Tarixdən səhifələr

Türkiyə Cümhuriyyət bayramı

Oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümüdür. 1923-cü il oktyabrın 29-da artıq dünya səhnəsindən çəkilən Osmanlı imperatorluğundan sonra yeni dövlətin – Cümhuriyyətin qurulması ümumtürk tarixində yeni səhifənin yazılması idi.

Tarixdən bəlli olduğu kimi, I Dünya müharibəsi (1914-1918) gedişində aldığı ağır məğlubiyyətlər nəticəsində Osmanlı imperiyası nəinki geniş coğrafiyasından məhrum olmuş, hətta özünün tarixi ərazisini, indiki Türkiyənin böyük hissəsini də itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.

Belə ağır şəraitdə Mustafa Kamal paşa Osmanlı ordusundakı vətənpərvər zabitlərlə birlikdə Türkiyənin qurtuluşu uğrunda savaşa başladı. 1919-cu il mayın 19-da Qara dəniz sahilindəki Samsun şəhərindən başlanan mücadilə üç il sürdü. 1919-cu ilin dekabrında Ankaraya gələn Mustafa Kamal bu şəhəri Türkiyə dövlətçiliyi uğrunda mübarizənin mərkəzi elan etdi. Çünki İstanbuldakı iqtidar (Sultan Mehmed Vəhidəddin hökuməti) ölkəyə nəzarəti itirmişdi.

Mustafa Kamal 1920-ci il aprelin 23-də Ankarada xalqın iradəsini təmsil edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) çağırılmasına nail oldu. 1920-ci ilin avqustunda İstanbuldakı hökumət I Dünya müharibəsinin qalibləri (ABŞ, Britaniya, Fransa) tərəfindən təslimçi sülhə – Sevr anlaşmasını imzalamağa məcbur edildi. Sazişə görə, Osmanlı 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü itirir, ordu və donanması müttəfiq ölkələr tərəfindən bölüşdürülürdü. Geriyə indiki Türkiyənin haradasa üçdə biri qalırdı.

Sevr anlaşması xalqda böyük etiraz doğurdu, Mustafa Kamal türk xalqının heç vaxt bu təslimçilik aktına razı olmayacağını bildirdi. Mustafa Kamalın başçılıq etdiyi Qurtuluş savaşı daha da genişləndi. 1921-ci ilin yanvarından başlayaraq qələbələr əldə edən türk ordusu həmin ilin avqustunda Sakarya savaşından zəfərlə çıxdı. 1922-ci ilin avqustunda Mustafa Kamalın komandanlığı altında həyata keçirilən hücum əməliyyatı ilə Türkiyənin yunan ordusunun işğalı altında olan cənub-qərbi azad edildi.

30 avqust Zəfəri ilə yeni dövlətin quruluşunun da təməli qoyuldu. Türkiyə Sevr anlaşmasının ləğv edilməsi üçün Lozannada yeni beynəlxalq konfransın çağırılmasına nail oldu. 1923-cü ilin iyulunda Lozanna konfransının yekun sənədi Sevr müqaviləsini ləğv etdi və Türkiyənin ərazisini indiki sərhədlər çərçivəsində təsbitlədi. 1923-cü il oktyabrın 2-də türk ordusu sonuncu işğalçı qoşunları – ingilis hərbi gəmilərini İstanbul ətrafından vurub çıxardı.

1923-cü il oktyabrın 29-da Mustafa Kamal TBMM-də çıxış edərək Türkiyə Cümhuriyyətinin yarandığını elan etdi. Parlament Mustafa Kamalı ölkənin ilk prezidenti seçdi, ilk hökumətin qurulması isə ordu komandanlarından İsmət İnönüyə tapşırıldı. 1924-cü ilin aprelində Cümhuriyyətin ilk Konstitusiyası – Anayasa qəbul olundu, Osmanlı dönəminə rəsmən nöqtə qoyuldu.

Mustafa Kamal ölkənin bölünməzliyini və möhkəmlənməsini təmin etdi. 1932-ci ildə TBMM-in qərarı ilə Mustafa Kamala Atatürk adı verildi. Ümumilikdə dörd (1923, 1927, 1931, 1935) dəfə prezident seçilmişdir.

Türkiyə 1940-cı illərin sonunda yeni siyasi dönəmə – real çoxpartiyalı sistemə qədəm qoydu.

1952-ci ildə NATO-ya daxil olmaqla Türkiyənin beynəlxalq nüfuzu artdı.

1961-ci ildə yeni Konstitusiya qəbul edildi.

60-70-ci illər Türkiyədə daxili siyasi çaxnaşmalar, dinçi, solçu və millətçi qüvvələrin toqquşmaları ilə keçdi. 1974-cü ildə Kipr türklərinə qarşı qırğınlara son qoymaq üçün adaya qoşun yeridən Türkiyə beynəlxalq müstəvidə ciddi haqsız təzyiqlərlə üzləşdi.

1980-ci ildən 2002-ci ilədək Türkiyə partiyaların qurduqları koalision hökumətlər tərəfindən idarə edilirdi. Tez-tez hökumətlər dəyişdiyi üçün iqtisadi islahatlar həyata keçirilmirdi. Türkiyə böhranlardan xilas ola bilmirdi.

2002-ci ildə ölkədə dərinləşən iqtisadi böhran fonunda hökumət koalisiyası dağıldı və noyabrın 3-də keçirilən parlament seçkilərində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Ədalət və İnkişaf Partiyası (AK Parti) inamlı qələbə çalaraq təkbaşına iqtidara gəldi.

2014-cü ilin 10 avqustunda Türkiyədə ilk dəfə Prezident xalq tərəfindən, ümumi səsvermə ilə seçildi. Baş nazir Rəcəb Tayyib Ərdoğan ölkənin yeni başçısı oldu. 2017-ci ildə keçirilən referendumla Türkiyənin dövlət idarəçiliyi qismən dəyişdi. Ölkə parlament idarəçiliyindən prezident üsul-idarəsinə keçdi, Baş nazir postu ləğv olundu. 2018-ci ildə Prezident seçilən Ərdoğan həm dövlətin, həm də hökumətin başçısı oldu.

Son 22 ili Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında keçən Türkiyə, axır dövrlərdə sosial-iqtisadi sıxıntıları olsa da, ümumilikdə böyük tarixi yol qət edib.

Güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyə deməkdir. Bunu iki qardaş ölkənin liderləri hər zaman xüsusi vurğulayırlar. Bunun ən bariz ifadəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə birliyi oldu. 2021-ci ilin 15 iyununda imzalanan Şuşa Bəyannaməsi isə bu birliyə tarixdə əbədi qalacaq möhür vurdu.

Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi Azərbaycanda da yüksək səviyyədə qeyd edilir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Mehman Ağayev, Sevinc Əliyeva. Osmanlı Tarixi (dərs vəsaiti). Bakı: ”AVROPA” nəşriyyatı , 2021. 565 s.
  2. Əsgərova, Zəminə Məhəmməd qızı. Türkiyədə Azərbaycan diasporunun formalaşması: XX əsr : monoqrafiya / Z. M. Əsgərova ; layihənin rəh. Y. M. Mahmudov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Afpoliqraf, 2021. - 164 s.
  3. Yaqublu, Nəsiman Qara oğlu. Türkiyənin azərbaycanlılara müstəqillik mücadiləsində dəstəyi : Sovetlər dönəmi: 1920-1991-ci illər / N. Q. Yaqublu ; elmi red. S. R. Məmmədli. - Bakı : Abşeron Nəşr, 2009. - 196 s.
  4. Qaraoğlu, Fazil. Türk millətinin tarixi, qurduğu dövlətlər və ata-babaları / F. Qaraoğlu ; baş red. Ə. Əmirbəyli ; red. B. Abdullayev. - Bakı : Nurlar NPM, 2007. - 384 s.
  5. Qafarov, Vasif Vaqif oğlu. Azərbaycan Türkiyə-Rusiya münasibətlərində: 1918-1922 : monoqrafiya / V. V. Qafarov ; ön sözün müəl., elmi red. Y. M. Mahmudov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Mütərcim, 2020. - 472 s.
  6. İsmayılov, İsrafil Zakir oğlu. Azərbaycan-Türkiyə mədəni əlaqələri XX əsrdə / İ. Z. İsmayılov. - Bakı : [n. y.], 2004. - 154 s.
  7. Azerbaycan Cumhuriyeti : 1918-1920: Osmanlı Arşiv Belgeleri / tert.: Q. Şükürov, V. Qafarov ; ed. Y. Özger. - İstanbul : TEAS Press, 2018. - 707 s.