Tarixdən səhifələr

Xalq şairi Məmməd Araz

Azərbaycanın görkəmli şairi, tərcüməçi, publisist Məmməd İnfil oğlu İbrahimov (Məmməd Araz) 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur.

1940-cı ildə o, Şahbuz rayonunun Nursu kənd məktəbinin birinci sinfinə gedir. Məktəbdə təhsil aldığı zaman 1945-ci ildə atası İnfil kişi «xalq düşməni» adı ilə  Sibirə sürgün olunur. 1950-ci ildə Məmməd Araz Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olunur, tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. 1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunan  "Yanın, işıqlarım" şeiri ilə ədəbiyyata qədəm qoyur. İlk vaxtlarda Məmməd İbrahim adı ilə yaradıcılığa başlasada bir milləti ikiyə bölən Araz çayının sahilləri şairi çox düşündürdüyündən Araz adını təxəllüs kimi götürür.

1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb.

O, 1957-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanındakı Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsinə işə qəbul edilmişdir. Xalq yazıçısı Əli Vəliyevin qayğısı ilə ədəbi mühitdə tanınan Məmməd Araz elə  həmin ildə “Üç oğul anası” poemasını ərsəyə gətirərək Azərbaycan Yazarlar Birliyinin üzvlüyünə daxil olmuşdur.

Məmməd Araz 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarında təhsil alıb,  Bakıya qayıtdıqdan sonra «Maarif» nəşriyyatında redaktor vəzifəsinə təyin olunur. 1963-cü ildə isə  o,  Azərbaycan Dövlət Nəşriyyatında Bədii Ədəbiyyat redaksiyasının müdiri təyin edilir .

1967-ci ildə "Ulduz" jurnalında məsul katib kimi fəaliyyətə başlayan Məmməd Araz 1971-ci ildən – 1981-ci ilə qədər Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik etmiş (ictimai əsaslarla), milli şeirin  inkişafına, ədəbi  gəncliyin formalaşmasına səy göstərmişdir.

1974-cü ildə o, Yeni nəşrə başlayan «Azərbaycan təbiəti» jurnalının baş redaktorluğuna irəli çəkilmiş və ömrünün sonuna qədər orada işləmişdir.

Məmməd Arazın  "Sevgi nəğməsi", "Üç oğul atası", "Araz axır", "Mən səni taparam", "Oxucuya məktub", "Aylarım, illərim", "Dünya sənin, dünya mənim" kimi əsərləri bu gün də sevilir onlara mahnılar bəstələnib.

“Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Qanadlı qayalar”, “Aylarım, illərim” kitabları şairə şöhrət gətirib, həmçinin onun haqqında yazılmış kitablar, monoqrafiyalar, o cümlədən, şairin yaradıcılığı haqqında məlumat verən dərslik və dərs vəsaitləri çap olunmuşdur.

2003-cü ildə Məmməd Arazın “Seçilmiş əsərləri” 4 cilddə işıq üzü görmüşdür.

O, uzun illər bədii tərcümə ilə də məşğul olmuşdur. Şair muxtəlif xalqların poеziyasına xususi maraq göstərmişdir. Bunlardan N.Nеkrasov, M.Lеrmontov,  Abay, Q.Sеvcеnko,  S.Mixalkov, R.Taqor və başqalarını nümunə göstərmək olar. M.Araz istеdadlı tərcüməçi kimi dünya xalqları ədəbiyyatından 195 şеir və 5 poеma tərcümə еdərək onları “Ocaq başında” adı ilə 1988-ci ildə kitab halında çap еtdirmişdir.

Ümummilli lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət vermişdir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövürdə şair bir sıra mükafatlar və fəxri adlarla təltif olunmuşdur.

Məmməd Araz 1975-ci ildə  Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuş, 1978-ci ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

1982-ci ildə yenidən Azərbaycan SSR Ali Sovetin Rəyasət Heyətinin Fəxri fərmanı ilə  1984-cü ildə o, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş, 1991-ci ildə isə  Azərbaycan Respublikasının Xalq şairi idi.

1993-cü ildən onun adına "Məmməd Araz" mükafatı təsis olunmuşdur.

1995-ci ildə o, Müstəqil Azərbaycanın ən yüksək mükafatı olan «İstiqlal» ordeni alan ilk üç şairdən biridir.

Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bakının ən gözəl küçələrindən birinə Məmməd Arazın adı verilmişdir.

Məmməd Araz 2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.


Tövsiyə edilən ədəbiyyat:

  1. Həbibbəyli, İsa Əkbər oğlu. Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov) : tərcümeyi-hal / İ. Ə. Həbibbəyli ; elmi red. Ş. H. Alışanlı. - Bakı : Sabah, 1993. - 62 s.
  2. Yusifli, Vaqif Əziz oğlu. Məmməd Araz dünyası: [Monoqrafiya] /V. Yusifli ; elmi red. Y. Qarayev. - Bakı: Şur, 1994. - 155 s.
  3. Xəlilov, Əmirxan Məhərrəm oğlu. Məmməd Araz dühası : monoqrafiya / Ə. M. Xəlilov ; elmi red. N. Q. Cəfərov. - Bakı : Azərbaycan Universiteti nəşriyyatı, 2002. - 256 c.
  4. Eminalıyev, Eyvaz Məhəmmədəli oğlu.Məmməd Araz /E. Eminalıyev ; elmi red. K. İ. Əliyev ; rəyçi və ön sözün müəl. S. H. Qəniyev. - Bakı: Səda, 2006. - 130 s.
  5. Fətəliqızı, Gülxanım. Məmməd Arazlı günlərim : xatirələr / G. Fətəliqızı ; red. Q. Əzizxanlı. - Bakı : Zəkioğlu, 2008. - 216 s.
  6. Xəlilzadə Flora. Məmməd Araza məktub /F.Xəlılzadə; Red.: S.Kərimova.- Bakı: Araz, 2003.- 108 səh.