Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasındakı münasibətləri və ərazi-sərhəd məsələlərini aydınlaşdırmaq və dəqiqləşdirmək üçün 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-nə qədər Qars şəhərində konfrans keçirildi. Azərbaycan KP MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə Xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud ağa Şahtaxtinski Azərbaycan SSR-in konfransdakı nümayəndəsi təyin olundu. Azərbaycan hökuməti çalışırdı ki, Qarsda güclü nümayəndələrlə təmsil olunsun. Behbud Şahtaxtinskinin konfransda iştirakı faktı isə Sovet Azərbaycanı rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi. Lakin Azərbaycan Kommunist Partiyasının rəhbərliyində olan S.Danielyan, L.Mirzoyan və A.Mikoyan S.Orconikidze ilə birlikdə hələ 1921-ci ilin iyununda B.Şahtaxtinskini danışıqlardan uzaqlaşdırmağa və onu özləri üçün daha əlverişli adamla əvəz etməyə can atırdılar. Lakin N.Nərimanovun bu məsələ ilə bağlı prinsipial mövqeyi sayəsində B.Şahtaxtinski fəaliyyətini davam etdirə bildi. Qeyd etmək yerinə düşər ki, Naxçıvan SSR Xalq Komissarları Soveti Qars konfransında Naxçıvanın mənafeyini müdafiə etmək üçün Tağı Səfiyevi də oraya ezam etmişdi.
Qars konfransında danışıqlar çox gərgin və prinsipial keçmiş, tərəflər çoxlu mülahizə və təkliflərlə çıxış etmişlər. Türkiyə çalışırdı ki, hər bir respublika ilə ayrı-ayrılıqda müqavilə bağlasın. Lakin Rusiya nümayəndə heyətinin rəhbəri Y.Qanetski buna yol vermirdi. RSFSR rəhbərliyinin ona tapşırığı belə idi. Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyə və üç Cənubi Qafqaz respublikası arasında 13 oktyabr 1921-ci ildə Qars müqaviləsi imzalandı. 20 maddə və 3 əlavədən ibarət olan müqavilənin bir sıra müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə eynilik təşkil edirdi. Ümumilikdə isə bu sənəddə qeyri-bərabər hüquqlu müqavilələr, tərəflərə zorla qəbul etdirilən müqavilələr və Sevr müqaviləsi rədd edilirdi. Müqavilə Qars və Batumun ərazi məsələləri üzrə bütün müddəalar kompleksini, nəqliyyat kommunikasiyalarının fəaliyyətini və vətəndaşların azad hərəkətinin təmin edilməsi, milli və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaş hüquqları məsələsinin sarsılmazlığı kimi məsələləri əhatə edirdi. Onun xeyli hissəsi qaçqınlar probleminin nizamlanması və razılığa gələn tərəflər arasında iqtisadi, mədəni və konsulluq əlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr edilmişdi.
Müqavilənin beşinci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Burada Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması və onun muxtariyyət statusu təsbit olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri idi. Müqavilənin bu maddəsində göstərilirdi ki, “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın tərkibində muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.
Naxçıvanın ərazisi müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində müəyyən edilirdi: “(Naxçıvan ərazisi) Urmiya kəndindən (başlayır), oradan düz xətt ilə Arazdəyən stansiyasına (bu stansiya Ermənistan SSR-ə qalacaq), sonra düz xətt ilə Daşburun dağının (3142) qərbinə, oradan Daşburun dağının suayırıcısını (4108), Cəhənnəmdərəsi çayını, Bağırsaq dağının suayırıcısını (6607 və ya 6587) keçərək, “Rod.” (Bulaq) yazısının cənubundan keçmiş İrəvan və Şərur-Dərələyəz qəzalarının inzibati sərhədləri ilə gedərək 6629 yüksəkliyindən Kömürlüdağa (6839 və ya 6930), oradan 3080 yüksəkliyinə, Sayatdağa (7868), Qurdqulaq kəndinə, Həməsür dağına (8160), 8022 yüksəkliyinə, Küküdağa (10282) və (nəhayət) keçmiş Naxçıvan qəzasının şərqi inzibati sərhədində (qurtarır)”.
Beləliklə, Qars müqaviləsi Naxçıvanın statusu (Moskva müqaviləsində olduğu kimi) və tabeçiliyi məsələsini beynəlxalq müqavilə kimi tam şəkildə həll etdi. Qars müqaviləsi müddətsiz imzalanmış və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Bu müqavilə ilə Türkiyə Cümhuriyyəti Naxçıvanın qarantı funksiyasını öz üzərinə götürmüşdür. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilmiş və həmin il sentyabrın 11-dən qüvvəyə minmişdir.
Qars müqaviləsi imzalandıqdan sonra Naxçıvan bölgəsi Sovet Sosialist Respublikası elan olunmasına baxmayaraq, Ermənistan Qars müqaviləsinin bu maddəsindən müəyyən bəhanələrlə imtina etməyə cəhd göstərir, Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış edirdi. Zaqafqaziya MİK-in qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan MSSR-in ərazisinin bir qismi qanunsuz olaraq Ermənistana verilmişdir. Belə ki, 1929-cu ildə Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası, Şahbuz nahiyəsinin Ağbinə, Ağxaç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qərçıvan sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi, ümumən, 657 kvadratkilometr sahə Ermənistana verilmişdir. Sonrakı illərdə də bir sıra ərazilər Ermənistana birləşdirilmiş və Naxçıvan Muxtar Respublikasının beynəlxalq Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin, təqribən, 15 faizi keçən əsrin 20-90-cı illərində Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.
Moskva müqaviləsində muxtariyyətin əsası qoyulmuş, Qars müqaviləsində tərəflər onu təsdiq etmiş, Naxçıvan ərazisində Naxçıvan SSR yaradılmış, lakin SSRİ-nin yaranmasından sonra 16 iyun 1923-cü ildə siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrilmiş və yalnız 9 fevral 1924-cü ildə bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-də isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
Tövsiyə edilən ədəbiyyat: