1 Oktyabr - prokurorluq işçilərinin peşə bayramı günüdür. Ümummilli lider Heydər Əliyev 1998-ci il iyulun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq, hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis olunmasına dair Sərəncam imzalayıb.
Ölkəmizdə prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra dövlət quruculuğu sahəsində əsas vəzifələrdən biri müstəqil dövlətin hakimiyyət strukturlarının yaradılması və normal fəaliyyətinin təmin edilməsi idi. Milli dövlət yarandıqdan sonra prokurorluq orqanları da məhkəmə orqanları kimi ədliyyə sisteminin tərkib hissəsi olaraq Ədliyyə Nazirliyinin strukturunda fəaliyyət göstərməyə başladı.
Bu sahədə əsas vəzifələrdən biri müstəqil dövlətin hüquq-mühafizə sisteminin, o cümlədən məh-kəmə və prokurorluq orqanlarının yaradılması idi. Bütün bu məsələlərin tənzimlənməsi ilə bilavasitə Ədliyyə Nazirliyi məşğul olmalı idi.
Azərbaycan hökuməti Gəncədə fəaliyyət göstərdiyi dövrdə obyektiv səbəblərdən məhkəmə- prokurorluq sistemində köklü islahatlar aparılması istiqamətində əhəmiyyətli addımlar ata bilməmişdir Həmin dövrdə qarşıda duran əsas vəzifə ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi olan Bakı şəhərini və Bakı quberniyasının ərazisinin bolşevik-daşnak qüvvələrindən azad olunması və Azərbaycanın ərazi butovluyunun təmin edilməsi idi Bunun üçün də əsas diqqət ordu quruculuğuna yönəl¬dilmiş, bütün imkanlar bu vəzifənin yerinə yetirilməsinə səfərbər olunmuşdu.
Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhəri azad edildikdən sonra - 1918-ci il sentyabrın 26-da Ədliyyə Nazirliyi də Bakıya köçürülərək burada fəaliyyət göstərməyə başladı. Bakıya köçdükdən sonra Azərbaycan hökuməti, digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də müvafiq tədbirlər həyata keçirməyə başladı.
Ədliyyə sahəsində mövcud böhranlı vəziyyəti aradan qaldırmaq üçün Azərbaycan hökumətinin atdığı addımlar sırasında "Bakı istintaq məhkəməsinin və onun tabeliyində olan bütün müəssisələrin fəaliyyətinin bərpası haqqında" 1 oktyabr 1918-ci il tarixli qərarı mühüm yer tutur. Azərbaycan Hökumətinin 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Soveti dövründə yaradılmış bütün məhkəmə və istintaq orqanları, məhkəmə funksiyalarına malik komissiyalar ləğv edilmiş, Bakı istintaq (dairə) Məhkəməsi bütün strukturlar, o cümlədən prokuror nəzarəti ilə birgə yenidən bərpa edilmişdi. Bakı Soveti tərəfindən yaradılmış keçmiş istintaq komissiyalarının qətnamələri Bakı dairə məhkəməsinin prokurorlarına verilmiş, onlar isə bu işləri müvafiq istintaq sahələrinə göndərmişdilər.
1920-ci ilin aprel ayının 28-də xarici silahlı qüvvələrin hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna son qoyulduqdan sonra demokratik-hüquqi dəyərlərdən imtina olunaraq Cümhuriyyət dövründə yaradılmış bütün dövlət strukturları, o cümlədən prokurorluq və istintaq orqanları ləğv edildi. Əvəzində sosialist sisteminə uyğun yenilərinin təşkil edilməsinə başlanıldı və sovetləşdirilmə prosesi həyata keçirildi.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 11 iyul tarixli “Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyulub. 1936-cı ilin iyulunda Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq, birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlayıb.
Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı ilk illərdə ölkəni bürümüş daxili çəkişmələr, anarxiya və xaos dövlət quruculuğuna böyük zərbə vurub. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni dövr başlanıb. Bu dövrdə müstəqil dövlətçiliyimizin əleyhinə olan cinayətlər, görkəmli ictimai və dövlət xadimlərinə qarşı törədilən terror aktları, dövlət əmlakının mənimsənilməsi, bank-maliyyə sistemində baş vermiş ağır cinayət hadisələri, o cümlədən sadə vətəndaşlarımızın əmanətlərinin talan edilməsi kimi ağır cinayət hadisələri məhz prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarcasına istintaq edilib, təqsirkar şəxslər layiqli cəzalarını alıblar.
Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilən Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanıyıb, onun statusunu müəyyənləşdirib. Bu statusa uyğun olaraq, “Prokurorluq haqqında” 1999-cu il 7 dekabr tarixli Qanunla prokurorluğun fəaliyyətinin istiqamətləri tam müəyyənləşdirilib. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilib.
Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə prokurorluğun fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ aktlar, o cümlədən “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” qanunlar qəbul olunub, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında” Əsasnamə təsdiqlənib. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli Sərəncam Ümummilli liderin prokurorluğa və prokurorluq işçilərinə göstərdiyi daimi qayğının parlaq təzahürüdür.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti artıq bəhrəsini verir. Belə ki, Prezident İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi milli prokurorluq orqanlarının hərtərəfli müasirləşməsi və işinin tam yeni müstəvidə qurulması baxımından müstəsna əhəmiyyətə malik addım olub.
Dövlətimizin başçısının yeni dövrün çağırışlarından irəli gələrək reallaşdırdığı hərtərəfli islahatlar, dövlət idarəçiliyinin bütün sferalarında həyata keçirilən mütərəqqi kompleks tədbirlər, məhkəmə-hüquq sisteminin yenilənməsi prosesi prokurorluq orqanlarını da əhatə edib, bu sahədə fəaliyyətin yeni dövrün tələblərinə uyğun təşkilinin, struktur dəyişikliklərinin və kadr islahatlarının həyata keçirilməsinin zəruriliyini ortaya qoyub. Bu istiqamətdə xüsusilə reallaşdırılan kompleks tədbirlər çərçivəsində Azərbaycan Prokurorluğunda əsaslı institusional və kadr islahatları həyata keçirilib, bir sıra mütərəqqi addımlar atılıb. Belə ki, dövlətimizin başçısının prokurorluq orqanlarında işin təkmilləşdirilməsi və islahatların dərinləşdirilməsinə dair verdiyi göstəriş və tövsiyələrin icrası ilə bağlı 2020-ci il mayın 12-də Baş Prokurorluq üzrə geniş Fəaliyyət Planı təsdiqlənib.
Həmçinin prokurorluq orqanlarının inkişaf istiqamətlərini və hədəflərini müəyyənləşdirən “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” qurumun qarşısında duran vəzifələrin yerinə yetirilməsində uğurlu nəticələrin qazanılmasına, fəaliyyətin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına şərait yaratmışdı.
44 günlük Vətən müharibəsi zamanı prokurorluq orqanları da üzərilərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetiriblər. Müharibə dövründə Ermənistanın mülki əhalimizə və mülki infrastruktur obyektlərimizə qarşı törətdiyi təxribatların nəticələri prokurorluq əməkdaşları tərəfindən müharibə şəraitində mümkün olduğu dərəcədə rəsmiləşdirilib və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq keyfiyyətli istintaqın aparılması təmin edilib. Xüsusilə müharibə dövründə Azərbaycan Respublikasının Baş prokuroru Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn humanitar norma və prinsiplərini, müharibə qanunlarını kobud şəkildə pozaraq mülki əhalimizə qarşı törətdiyi qanlı cinayətlərlə bağlı müxtəlif ölkələrin Baş prokurorlarına və aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb.
Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılması istiqamətində aparılan abadlıq-quruculuq işlərinə prokurorluq orqanları da öz töhfələrini verir. Belə ki, işğaldan azad edilmiş rayonların prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması və nəzarət tədbirlərinin gücləndirilməsi, aparılan islahatların tərkib hissəsi kimi “Elektron Prokurorluq” İnformasiya sisteminin yaradılması, onun Əsasnaməsinin təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin 2021-ci il 7 may və 2022-ci il 3 mart tarixli fərmanlarından irəli gələn vəzifələrin, eləcə də prokurorluğun peşəkar kadrlarla komplektləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.
Azərbaycan prokurorluğu orqanları çətin və şərəfli xidməti Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərdə də uğurla davam etdirir. Belə ki, rayon (şəhər) prokurorluqları işğaldan azad edilmiş ərazilərdə artıq fəaliyyət göstərir.
Peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi Qələbə əhvali-ruhiyyəsi ilə qeyd edən prokurorluq əməkdaşları öz fəaliyyətlərini yeni çağırışlara, müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun qurmaqla dövlətimizin qüdrətlənməsinə və xalqımızın rifahına xələl gətirə biləcək hallara qarşı barışmaz mövqe tutaraq, qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində yorulmadan çalışırlar.
Tövsiyə edilən ədəbiyyat: