Səməd bəy Sadıq bəy oğlu Mehmandarov 16 oktyabr 1856-cı ildə Lənkəranda anadan olmuşdur. Xalq Cümhuriyyətinin hərbi naziri, görkəmli hərbi xadim, artilleriya generalı (general-leytenantdan sonra gələn rütbə) olmuşdur. Əslən Şuşadan olan atası dövlət xidməti ilə əlaqədar olaraq Lənkəranda yaşamışdır. İlk təhsilini Bakıdakı Edadiyə məktəbində almış, 1873-cü ildə Peterburqdakı 2-ci Konstantin hərbi məktəbinə daxil olmuşdur. 1875-ci ildə Mehmandarov praporşik rütbəsi (ilkin zabit rütbəsi) alaraq, 1-ci Türküstan topçu briqadasına göndərilmişdir. Sonralar 2-ci və 38-ci topçu briqadalarında xidmət keçən Mehmandarov 1894-cü ildə Varşava hərbi dairəsinə göndərilmiş, 1898-ci ildə isə Əlahiddə Zabaykalye hərbi divizionuna dəyişilmişdir. Həmin divizion Çində 1900-1901-ci illərdə baş vermiş antiimperialist üsyanının qarşısının alınmasında iştirak etsə də, çar generalların təkidli tələbinə baxmayaraq, o silahsız xalq kütlələrinə qarşı atəş açmağı zabit şərəfindən kənar sayaraq, boyun qaçırmışdır.
XİX əsrin sonlarında Mehmandarov xalqın maariflənməsini son dərəcə vacib sayırdı və vətəndən uzaqlaşmasına baxmayaraq, dövri mətbuat orqanlarında bir sıra yazılar çap etdirmişdir. Onun ictimai narahatlığını əks etdirən "Müsəlmanların geriliyinin səbəbləri ", "İbtidai qiraət dərsləri", "Müsəlman mühafizəkarlığı əleyhinə", "Şiələrin dini şəbihləri", "Müsəlmanların öz-özlərinə işgəncə vermələri haqqında" və s. məqalələri Tiflisdə nəşr olunan "Novoye obozreniye" qəzetinin səhifələrində dərc olunmuşdur.
Mehmandarov 1904-1905-ci illər Rusiya-Yaponiya müharibəsində iştirak etmiş, 7-ci Şərqi Sibir artilleriya divizionunun komandiri, eyni zamanda, Port-Arturun Şərq cəbhəsinin artilleriya rəisi olmuşdur. Müharibədə göstərdiyi şücaətlərinə görə dördüncü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edilmiş və general-mayor rütbəsinə layiq görülmüşdür. Onun təşkilatçılıq qabiliyyəti və peşəkarlığı təkcə xidməti yoldaşlarını deyil, yapon hərbçilərini də valeh etmişdir. Mehmandarov bu müharibədə həm də zabit prinsipiallığı və şərəfinə sədaqəti ilə müasirlərinin yadında qalmışdır. Rus generallarının fərsizliyi və savadsızlığı üzündən Port-Artur təslim ediləndə yapon komandanlığının tələbi ilə gələcəkdə bir daha bu dövlətə qarşı vuruşmayacağına iltizam verən zabitlər evə buraxılır, qalanları isə əsir götürülürdü. Mehmandarov da bir sıra xidmət yoldaşları ilə bərabər əsir düşməyi həqarətli azadlıqdan üstün sayaraq, yalnız 1905-ci ilin avqustunda Portsmutda (ABŞ) bağlanmış sülh müqaviləsinin şərtlərinə görə əsirlikdən qurtarmışdır. Mehmandarov Birinci dünya müharibəsinin də iştirakçısı olmuş, əvvəlcə birinci piyada diviziyasına, sonra isə 2-ci Qafqaz ordusuna komandanlıq etmiş, həmin vəzifələrdə də ona tapşırılan ən məsuliyyətli tapşırıqları uğurla yerinə yetirmişdir.
Əməliyyatların keçirilməsi zamanı nümayiş etdirdiyi yüksək komandirlik məharəti, təşkilatçılıq vərdişləri çar Rusiyası komandanlığı tərəfindən lazımınca dəyərləndirilmiş və o, hərbi akademiya təhsilinin olmamasına baxmayaraq, 1915-ci il martın 22-də tam general rütbəsinə layiq görülmüşdür.
Fevral inqilabından (1917) sonra rus ordusunun bolşevikləşməsi və ordu daxilində anarxiyanın artması ilə əlaqədar Mehmandarov istefa verərək, 1918-ci ilin payızında vətənə qayıtmışdır.
