Tarixdən səhifələr

Müstəqilliyin Bərpası Günü

XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyinə qovuşmuşdur. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay sürmüşdür. 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır.

1980-ci illərin ikinci yarısında Sovet imperiyasının iqtisadi, siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət yaranmışdı. Mövcud üsul-idarənin mənəvi dayağı olan ehkamçı kommunist ideologiyası iflasa uğramışdı. Milli respublikalarda milli özünüdərk, hüquqların tapdalanmasına, sərvətlərin talan olunmasına etiraz əlamətləri güclənməkdə idi. SSRİ-nin iflası mühüm xarici səbəblərlə də şərtlənirdi.

Moskva mərkəzdənqaçma qüvvəsini zəiflətmək üçün ənənəvi "parçala, hökm sür" siyasətindən daha geniş istifadə edir, milli münaqişələri qızışdırır, xalqlar arasında qanlı nifaq salırdı. Kreml mühüm coğrafi-siyasi ərazi olan Azərbaycanı və bütün Cənubi Qafqazı əldə saxlamaq üçün uydurma "Dağlıq Qarabağ problemini" qızışdırdı. Sovet imperiyasını dağıtmaq üçün milli münaqişələr törətməyi mühüm vasitə hesab edən Qərb dövlətləri də bu işdə fəal iştirak etdilər.

1987-ci ilin oktyabrında İrəvanda "Qarabağ komitəsi" deyilən təşkilatın ilk açıq mitinqi keçirildi. Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə Mixail Qorbaçovun müşaviri Abel Aqanbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini bütün dünyaya bildirməkdən çəkinmədi. Dağlıq Qarabağ erməniləri arasında Ermənistanla birləşmək uğrunda "Miasum" (birləşmə) hərəkatı genişlənirdi.

1988-ci ilin əvvəlindən Xankəndində erməni separatçıları ardı-arası kəsilməyən kütləvi mitinqlər, nümayişlər keçirməyə başladı. İki xalq arasında milli ədavətin ilk qurbanları bu dəfə də Ermənistanda öz dədə-baba yurdunda yaşayan azərbaycanlılar oldular.

Ermənistanda azərbaycanlılara qarşı törədilən cinayətlərin SSRİ-nin rəhbərliyi tərəfindən soyuqqanlılıqla qarşılanması Dağlıq Qarabağ separatçılarının əl-qolunu daha da açdı. Moskva Azərbaycanın qanuni ərazisini ondan qoparıb Ermənistana birləşdirmək istəyən ermənilərin tələblərini öz torpaqlarını, konstitusiya hüquqlarını qorumaq üçün ayağa qalxmağa məcbur etdi.

Azərbaycan xalqının səbir kasası getdikcə tükənirdi. Etiraz dalğası gündən-günə böyüyürdü. Xalq hərəkatının kortəbii mərhələsinin ən yüksək dövrü 1988-ci il noyabrın 17-dən başlandı. Xalq başa düşdü ki, Moskvanın təyin etdiyi respublika rəhbərləri onun mənafeyini müdafiə etmir. Xalqın mənafeyini yalnız özünün hakimiyyətə gətirdiyi rəhbər müdafiə edə bilərdi.

SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycanın hüquqlarını kobud surətdə pozaraq, 1989-cu il yanvarın 12-də "Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında" qərar qəbul etdi. SSRİ Nazirlər Sovetinin 6 may 1989-cu il tarixli qərarı ilə DQMV-dəki idarə və müəssisələr Azərbaycan SSR-in tabeliyindən çıxarıldı.

Sentyabrın 15-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyası çağırıldı. Sessiya DQMV-nin ləğvi, Azərbaycan SSR Konstitusiyasına respublikanın sərhədlərinin yalnız ümumxalq referendumu yolu ilə dəyişdirilə bilməsini nəzərdə tutan dəyişikliklər haqqında qanun layihələrinin geniş müzakirəyə verilməsi haqqında qərarlar qəbul etdi. Ali Sovetin 1989-cu il sentyabrın 23-də keçirilən növbədənkənar sessiyası "Azərbaycan SSR-in suverenliyi haqqında" Konstitusiya qanunu qəbul etdi. Bu, xalqda müstəqillik qələbə əhval-ruhiyyəsini yüksəltdi.

1989-cu il iyunun 16-da Bakıda Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı keçirildi. Konfransda Cəbhənin Proqram və Nizamnaməsi qəbul olundu.

Dekabrın 31-də Araz çayı boyu 137 km Sovet-İran sərhədində həyəcanlar başladı. Sərhəd qurğuları dağıdıldı. Hər iki tərəfdən sərhədə toplaşanlar Arazı keçib görüşdülər. Yanvarın 18-də Biləsuvar və Cəlilabad rayonlarında sərhəd qurğuları dağıdıldı. Əhali cənublu qan qardaşları ilə görüşdü.

1990-cı il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti DQMV və ətraf rayonlarda fövqəladə vəziyyət elan etdi.1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. 
Bakıya və respublikanın digər yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı Bakıda və respublikanın rayonlarında 150 nəfər öldürülmüş, 744 nəfər yaralanmışdı. Şəhidlər şəhərin ən uca yerində - Dağüstü parkda dəfn edildilər.

Yanvarın 21-də fərdi təqaüddə olan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Tarixin bu məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi. Onun Bakıda qalmasına hər cür maneə törətdilər və o, doğma diyarı olan Naxçıvana getməli oldu. Heydər Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. O, müdrik, uzaqgörən siyasəti ilə xalqın azadlıq mübarizəsini istiqamətləndirdi. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin onun sədrliyi ilə keçirilən sessiyası Muxtar Respublikanın adından "Sovet Sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul etdi.

1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.

Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul etdi. Azərbaycan xalqının tarixində yeni dövr başlandı.

Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Səsvermə hüququ olanların 95 faizdən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

Azərbaycan Respublikasının müstəqilliyini dünya dövlətləri tanıdı. 1992-ci il martın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olundu, bu təşkilatın qəbul və təsdiq etdiyi bir çox mühüm beynəlxalq konvensiya və paktlara qoşuldu.

1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət himnini (musiqisi Ü.Hacıbəyov, sözləri Ə.Cavad), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli Dövlət gerbini təsdiq etdi.

Xalqın iradəsi ilə müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası 1991-1994-cü illərdə öz təlatümlü dövrünü yaşasa da, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşsə də, məhz ümummilli lider Heydər Əliyevin xilaskar missiyası sayəsində bütün çətinliklər dəf edildi və bu gün Azərbaycan dünya dövlətləri arasında öz layiqli yerini tutur.

15 oktyabr 2021-ci il tarixli “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilmişdir. Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd edilir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Qaffarov, Tahir Baqi oğlu. Azərbaycan tarixi : XX əsrin 80-90-ci illəri / T. B. Qaffarov ; elmi red. T. T. Mustafazadə. - Bakı : Mütərcim, 1997. - 141 s.
  2. Heydər Əliyevin neft strategiyası: Azərbaycanın müstəqilliyi və rifahı naminə [Mətn] : [2 hissədə] /Azərbaycan Respublikası Prezidentinin Katibliyi. - Bakı: 2001. - 478 s.
  3. Haqverdiyev, Musa Bədirxan oğlu. Müasir dövrdə ümumavropa təhlükəsizliyi və Azərbaycan: monoqrafiya : Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 20 illiyinə və Avropa Şurasına qəbulunun 10 illiyinə həsr olunur /M. B. Haqverdiyev ; elmi red. A. N. Abbasbəyli. - Bakı: Elm və təhsil, 2011. - 229 s.
  4. Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri: 1991-2016: [məqalələr toplusu] / F. Məmmədov [et al.]; red.: F. Məmmədov, C. Vəliyev, A. Məmmədov; Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi.- Bakı: Poliart MMC, 2017.- 904 s.
  5. Azərbaycan Respublikasının tarixi: 1991-2003 / AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu; layihənin rəh., elmi red. Y. M. Mahmudov, red. heyəti: A. A. Əlizadə [et al.] I cild: Heydər Əliyev dövrü.- Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016.- 704 s.
  6. Azərbaycan Respublikasının tarixi: 2003-2016 / AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu; layihənin rəh., elmi red. Y. M. Mahmudov, red. heyəti: A. A. Əlizadə [et al.] II cild: İlham Əliyev dövrü.- Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016.- 716 s.
  7. Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə: məqalələr toplusu / Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsi; ideya müəl. N. X. Məmmədov.- Bakı: Best-TMS MMC, 2016.- 645 s.
  8. Qasımov, Ramiz Asəf oğlu. Müstəqillik yollarında: liderlik missiyası / R. A. Qasımov, Z. H. İsmayıl; elmi red. İ. Hacıyev; AMEA Naxçıvan bölməsi.- Naxçıvan: Əcəmi NPB, 2016.- 216 s.
  9. Azərbaycan Milli Ensiklopediyası. Azərbaycan. Bakı:” Azərbaycan Millin Ensiklopediyası” Elmi Mərkəzi, 2007, 882 səh.
  10. Azərbaycan Respublikası 1991-2001. Bakı: XXI-YNE, 2001, 280 səh.
  11. Müstəqillik yollarında. Məqalələr toplusu. Bakı: Şərq-Qərb, 2016, 628 səh.
  12. Qocayev Əkbər. Bayramlar və tarixi günlər. Bakı, 2006, 152 səh.