Azərbaycanda müstəqillik dövrü epoxasında demokratik seçki sistemi formalaşmış, bu tarixi mərhələdə prezident, parlament və bələdiyyə seçkiləri keçirilmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixdə Azərbaycan Respublikasının prezidenti seçilməsi ölkəmizdə demokratik seçkinin əsl nümunəsi olmuşdur. Həmin seçkidə xalqın və dövlətin möhtəşəm həmrəyliyi və birliyi ölkəmizə qələbə qazandırmış, yeni tarixi epoxanın yaranmasının bünövrəsinə çevrilmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdən sonra respublikanın prezidenti vəzifəsində seçkilərdə iştirak etmək və qalib gəlmək çətin və məsuliyyətli bir işi həyata keçirmək demək idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin şərəfə nail olmağın və bu məsuliyyətli vəzifəni yüksək səviyyədə həyata keçirməyin əsl nümunələrini göstərmişdir. İlham Əliyevin 15 oktyabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizdə siyasi varisliyin təmin edilməsinə, müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasında xüsusi maddələrlə təsbit olunmuş hüquqi-demokratik dövlətçilik xəttinin uğurla davam etdirilməsinə təminat vermişdir.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə İlham Əliyevin namizədliyinin göstərilməsi xalqımız tərəfindən tam dəstəklənmişdir. Bu məsuliyyətli tarixi məqamda görkəmli dövlət xadimi Heydər Əliyev faktoru və yeni tipli lider kimi İlham Əliyevə bəslənilən böyük ümidlər bir-birini tamamlamışdır. Azərbaycanda dövlət rəhbəri üçün çox zəruri olan keyfiyyətlərə malik olmaq baxımından İlham Əliyevin çox fərqli üstünlükləri vardır. Azərbaycan siyasətçiləri arasında İlham Əliyevin əsas fərqli cəhəti və üstünlüyü onun dünyamiqyaslı görkəmli dövlət xadimi Heydər Əliyevin böyük sınaqlardan çıxmış dövlətçilik məktəbini real şəkildə keçməsi ilə əlaqədardır.
Zəngin təcrübəyə malik uzaqgörən dövlət xadimi Heydər Əliyevin həm Azərbaycan Sovet Respublikasında keçmiş şərəfli mübarizə yolundan, həm də Sovetlər İttifaqının ən yüksək idarəetmə qurumlarında: Siyasi Büroda və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindəki məsuliyyətli və keşməkeşli fəaliyyətinin dərslərindən öyrənmək baxımından İlham Əliyev geniş imkanlara malik olmuşdur. Bundan başqa, Azərbaycan Respublikasına prezident seçkisi ərəfəsində, 1 oktyabr 2003-cü il tarixdə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqına müraciətində dünya miqyaslı böyük siyasətçinin verdiyi müdrik xarakteristika İlham Əliyevin siyasi taleyində xüsusi əhəmiyyətə malik olmuşdur.
İlham Əliyevin Azərbaycanda 2003-cü ilin prezident seçkilərinə qədər keçdiyi çətin və şərəfli yol onun bu mühüm və məsuliyyətli vəzifəyə seçilməsini təmin edən mühüm amillər olmuşdur. Belə ki, 1977-1982-ci illərdə keçmiş SSRİ-də ən inkişaf etmiş ali təhsil ocaqlarından biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində yüksək təhsil alması və orada müəllim kimi dərs deməsi, dissertasiya müdafiə edərək elmi dərəcə qazanması onun aydın dövlətçilik dünyagörüşünə yiyələnməsində özünəməxsus rol oynamışdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinə 1995-2000-ci illərdə böyük bacarıqla başçılıq etməsi, bu mötəbər beynəlxalq qurumun sədrinin müavini seçilməsi İlham Əliyevin dünyada gedən ictimai-siyasi prosesləri, dövlətlərarası münasibətlərin görünən və görünməyən tərəflərini daha dərindən yaşamasına, nəticələr və qənaətlər əldə etməsinə şərait yaratmışdır.
Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidenti vəzifəsində respublikamızın əsas təbii sərvəti və mühüm maliyyə bazası olan neft gəlirlərinin daha da inkişaf etdirilməsi prosesində 1994-2003-cü illərdə yaxından iştirak etməsi də gənc siyasətçinin müstəqil dövlətin iqtisadi strategiyasının əsaslarını və perspektivlərini əyani şəkildə müşahidə etməsinə, real olaraq bu işin həyata keçirilməsinin əsas icraçılarından biri olmasına şərait yaratmışdır. Hələ 1997-ci ildən böyük təşəbbüskarlıqla həyata keçirməyə başladığı Azərbaycan Olimpiya Komitəsinin sədrliyi vəzifəsi onun ölkə həyatının bütün sahələri ilə yaxından tanış olmasına meydan açmışdır. Yeni Azərbaycan Partiyasının Sədrinin müavini kimi 1999-cu ildən və YAP Sədrinin birinci müavini olaraq 2001-ci ildən etibarən cəmiyyətin siyasi həyatında keçdiyi şərəfli yol İlham Əliyevi müstəqil dövlətin başçısı vəzifəsinə daha da yaxınlaşdırmışdır. Nəhayət, Azərbaycan Respublikasının Baş naziri vəzifəsindəki 2003-cü ilin avqust ayından etibarən səmərəli fəaliyyəti qısamüddətli bir dövrü əhatə etsə də, onun artıq yeni tipli lider olduğunu xalqa çatdırmışdır.
Oktyabrın 15 də Azərbaycan Respublikasında azad, ədalətli, şəffaf və demokratik şəraitdə prezident seçkiləri keçirildi. Bu, ölkə rəhbəri vəzifəsinə keçirilən sayca 5 ci seçki idi. Seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, 29 siyasi partiya və 67 ictimai təşkilatın birləşdiyi “Bizim Azərbaycan” blokunun namizədi İsa Qəmbər, Vahid Azərbaycan Milli Birlik Partiyasının namizədi Lalə Şövkət, Azərbaycan Milli İstiqlal Partiyası – Azərbaycan Xalq Cəbhəsi koalisiyasının namizədi Etibar Məmmədov, Ədalət Partiyasının namizədi İlyas İsmayılov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev və Vətəndaş Həmrəyliyi Partiyasının namizədi Sabir Rüstəmxanlı idi. Bərabər imkanların yaradıldığı təbliğat və təşviqat kampaniyasında hər bir namizəd öz platformasını seçicilərə geniş təqdim edirdi. Yüksək fəallıq şəraitində keçən seçkidə qeydə alınmış seçicilərin 71,5%-i səsvermədə iştirak etmişdi. Seçkini 42 min yerli və 1100 nəfərə qədər xarici müşahidəçi izləyirdi. Seçkilər Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, tanınmış ictimai siyasi və dövlət xadimi İlham Əliyevin parlaq qələbəsi ilə nəticələndi. O, seçkilərdə 1 milyon 860 min 346 nəfər seçicinin, yəni seçkidə iştirak edənlərin 76,8%-nin səsi ilə rəqibləri üzərində inamlı qələbə qazandı. Seçkilərdə ikinci yeri tutan namizəd seçicilərin 15%-nin dəstəyini qazanmış, digər namizədlər isə ümumilikdə 5% seçici səsini ala bilməmişdilər.
15 oktyabr 2003-cü il prezident seçkilərində Azərbaycan xalqı çətin sınaqlardan uğurla çıxaraq ümumxalq inamı qazanmış Heydər Əliyev yolunda və müasir tarixi epoxada yeni təfəkkürə malik liderlik qabiliyyətləri ilə cəmiyyətin önündə gedən, Avropada və Müstəqil Dövlətlər Birliyi ölkələrində kifayət qədər yaxşı tanınan, fərqli siyasətçi kimi diqqəti cəlb edən İlham Əliyevə səs vermişdir.
İlham Əliyevin prezident seçilməsi ilə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələ başlandı. Seçkilərdən sonra ölkənin qarşısında geniş üfüqlər açıldı. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.
Tövsiyə edilən ədəbiyyat: