Hər il oktyabrın 3-ü Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir.
Bu tarix Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan Naxçıvan Sazişinin (3 oktyabr 2009-cu il) imzalanmasından etibarən qeyd edilir.
Türk Dövlətləri Təşkilatı ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır.
Təqdirəlayiq haldır ki, 2009-cu il oktyabrın 3-də Türkdilli Dövlət Başçılarının IX Zirvə görüşünə məhz ölkəmizin evsahibliyi etməsi və mühim tarixi sənədlərin imzalanması türk dövlət və xalqlarının ictimai-siyasi həyatında mühüm tarixi səhifə açdı. Bu mühüm strateji əhəmiyyətli tədbirin tarixi mədəni irsi ilə zəngin olan Naxçıvanda keçirilməsi də xüsusi əhəmiyyət daşıyırdı.
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyevin Naxçıvanda iştirak etdikləri zirvə görüşü bir sıra mühüm qərarlarla yadda qaldı. Məhz həmin toplantıda çıxış edən Prezident İlham Əliyev türkdilli dövlət rəhbərlərinin 1992-ci ildə keçirilmiş ilk zirvə görüşünü xatırladaraq ötən 17 il ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, işbirliyinin möhkəmləndirilməsində əsaslı dəyişikliklərin baş verdiyini söyləmişdi. O, həmçinin bərabərlik prinsipinə əsaslanan əlaqələrin gücləndirilməsi, iqtisadi və sosial inkişafın sürətləndirilməsi baxımından böyük irəliləyişlər olduğunu xatırlatmışdı.
Naxçıvan Zirvə toplantısında ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə təkliflərin səsləndirilməsi və görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Saziş və Naxçıvan Bəyannaməsinin imzalanması mühüm tarixi hadisə oldu. Ona görə hər il oktyabrın 3-ü Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilməkdədir.
Həmin bəyannaməyə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) kimi mühüm qurum yaradıldı ki, növbəti illərdə Şura fəaliyyəti ilə türkdilli ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verdi. Şura beynəlxalq hökumətlərarası təşkilat kimi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək məqsədilə özündə bir sıra missiyaları ehtiva edir. Bunlara:
-tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi;
-regionda və dünyada sülhün bərqərar edilməsi;
-xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi;
-beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi;
-ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi;
-ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması;
-hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;
-kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi;
-elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi;
-hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi daxildir.
TDT-in öz vəzifələrini yerinə yetirə bilməsi və qarşıya qoyulan məqsədlərə nail ola bilməsi üçün müxtəlif strukturlar formalaşdırılmışdır: Dövlət Başçıları Şurası; Xarici İşlər Nazirləri Şurası; Təcrübəli Məmurlar Şurası; Yüksək Vəzifəli Şəxslər Komitəsi; Ağsaqqallar Şurası; Ümümi Katiblik; Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY); Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA); Beynəlxalq Türk Akademiyası; Türk Mədəniyyəti və İrsi Fondu; Türk Ticarət və Sənaye Odası; Türk İş Şurası; Köçəri Mədəniyyət Mərkəzi; Türk Şurasının Budapeştdəki Nümayəndəlik Ofisi və s. Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi edən üzv ölkə növbəti zirvəyə qədər TDT-ə sədrlik edir. İndiyə kimi (2009-2023) Türk Dövlət Başçılarının 14 Zirvə toplantısı keçirilmişdir.
Naxçıvan Bəyannaməsində, həmçinin TÜRKSOY-un türk dünyasının ümumi dəyərlərinin müəyyən edilməsi, inkişafı, beynəlxalq səviyyədə yayılması və populyarlaşdırılmasında vacib rol oynaması vurğulanır və onun mədəni əlaqələrin dərinləşməsinə verdiyi töhfələr yüksək qiymətləndirilir. Naxçıvan Zirvə toplantısı həm də Prezident İlham Əliyevin TÜRKSOY Fondunun yaradılması təşəbbüsünün dəstəklənməsi ilə yadda qaldı. Fondun məqsədi dünya sivilizasiyasının inkişafına əhəmiyyətli töhfə vermiş zəngin türk mədəni irsini qorumaq, tədqiq etmək və dəstəkləməkdir. Bu qərara əsasən yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu uğurla fəaliyyət göstərir və qurumun mənzil qərargahı Bakıda yerləşir.
Azərbaycan Respublikası TDT-yə üzv qardaş dövlətlərlə ikitərəfli və çoxtərəfli tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verir və üzv dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi, regionda və onun hüdudlarından kənarda sülhün qorunub-saxlanılması, ortaq maraqları əhatə edən hərtərəfli və səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi, ticarət və sərmayələr üçün münbit şəraitin yaradılması da daxil olmaqla, təşkilatın məqsəd və məramlarına sadiqdir.
