğalçılıq planlarının mühüm tərkib hissəsi idi. Rusiyanın xarici siyasət idarələrində İran, Türkiyə və Gürcüstanla həmsərhəd olan İrəvan xanlığının işğalına xüsusi önəm verilir, “xüsusilə Tiflis-Təbriz tranzit yolunun üstündə yerləşən İrəvan qalasının alınmasının vacibliyi” qızğın müzakirə olunurdu. Rusiya imperiyası İrəvan xanlığına strateji baxımdan mühüm bir ərazi kimi yanaşmaqla yanaşı, bu Azərbaycan torpağını Gürcüstanda sakitliyin bərpa olunması, Cənubi Qafqazda İran və Türkiyənin siyasi təsir dairəsinin zəiflədilməsindən ötrü strateji bir istinadgah hesab edirdi. Məhz buna görədir ki, çar I Aleksandrın verdiyi fərmanda Rusiyaya tabe ediləcək ərazilər sırasında İrəvan xanlığının adı birinci çəkilirdi.

1804-1813-cü illərdə Azərbaycan torpaqlarının işğalı uğrunda gedən Birinci Rusiya-İran müharibəsi zamanı İrəvan qalası iki dəfə Rusiya qoşunlarının güclü hücumlarına məruz qaldı. Xanlığın əhalisi İrəvan xanı Məhəmməd Hüseyn xan Qacarın (1784-1805) başçılığı ilə vətəninin müdafiəsinə qalxdı.

Rusiya qoşunları İrəvan qalasını ala bilməsələr də, strateji əhəmiyyətə malik olan İrəvan xanlığı ərazisinin işğal olunması Rusiya hərbi dairələrinin əsas məqsədi olaraq qalırdı.

İkinci Rusiya – İran müharibəsi (1826-1828) zamanı İrəvan xanlığının işğalına xüsusi önəm verən çar I Nikolay (1825-1855) İrəvan və Sərdarabad qalalarını ələ keçirməyin hərbi-strateji əhəmiyyətini nəzərə alır, bunu tez-tez general Yermolova xatırladırdı. I Nikolay general Yermolovun dekabristlərlə əlaqəsindən şübhələndiyi üçün, çox keçmədən onu Qafqazdakı rus ordusunun baş komandanı vəzifəsindən azad etdi. 1827-ci il martın sonlarında çara sadiq olan general İ.F.Paskeviç Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edildi. Yeni baş komandan İrəvan xanlığının strateji əhəmiyyətini dərk etdiyi üçün ilk zərbəni bu xanlığa endirməyi qərara aldı.

1827-ci il sentyabrın 14-dən 20-dək Sərdərabad qalası İrəvan xanı Hüseynqulu xan Qacar və qardaşı Həsən xan Qacar tərəfindən rəşadətlə müdafiə olunsa da Rusiya işğalcı ordusu tərəfindən ələ keçirildi. Bu məğlubiyyətə baxmayaraq İrəvan xanının qoşunları işğalçılara qarşı müqavimət göstərməkdə davam edirdi. Əsas diqqət İrəvan qalasının müdafiəsinə yönəldildi. 
Sentyabrın 23-də Paskeviçin dəstəsi İrəvan qalasının 2 verstliyində düşərgə salaraq, qala divarlarından 750 sajen məsafədə yerləşən Muğanlıtəpə kurqanını tutdu.

Sərdarabadın süqutu İrəvan qalasının müdafiəsinə başçılığı öz üzərinə götürmüş Həsən xan Qacarın mübarizəsini zəiflədə bilməmişdi. Sərdarabadın mühasirəsindən çıxa bilən Həsən xan İrəvan qalasını möhkəmləndirməkdə idi.

İki hündür qülləsi olan İrəvan qalasının enli xəndəklə əhatə olunmuş divarları arxasında toplar qurulmuşdu. Qala qarnizonu 2 min əsgər və 2 min atıcıdan ibarət idi. Qaladakı ərzaq ehtiyatı yarım ilə nəzərdə tutulmuşdu.Qalada olan çoxlu barıt, mərmi və taxıl ehtiyatı qalanın müdafiəsini və qarnizonun ərzaq ehtiyacını bir neçə ay ödəyə bilərdi.

Bütün bunları nəzərə alan Paskeviç İrəvan qalasının mühasirəsinə cənub-şərq tərəfdən başlamağı qərara aldı. Artıq hər tərəfdən təcrid olunduğu üçün qalanın müdafiəsinin mümkünsüzlüyünü yəqin edən Hüseynqulu xan Qacar öz süvariləri ilə Türkiyəyə tərəf geri çəkildi. Qalanın müdafiəsinə onun qardaşı Həsən xan Qacar başçılıq etdi.

1827-ci il sentyabrın 24-də İrəvan qalasının rus qoşunları tərəfindən dördüncü mühasirəsi başlandı. Paskeviç həmin gün Muğanlıtəpədən sağa doğru batareyalar qurdu və bütün gecəni qalanın içərisini top atəşinə tutdu. Şəhəri ara vermədən 2 batareya 3 gün artilleriya atəşinə tutdu. Ağır topların atəşinə davam gətirməyən qala bürcləri dağıldı. Qala müdafiəçilərini sudan məhrum etmək məqsədilə Paskeviçin əmrilə qala divarlarının dibindəki kəhrizlər daşla dolduruldu. Eyni zamanda Paskeviç Həsən xandan qalanın təslim olunmasını tələb etdi. Lakin bu müraciətə məhəl qoymayan Həsən xan Qacar əksinə, bürcləri təmir etdirərək yeni döyüşə hazırlaşdı. Qala qarnizonu rus qoşunlarını güclü atəşə tutsa da, işğalçıların mühasirə korpusu topları şəhərə yaxınlaşdıra bildi. Növbəti təslim cavabına müsbət cavab almayan Paskeviçin əmrilə İrəvan qalasına 40 topdan 1000-dən artıq mərmi yağdırıldı. Şəhər od-alov içində yanmağa başladı.

İrəvanlılar da düşməni top atəşinə tuturdular. Lakin qaladakı ermənilərin xəyanət edərək düşmənlə əlaqəyə girməsi vəziyyəti daha da ağırlaşdırdı. Əvvəl olduğu kimi, yenə də erməni casusları Paskeviçlə əlaqə yaradıb qala müdafiəçilərinin mövqeyi, sayı, topların yerləşdirildiyi yerlər və s. barədə bütün hərbi sirləri ona çatdırırdılar.

Həmçinin qaladan bayırda olan ermənilər də İrəvan qalasının ələ keçirilməsi üçün rus qoşunlarına yardım edirdilər. Hətta erməni keşişi Nerses sentyabrın 27-28-də rus qoşunlarına təcili yardım etmək üçün Üçkilsə kəndlilərinə xüsusi çağırışla müraciət etmişdi. Bundan başqa, İrəvan qalasının müdafiəsi zamanı şəhərdəki azsaylı ermənilər rus qoşunlarına hər cür yardım göstərirdilər. Onlar qala divarlarının üstünə qalxıb papaqlarını yelləyərək təslim olduqları barədə işğalçılara işarə verdikləri halda, şəhərin azərbaycanlı əhalisi özlərinin qədim vətənlərini qəhrəmancasına müdafiə etməkdə davam edirdilər.

Sentyabrın 30-da qalanın mühasirəsi daha da daraldıldı. Toplar yeni, daha yaxın mövqelərə gətirildi. Qala divarları bütün mövqelərdən atəşə tutuldu. Həsən xanın əmrilə oktyabrın 1-nə keçən gecə qala müdafiəçiləri rus qoşunlarını yenidən güclü atəşə tutdu. Lakin bu istənilən nəticəni vermədi.

Oktyabrın 1-də qaladakı ermənilər işğalçılarla əlbir hərəkət edərək qiyam qaldırdılar və Həsən xandan qalanı təslim etməyi tələb etdilər, onlar xanın bütün səylərinə baxmayaraq qalanın şimal qapılarını rus qoşunlarının üzünə açdılar. Ermənilər həmçinin yaşadıqları dövlətə xəyanət edərək qala qapıları üzərində təslimçilik rəmzi olaraq ağ bayraq qaldırdılar.

Erməni xəyanətindən istifadə edərək qalaya daxil olan rus qoşunları ilə onun qəhrəman müdafiəçiləri arasında qanlı döyüş baş verdi. Müqavimət göstərməyin heç bir nəticə verməyəcəyini görən Həsən xan Qacar 200-dək əyanla qaladakı məscidlərin birinə çəkilərək müdafiə olunurdu. Axşama yaxın İrəvan qalası işğalçıların əlinə keçdi. Həsən xanla bərabər xüsusi tabor komandiri Qasım xan, Cəfərqulu xan Mərəndli, Əlimərdan xan Təbrizli, Aslan xan, Fətəli xan və başqaları ələ keçirildi.Bundan əlavə, qala müdafiəçilərinin 4 bayrağı, qala üzərindəki bütün toplar, silah və sursat ehtiyatı da işğalçıların əlinə keçdi. Beləliklə, 1 oktyabr 1827-ci ildə İrəvan qalası rus qoşunları tərəfindən işğal olundu.

Erməni xəyanətindən istifadə edərək İrəvan qalasını ələ keçirən və xanlığı işğal edən rus qoşunlarının baş komandanı İ. F.Paskeviç bu “qələbəyə” görə qraf titulu, 2-ci dərəcəli Georgi ordeni, 1 milyon rubl məbləğində pul mükafatı və İrəvan qalasının ələ keçirilməsinə görə “Erivanski” titulu aldı.

İrəvan qalasının alınması Sankt-Peterburqda bayram edildi və bu münasibətlə xüsusi rəsmi keçid düzənləndi. Bundan əlavə, İrəvan qalasının alınması münasibətilə xüsusi medallar təsis olundu.
İrəvan qalasının ələ keçirilməsi Rusiya imperatorunun sarayında böyük sevinclə qarşılandı. 1827-ci il noyabrın 8-də Sankt-Peterburqdakı Qış Sarayının kilsəsində İrəvan qalasının işğal edilməsi şərəfinə xüsusi dua mərasimi keçirildi. Bu mərasimdə imperator I Nikolay şəxsən iştirak etdi. Elə həmin gün İrəvanın qala darvazasının açarları və İrəvan xanlığının ələ keçirilmiş 4 bayrağı şəhərin mərkəzi küçələrindən keçirildi.

İrəvan qalasının tutulması və İrəvan xanlığının işğalı ilə Şimali Azərbaycanın bütün ərazisi Rusiya imperiyasının tərkibinə qatıldı.


Tövsiyə edilən ədəbiyyat:

  1. Qarayev, Elçin Teymur oğlu. İrəvan xanlığı : 1747-1828: monoqrafiya / E. T. Qarayev ; elmi red. Y. M. Mahmudov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Avropa nəşriyyatı, 2010. - 343 s.
  2. İrəvan xanlığı : Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi: monoqrafiya / Y. M. Mahmudov [et al.] ; elmi red. Y. M. Mahmudov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu, Regionların İnkişafı İctimai Birliyi. - Bakı : Azərbaycan nəşriyyatı, 2010. - 616 s.
  3. Əliyev, Fuad Məmmədbağır oğlu. İrəvan xanlığı / F. M. Əliyev, U. Həsənov ; red., ön sözün müəl. K. K. Şükürov, bur. məsul Ə. Güləliyev. - Təkrar nəşr. - Bakı : Şərq-Qərb, 2007. - 144 s.
  4. İrəvan xanlığının tarixi = История Иреванского ханства = History of the Irevan Khanate / tərt.-müəl. Z. Hacıyeva. - Bakı : n. y., 2013. - 105 s.
  5. Qarayev, Elçin Teymur oğlu. Azərbaycanın İrəvan bölgəsinin tarixindən : XVII yüzilliyin sonu - XIX yüzilliyin ortalarında: monoqrafiya / E. T. Qarayev ; elmi red.: C. M. Mustafayev, N. H. Həsənov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Mütərcim, 2016. - 544 s.