1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Hərbi Nazirliyi bərpa etmək barədə qərar qəbul edərkən Mehmandarov Cümhuriyyət ordusunda xidmətə çağırılaraq, hərbi nazirin müavini təyin edilmiş, nazirliyin və ordunun formalaşdırılması ona tapşırılmışdır. Mehmandarovun peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, başlıcası isə Azərbaycanın müstəqilliyinə sədaqəti yeni şəraitdə də tezliklə öz təsdiqini tapmış və 1918-ci il dekabrın 25-də o, hərbi nazir təyin edilmişdir.
Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti ordusu quruculuğunun memarı idi. O, hər şeydən əvvəl, bu prosesin mahiyyətini, onun dövlət quruculuğundakı yerini dəqiqliklə müəyyənləşdirdi və bütün imkanları da bu məsələlərin həllinə istiqamətləndirdi. Mehmandarov dəfələrlə bəyan etmişdi ki, Cümhuriyyət ordusu, siyasətdən kənarda qalmaqla, yalnız Azərbaycanın müstəqilliyinin keşiyində dayanmalıdır. Bu prinsipə hərbi nazir olduğu bütün müddət ərzində dönmədən riayət edən Mehmandarovun mövqeyi hakimiyyətdə təmsil olunan siyasi qüvvələr tərəfindən də yüksək qiymətləndirilmiş və bunun nəticəsi idi ki, Cümhuriyyətin mövcud olduğu dövrdə hökumətdə hərbi nazir portfeli yalnız ona tapşırılmışdır.
1918-ci il noyabrın 17-də Müttəfiq dövlətlər adından Bakıya daxil olan ingilis qoşunlarının komandanlığı Azərbaycan Xalq Cümhuriyyəti hərbi qüvvələrinin, o cümlədən Hərbi Nazirliyin Bakıdan çıxarılmasını tələb etmişdir. Bununla əlaqədar, nazirlik Gəncəyə köçürülmüş və 1919-cu ilin ortalarına kimi orada fəaliyyət göstərmişdir.
Paytaxtdan ayrı düşmək qarşıda dayanan mürəkkəb vəzifələrin həllinin operativliyinə təsir göstərsə də, Mehmandarovun işgüzarlığı, ətrafına topladığı zabitlərin və generalların iş keyfiyyətlərindən məqsədyönlü istifadə etməsi mövcud çətinliklərin həllində bir dinamiklik yaratmışdır. Kadrlarla işlərin düzgün qurulması Mehmandarovun hərbi nazir kimi uğurlu fəaliyyətini şərtləndirən başlıca amillərdən biri olmuşdur. Böyük etimad, yüksək tələbkarlıq və daimi qayğı Əlağa Şıxlinski, Məmməd bəy Sulkeviç, Həbib bəy Səlimov, İbrahim ağa Usubov, İbrahim bəy Vəkilov, Cavad bəy Şıxlinski, Əbdülhəmid bəy Qaytabaşı, Teymur bəy Novruzov və onlarca digər generalın və yüksək rütbəli milli zabitlərin təşəbbüskar fəaliyyətinə geniş meydan açdı. Zabit kadrlarının sayının artırılmasını Mehmandarov ordu quruculuğunun milli zəmin üzərində təkmilləşdirilməsinin mühüm şərti sayırdı. Məhz onun təşəbbüsü ilə Gəncə hərbi məktəbinin bazasında əvvəlcə Praporşiklər məktəbi, sonra isə Hərbiyyə məktəbi açılmışdır. Eyni zamanda, İstehkamçılar məktəbi, Hərbi dəmiryolçular məktəbi, Şuşa hərbi-feldşer məktəbi fəaliyyətə başlamışdır.
Ordu quruculuğunun milli zəmində qurulması və aparılması Mehmandarovun hərbi nazir kimi izlədiyi əsas xətt olmuşdur. Konkret tarixi şəraitdə Azərbaycanda türk və rus hərbi təcrübələrinin təsiri olmasına baxmayaraq, o, həmin təcrübələrin ən yaxşı cəhətlərindən məhz milli zəmin, şərait və ənənə əsasında istifadəsinə üstünlük vermişdir. Milli məqamları Cümhuriyyət ordusu hərbi qulluqçusunu xalqına daha da yaxınlaşdıran, vətəninə daha dərindən bağlayan dəyərlər kimi qiymətləndirən Mehmandarov orduda rəsmi dilin Azərbaycan dili olduğunu elan edərək, azərbaycanlı döyüşçülərin Qurani-Kərimin altından keçməklə, Vətənə sədaqət andı içmələrini vacib saymış, Azərbaycan dilinin öyrənilməsi üçün göstəriş vermiş, əsgərlərin marşları Azərbaycan dilində oxumasını tələb etmiş, milli və tarixi rəmzləri özündə əks etdirən döyüş bayraqlarının və geyim formalarının layihələrini təsdiqləmiş, Azərbaycan xalqının zəngin hərbi tarixinin öyrənilməsinə və hərbi qulluqçular arasında yayılmasına, hətta əsgərlərin qidalanmasında milli xörəklərin üstünlük təşkil etməsinə göstəriş vermişdir.
Mehmandarov Hərbi Nazirlikdəki fəaliyyətinin ilk günlərindən qoşunlardakı vəziyyətlə tanışlıq məqsədilə hərbi hissələrdə olmuşdur. Bunun nəticəsində aşkara çıxan fərarilik, çağırış - səfərbərlik işinin düzgün qurulmaması kimi ciddi nöqsanları aradan qaldırmaq, əhalidə orduya inam yaratmaq üçün Mehmandarov xalqa müraciət etmiş, 1919-cu il fevralın 25-də Parlamentdəki proqram xarakterli çıxışında, habelə digər əmr və yazışmalarında imkanlı şəxslərin övladlarının xidmətdən yayındırılmasını sərt tənqid etmişdir. Əhalinin hərbi xidmət yaşı çatmış bütün kateqoriyalarının orduya cəlb edilməsi üçün çağırış və səfərbərlik işinin yeni sistemi tətbiq olunmuş, bu sistemi işlək vəziyyətə gətirəcək orqanların şəbəkəsi genişləndirilmiş, fərarilərin, habelə imkanlı şəxslərin xidmətdən yayınan övladlarının xidmətə qaytarılması üçün daxili işlər orqanları ilə əlaqələr gücləndirilmişdir. Fərarilik və xidmətdən yayınmanın əsas səbəblərindən biri olan xidmət şəraitinin yaxşılaşdırılması üçün mütəmadi addımlar atılmağa başlanmışdır. Ordunun çevik və işlək strukturları və idarəetmə orqanları yaradılmış, konkret tarixi şəraitdə Azərbaycanın hərbi təhlükəsizliyinin daha səmərəli təmin edilməsi vəzifələrinə uyğun olaraq, bu struktur və idarəetmə orqanları daha da təkmilləşdirilmiş, ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması və döyüş hazırlığının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir.
Denikin qoşunlarının hücum təhlükəsinin qarşısını almaq məqsədilə Bakı ətrafında və Şimal sərhədi boyunca güclü müdafiə sisteminin yaradılması, Lənkəran bölgəsindəki separatçılığın aradan qaldırılması üçün planlaşdırılan döyüş tapşırığının icrasının təşkili, habelə 1920-ci il martın sonlarında Qarabağa erməni təcavüzünün qətiyyətlə dəf olunması və Cümhuriyyətin ərazi bütövlüyünün təmin edilməsi Mehmandarovun hərbi nazir kimi fəaliyyətinin dəyərli nəticələri olmuşdur. Həm Qarabağ istiqamətində, həm də Qazax-Tovuz bölgəsində genişlənən erməni təcavüzünün qarşısının alınması üçün ölkənin hərbi potensialını məharətlə istiqamətləndirən Mehmandarov, strateji təşəbbüsü öz əlində saxlamaqla, Azərbaycanın hərb tarixinə layiqli səhifələr yazmışdır.
Aprel işğalı (1920) ilə əlaqədar Mehmandarov vəzifəsindən istefa vermişdir. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələr onu Gəncə üsyanının təşkilində günahkar bilərək, 1920-ci il iyunun 4-də Ə. Şıxlinski ilə birlikdə həbs etmişdilər. Yalnız Nəriman Nərimanovun işə qarışmasından sonra Mehmandarov bolşevik terrorundan xilas olmuş və Ə. Şıxlinski ilə bərabər bir il Moskvada yaşamaq məcburiyyətində qalmışdır. Mehmandarov 1921-ci ilin yayında Bakıya qayıdaraq, Xalq Hərbiyyə və Bəhriyyə Komissarlığında işə düzəlmiş, 1924-1928-ci illərdə Birləşmiş Komandirlər məktəbində müəllim işləmiş, 1929-cu ildə isə təqaüdə çıxmışdır.
Səməd bəy Mehmandarov 1931-ci il fevral 12-də vəfat etmiş, Çəmbərəkənd qəbiristanlığında dəfn edilmişdir.
Tövsiyə edilən ədəbiyyat: