Tarixdən səhifələr

Qubadlı şəhəri günü

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın, Xocavənd rayonları, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Qubadlı rayonun inzibati mərkəzi Qubadlı şəhəridir. (24.07.1990-cı ildə şəhər statusu almışdır.), sahəsi 802 kvadrat kilometrdir. Rayonda 1 şəhər (Qubadlı) 93 kənd vardı.

Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil olmuşdur. 1919-cu ildə Qubadlı qəzası yaradılmışdır. By qəzanın əraziləri Cəbrayıl və Şuşa qəzaları ilə həmsərhəd idi. 1922-ci ildə Qubadlı qəzası ləğv edilərək Cəbrayıl-Şuşa qəzasına birləşdirilib. Qubadlı rayonu 30 avqust 1930-cu il tarixli Azərbaycan Respublikasi İcraiyyə Komitəsi və Xalq Komissarlar Sovetinin Qərarı ilə təşkil edilmiş və 1-ci kateqoriyali rayonlarin siyahisina daxil edilmişdir. 1931-ci il noyabr ayının 24-də Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Qubadlı rayonu Zəngilan rayonu ilə birləşdirilmiş, 1933-cü il mart ayının 14-də ayrılaraq müstəqil rayon olmuşdur.

1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir.

1993-cü ilin avqustun 31-də isə rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur.

İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1 yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan “Neftqazavtomat” təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub.

Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib. Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.

Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılmış, 13 365 hektar meşə sahəsi işğal altında qalıb.

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, XIV əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr də talan edilərək dağıdılıb.

Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib.
Ümumilikdə Qubadlı rayonun 1,5 milyard ABŞ dollar dəyərində şəxsi və ictimai mülkiyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilmişdir.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratmışdı.

Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başladı. Həmin gün Qubadlı rayonunun ilk yaşayış məntəqələri - Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib. 2020-ci il oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günü isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan azad etdi.

Qubadlının azad olunması ilə Silahlı Qüvvələrimizin Laçın istiqamətində əməliyyatlar həyata keçirmək üçün möhtəşəm imkan əldə olundu. Qoşunlarımızın irəliləməsi üçün Hadrut-Şuşa istiqamətində isə kifayət qədər geniş şərait yarandı. Laçın istiqamətinə yol açıldı. Laçın dəhlizini tam atəş nəzarətində saxlamağa nail olundu. Düşmən ehtiyatlarının Qarabağa daşınmasını və düşmən bölmələrinin Qarabağ daxilində manevr etmək imkanı tam məhdudlaşdırıldı. Laçın dəhlizinin bağlanması isə xüsusilə Şuşanın azad edilməsi üçün həyata keçirilən döyüş əməliyyatlarının taleyini əvvəlcədən həll etdi. Qubadlı döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin qəsbkar Ermənistan ordusuna qarşı apardığı müharibənin məntiqi sonluğunu bir qədər də yaxınlaşdırdı.

Azad edilən torpaqlarda minalar təmizləndikcə quruculuq işlərinə, ilk əvvəl həyat əhəmiyyətli infrastruktur layihələrin - elektrik xətlərinin, yolların çəkilişinə başlanılıb. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir. Yeni Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla, kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.

Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqroturizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə, şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, yaşıl şəhər obrazı yaradılacaq.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.


Tövsiyə edilən ədəbiyyat:

  1. Qubadlı: qədim Azərbaycan torpağı Zəngəzurun qapısı: monoqrafiya / Y. M. Mahmudov [et al.] ; layihənin rəh., elmi red., ön sözün müəl. Y. M. Mahmudov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Turxan NPB, 2013. - 424 s.
  2. Sultanov, Mirdavud. Tarixdə 44 gün /M. Sultanov. - Küveyt: Ali Al-Naqi, [Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi], 2021. - 80 s.
  3. Cəfərli, Tural Vaqif oğlu. 44 gün Zəfər Salnaməsi /T. Cəfərli ; red. V. Əlioğlu. - Bakı: Füyuzat, 2022. - 206 s.
  4. 44 günlük diplomatiya dərsləri / AMEA Hüquq və İnsan Haqları İnstitutu ; ideya müəl. A. İ. Mustafayeva. - Bakı : Elm və təhsil, 2021. - 251 s.
  5. Cəfərli, Tural Vaqif oğlu. "44 gün" zəfərə doğru : döyüşlərin xronologiyası, hərbi əməliyyatlar, Xüsusi Təyinatlı Qüvvələr, 10 noyabr Bəyanatı / T. Cəfərli ; red. V. Əlioğlu. - Bakı : Mücrü, 2022. - 96 s.
  6. 44 gün anbaan... : rəsmi xronika / tərt. F. Cəfərli. - II nəşr. - Bakı : TEAS Press, 2022. - 648 s.
  7. 44 gün Vətən Müharibəsi : Hulusi Kılıç informasiya cəbhəsində / ideya müəl. G. Yaz ; red. C. Qədir. - Bakı : XAN nəşriyyatı, 2021. - 152 s.
  8. Bahar Sonam, R. Zəfər - 44 günlük Qarabağ müharibəsi - Azərbaycanın hərbi və diplomatik uğurları / R. Bahar Sonam ; Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi. - Bakı : Adiloğlu, 2022. - 304 s.
  9. Zəfər salnaməsi / Yeni Azərbaycan Partiyası ; bur. məsul R. Kazımov ; red.: G. Cəfərova, A. Quliyeva. - Bakı : Şərq-Qərb, 2021. - 536 s.
  10. Уроки дипломатии длиною в 44 дня / Институт Права и Прав Человека НАНА ; авт. идеи А. Мустафазаде. - Баку : Elm və təhsil, 2021. - 281 с.
  11. Губадлы: ворота древней Азербайджанской земли Зангезур / Институт Истории им. А.А. Бакиханова НАНА ; рук. проекта, науч. ред., авт. предисл. Я. М. Махмудов ; сост. Г. Дж. Наджафли ; пер. с азерб.: Н. Н. Мамедзаде, И. В. Нифталиев. - Баку : Турхан ИПО, 2013. - 124 с.
  12. Diplomacy lessons in 44 days /author of the idea: Azerbaijan National Academy of Sciences, Institute of Law and Human Rights. - Baku: Elm və təhsil, 2021. - 245 p.
  13. Gubadly : the ancient Azerbaijani land Zangazur's gateway / History Institute Academic Council within ANAS ; scientific ed., author of the preface Y. M. Mahmudov ; trans. A. Aghabeyli. - Baku : Turkhan PPA, 2013. - 120 p.