Tarixdən səhifələr

Ümumdünya Poçt Günü

9 oktyabr dünyanın hər yerində Ümumdünya Poçt Günü kimi qeyd edilir. İttifaq 1874-cü ilin 9 oktyabr tarixində İsveçrənin Bern şəhərində yaradılıb. İyirmidən çox ölkə nümayəndələrinin iştirakı ilə keçirilmiş konqresdə Ümumdünya Poçt İttifaqının ümumi prinsiplərini, üzvlərinin hüquq və öhdəliklərini müəyyənləşdirən əsas sənəd – Ümumdünya Poçt Konvensiyası qəbul edilib. Hazırda bu qurumda 192 ölkə təmsil olunur. Ölkəmiz 1993-cü ildə ÜPİ-yə üzvlüyə qəbul edilib və həmin tarixdən ölkəmizdə də Ümumdünya Poçt Günü geniş qeyd olunur.

Bir çox poçt təşkilatları Beynəlxalq Poçt İttifaqının üzvləridir. Buna misal olaraq “Japan Post”, "Post Danmark", "Deutsche Post" və digərlərini göstərmək olar.

Hazırda dünyada 600 mindən çox poçt rabitəsi şöbəsi fəaliyyət göstərir. Poçtdan vətəndaşın cəmiyyətdə hansı mövqe tutmasından asılı olmayaraq hər bir şəxs istifadə edə bilər.  Hər bir ölkədə poçt xidmətləri informasiya və mal mübadiləsində həyati əhəmiyyətli rol oynayır.

Azərbaycanda rabitənin yaranma tarixi 1881-ci ildən hesablansa da, ölkə rabitəsinin olduqca qədim tarixi kökləri var.  Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində islahatlar həyata keçirib. 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulub. Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) daha da  inkişaf etməyə başlayıb.

Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb.

XX yüzilliyin əvvəllərində müsəlman Şərqində ilk respublika kimi tarixə daxil olmuş Azərbaycan Cümhuriyyəti bəyan ediləndə yaradılmış Müvəqqəti hökumətin ilk nazirliklərindən biri rabitə sahəsi üzrə idi. Azərbaycan Respublikası tarixində Rabitə Nazirliyinin əsası 1918-ci il may ayının 28-də qoyuldu. Dövlət idarəçiliyi strukturunda strateji əhəmiyyətli sahələrdən olan rabitə işinin vəziyyəti bu dövrdə də inkişaf etdirilmişdi. Cümhuriyyət dövründə ilk poçt-teleqraf və yollar naziri vəzifəsinə Xudadət bəy Məlik-Aslanov təyin edilmişdir.  Daha sonra  Azərbaycanın Poçt və Teleqraf  Naziri vəzifəsini Cəmo bəy Hacınski yerinə yetirmişdi. Əsası A.Səfikürdski tərəfindən qoyulan Poçt və Teleqraf sisteminin inkişafında Cəmo Bəy Hacınskinin də böyük xidmətləri var.

Azərbaycan poçtunun ən çətin və həm də ən şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir. Bu illərdə xüsusilə poçtalyonların fədakarlığını qeyd etmək yerinə düşərdi. Bu dövrdə poçt işçilərinin üzərinə ikiqat məsuliyyət düşürdü, çünki poçt göndərişlərinin həcminin artması və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edirdi. Bu çətinliklərə baxmayaraq, müharibə illərində poçt işçiləri öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirdilər.

Ölkəmizdə rabitə sektorunun inkişaf strategiyasının əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Hələ Sovet İttifaqının tərkibində olarkən Ümummilli lider Heydər Əliyev bu sahəyə diqqət yetirmiş və informasiya-kommunikasiya texnologiyalarının bugünkü inkişafının təməlini qoymuşdur. Uğurla davam etdirilən bu proses SSRİ-nin dağılması və respublikamızın müstəqilliyinin ilk illərində də ciddi xarakter almışdı. Belə ki, Azərbaycanda yeni informasiya kommunikasiyalarının modernləşdirilməsinə start verildi, ilk elektron ATS-lər quruldu, poçt şöbələri genişləndirildi.

1997-ci il yanvar ayının 1-dən etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi  fəaliyyətə başlaması ilə poçt rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, beləliklə  “Azərpoçt” İstehsalat Birliyi  kimi işini davam etdirdi. Həyata keçirilən məqsədyönlü  tədbirlər və uğurlu kadr islahatları çərçivəsində 1997-ci ilin mart ayında poçt rabitəsinin qısamüddətli “Dirçəliş və inkişaf proqramı” qəbul olunub, dekabr ayında isə “1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf  konsepsiyası” təsdiq edilib.  1999-cu ildən “Azərpoçt” Dövlət Müəssisəsi kimi fəaliyyət göstərib.

2004-cü ildə qəbul olunan “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunu poçt rabitəsi sahəsinin inkişafını daha da sürətləndirib və yeni xidmətlərin göstərilməsinə geniş imkanlar yaradıb.

Ölkənin milli poçt operatoru olan “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda respublika ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə geniş xidmət göstərməklə yanaşı, hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin göstərilməsini həyata keçirir.

“Azərpoçt” MMC-nin ən uğurlu layihəsi “Şəbəkə” xidmət mərkəzlərinin istifadəyə verilməsidir. “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta,  elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pul köçürmələri,  büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.

Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqe, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi, beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar yaradıb. Hazırda Azərbaycan Poçtunun ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərməsi sahəsində layihə həyata keçirilir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Poçt rabitəsinin idarə edilməsi və informasiya texnologiyaları: dərslik /H. Ə. Əliyev [elmi red.], X. S. Süleymanov, Q. M. Cəfərov, Ş. A. Məsimzadə. - Bakı: [AzTU], 2018. – 311 s.
  2. Əliyev Heydər və Azərbaycan rabitəsi /Layihənin müəllifi: N. Əhmədov, M. Əmirov; Tərtibçi: М. İsmayılov, Red.: Х. Abbasov, Fotolar: R. Bağırov; Dizayner: Х. Mirzəyev. - Bakı: Azərmarka, 2002. - 136 s.
  3. Salayev, Oktay Ağacan oğlu. Poçt rabitəsinin təşkili və istismarı : orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün dərslik: bu nəşr respublikda poçt rabitəsinə aid ilk dərslikdir / O. A. Salayev, V. V. Əliyev, E. Ş. Kərimli ; red. N. N. Salayeva. - Bakı : MSV Nəşr, 2020. - 304 s.
  4. Алиев, Намик Гасан оглу. Искусство Азербайджанской почтовой марки: [100-летию Азербайджанской почтовой марки посвящается] /Н. Г. Алиев ; гл. консультант И. Багирлы. - Баку: Азернешр, 2019. - 140 с.