Dost və qardaş Türk Cümhuriyyətlərinin ortaq dilindən, tarixindən və mədəniyyətindən güc alaraq, TDT Avrasiya coğrafiyasında sülh, sabitlik və rifaha mühüm töhfələr vermək üçün gələcəyə doğru irəliləyir. 15 oktyabr 2019-cu ildə Bakıda keçirilən VII Zirvə görüşündə Özbəkistan təşkilatın tamhüquqlu üzvü kimi iştirak etmişdir.
TDT-nin üzv dövlətlər arasında Birgə İnvestisiya Fondunun yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma ilə prosesin sürətləndirilməsi barədə qərarı qəbul edildi.
10 aprel 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə COVID-19 ilə mübarizədə ölkələr arasında həmrəyliyi və koordinasiyanı artırmaq məqsədi ilə Türk Şurasının üzvü və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Türk Şurasının Fövqəladə Zirvəsi görüşü video konfransı şəklində keçirildi.
Azərbaycan daim türk dövlətləri ilə sıx əlaqələrə və əməkdaşlığa xüsusi əhəmiyyət vermiş, ortaq milli-mədəni tarixi, dili və dəyərləri özündə birləşdirən türk xalqları və toplumları arasında istər mədəni, istərsə də ictimai-siyasi əlaqələrin daha da möhkəmlənməsinə töhfə vermişdir.
2021-ci il 11-13 noyabrda İstanbulda keçirilən VIII Zirvə görüşü mühüm hadisələrlə yadda qaldı. Həmin vaxt təşkilatın adının “Türk Dövlətləri Təşkilatı”na (TDT) dəyişdirilməsi, Türkmənistana müşahidəçi statusunun verilməsi, “Türk dünyasına baxış – 2040” sənədinin qəbulu ilə bağlı qərarlar qəbul olunmuş, katibliyinin yeni binasının açılış mərasimi keçirilmişdi.
Bu gün Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin sayı 5 (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə), müşahidəçi dövlətlərin sayı isə 3-dür (Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti).
İstanbulda keçirilən Zirvə görüşünün ən əsas hadisəsi isə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin verilməsi olmuşdu. Prezident İlham Əliyev bu mükafata Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərinə və türk birliyinin daha da möhkəmləndirilməsindəki səylərinə görə təltif olunmuşdu.
11 noyabr 2022-ci ildə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Prezident İlham Əliyevin toxunduğu məsələrdən biri də Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızla bağlı idi. Dövlət başçısının haqlı olaraq qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2023-cü il martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.
2023-cü ilin noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Zirvə görüşünün sonunda Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi imzalandı. Daha sonra mükafatlandırma mərasimi oldu. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə türk xalqlarının inkişafında böyük xidmətlərinə görə Türk Dünyasının Ali Ordenini təqdim edildi.
2024-cü ilin İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Zirvə görüşünün açılışında Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, “Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.”
Bu gün Türk Dövlətləri Təşkilatı daha da güclənərək qarşısında duran tarixi missiyanı layiqincə yerinə yetirməkdədir. Üzv dövlətlərin hər birinin yürütdüyü siyasət bütövlükdə türk dünyasının həmrəyliyini və əməkdaşlıq əlaqələrini daha da yüksəldir. Qarşıda dayanan hədəflərə doğru qətiyyətli addımların atılması, o cümlədən Zəngəzur dəhlizinin açılması türk dünyasının qlobal mövqelərini daha da möhkəmləndirəcək.
Prezident Kitabxanasının əməkdaşları da bu sahəyə öz töhfələrini verməyə çalışmışlar. Belə ki, Türkdilli Dövlətlərin mədəni irsinin bir hissəsi olan kitab abidələrinin elektron versiyalarından ibarət “Türk xalqlarının kitab abidələri. Elektron Kitabxana” (https://turklib.preslib.az/) yaradılmışdır. Bu layihənin həyata keçirilməsində başlıca məqsəd türk xalqlarının pərakəndə halda olan kitab abidələrini vahid portalda internet istifadəçilərinə təqdim etməkdən ibarətdir. Bundan əlavə oxuculara təqdim olunan “Azərbaycan və islam dünyası” adlı elektron layihənin “Türk Dövlətləri Təşkilatı” adlı bölməsi təşkilatın strukturu, qurumları və Azərbaycanla türk dövlətlərin əməkdaşlığı haqda məlumatları ehtiva edir.
Tövsiyə edilən ədəbiyyat: