Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya müharibəsinin başa çatmasından sonra – 1945-ci ilin oktyabr ayının 24-də təsis edilmişdir.
Təşkilata “Birləşmiş Millətlər” adı ABŞ Prezidenti Franklin Ruzvelt tərəfindən təklif olunub. Bu ad Birləşmiş Millətlərin 1942-ci il 1 yanvar deklarasiyasında 26 ölkənin faşizmə qarşı mübarizəni davam etdirmək öhdəliyindən sonra qüvvəyə minib. 1948-ci ildən etibarən isə oktyabrın 24-ü BMT günü kimi qeyd edilir. Həmin gün münasibətilə bütün dünyada BMT-nin məqsədləri və nailiyyətlərinə həsr olunan iclas, diskussiya və sərgilər keçirilir. 1971-ci ildə Baş Məclisin tövsiyəsi ilə bu tarix BMT-nin üzvü olan bütün ölkələrdə bayram kimi qeyd edilir.
Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, habelə dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək üçün yaradılmış beynəlxalq təşkilatdır. BMT unikal legitimliyə malik universal forum, beynəlxalq kollektiv təhlükəsizlik sisteminin dəstəkləyici strukturu, müasir çoxtərəfli diplomatiyanın əsas elementi hesab olunur. BMT-nin qərargahı Nyu-Yorkdadır. BMT-nin Vyana, Cenevrə və Nayrobidə də ofisləri var. Beynəlxalq Ədalət Məhkəməsi Haaqada yerləşir.
Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya Müharibəsindən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. Birləşmiş Millətlər təşkilatının fəaliyyəti və missiyası onun təsis Nizamnaməsində yer alan məqsəd və prinsiplərə əsaslanır. Təşkilat hazırda 193 üzv dövlətdən ibarətdir və üzv ölkələrin hər biri Baş Assambleyanın üzvüdür. Dövlətlərin BMT üzvlüyünə qəbulu Təhlükəsizlik Şurasının təqdimatına və Baş Assambleyanın qərarına əsaslanır. BMT-nin strukturuna altı əsas orqan daxildir: Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblik. Bu orqanların hamısı 1945-ci ildə BMT-nin əsası qoyulan zaman yaradılmışdır. Dünya Bankı Qrupu, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, UNESCO və UNICEF daxil olmaqla, bir sıra ixtisaslaşmış beynəlxalq agentliklər, fondlar və proqramlar BMT-nin daha geniş sistemində fəaliyyət göstərir. BMT-nin baş inzibati vəzifəlisi BMT-nin Baş katibidir. 2017-ci ildən bu vəzifəni portuqaliyalı diplomat Antonio Quterreş tutur.
Azərbaycan BMT-nin fəal üzvlərindən biri kimi bu təşkilatın fəaliyyətində özünəməxsus yeri ilə seçilir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. Azərbaycan 1992-ci il martın 2-də BMT Baş Assambleyasının 46-cı plenar sessiyasında BMT-yə üzv qəbul edilib. Həmin gün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb. 1992-ci il mayın 6-da Azərbaycan nümayəndə heyəti BMT-də fəaliyyətə başlayıb. 1993-cü ildə isə Azərbaycanda BMT-nin ofisi açılıb.
1993-cü ildə təşkilatın Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib (822, 853, 874 və 884 saylı Qətnamələr) və onların hər biri Azərbaycanın keçmiş Dağlıq Qarabağ və ona bitişik 7 rayonunun işğalı nəticəsində qəbul edilib. Bunlar Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən, atəşkəs və hərbi əməliyyatların dərhal dayandırılmasını, habelə işğalçı qüvvələrin Azərbaycan Respublikasının ərazilərindən çıxarılmasını tələb edən qətnamələr idi. Lakin icra mexanizminin olmaması həmin mühüm sənədlərin həyata keçirilməsinə süni əngəllərin meydana gəlməsi ilə mane olurdu.
Prezident Heydər Əliyev 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. 1995-ci ilin oktyabrında BMT Baş Məclisinin bu ali qurumun 50 illik yubileyi ilə əlaqədar keçirilən təntənəli iclasında iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu təşkilatın yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan Respublikasının prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır. 2000-ci ilin sentyabr ayında BMT-də Minilliyin Sammitində çıxış edən Prezident Heydər Əliyev Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bəyan etmişdir.
2011-ci il oktyabrın 24-də Azərbaycanın həyatında çox əlamətdar və tarixi hadisə baş verib. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilib. Gərgin şəraitdə keçən və bir neçə turdan ibarət səsvermədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək ölkəmizi bu mötəbər təşkilata üzv seçib. Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə bəyanatında deyib: “Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.
Bununla da Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərmişdir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olmuşdur. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması və artıq dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş böyük nailiyyətlərindən biri olmaqla, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsi deməkdir.
2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən II Qarabağ müharibəsinin nəticəsi olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində ölkəmiz 1993-cü ildə təşkilatın Təhlükəsizlik Şurasında qəbul olunmuş qətnamələrin icrasını özü təmin etdi. Özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etdi. Bununla da yeni tariximizin ən şanlı və parlaq səhifəsi yazıldı.
Azərbaycan BMT-nin bir çox idarə və orqanları ilə fəal əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu (UNİCEF), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və s. qeyd etmək olar. BMTİP Azərbaycan Respublikası Bərpa və Yenidənqurma Agentliyi (ARRA) və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) fəaliyyətinə təşkilati dəstək verilməsi və maliyyələşdirmə yolu ilə münaqişədən sonrakı bərpa prosesinə yardım göstərmişdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan qaçqınları və məcburi köçkünlərinin ağır şəraitinin qismən yaxşılaşdırılması məqsədilə humanitar yardımlar göstərmişdir.
Hazırda Azərbaycan Respublikası beynəlxalq terrorizmə qarşı qlobal miqyasda aparılan mübarizənin fəal iştirakçısı olmaqla, BMT-nin Terrorizmə qarşı mübarizə komitəsi ilə yaxından əməkdaşlıq edir, Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən işlər haqqında müvafiq hesabatlar verir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirib, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verib, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynayıb və daim öz qətiyyətli mövqeyini ortaya qoyub.
BMT-nin müxtəlif proqramları və ixtisaslaşmış qurumlarında fəal iştirak edən ölkəmiz bu mötəbər beynəlxalq təşkilat vasitəsilə həm də özünün ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməkdədir. Müasir dünya siyasətinin nüfuzlu aktoru kimi çıxış edən Azərbaycanın beynəlxalq mövqeyi günü-gündən daha da güclənməkdədir. Belə ki, ölkəmiz özünün praqmatik və rasional xarici siyasət kursunun fonunda ikitərəfli və çoxtərəfli münasibətlərini möhkəmləndirməklə regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunur.
Hal-hazırda Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn ali prinsiplərini əsas götürərək, müxtəlif mədəniyyətlərin dinc şəkildə birlikdə yaşaması, dini tolerantlıq, fundamental insan hüquqlarının müdafiəsi, təhsil və yaradıcılıq hüquqlarının qorunması, iqtisadi və sosial sahələrdə davamlı inkişafın təmin edilməsini uğurla həyata keçirməkdədir. Bu isə imkan verir ki, gələcəkdə də Azərbaycan BMT-nin ixtisaslaşdırılmış təsisatları ilə əməkdaşlığı onların əhatə etdiyi bütün prioritet sahələr üzrə yüksələn xətt üzrə inkişaf etdirsin və dövlətimiz tərəfindən yeni nailiyyətlər və uğurlar qazanılsın.
Bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan, yer üzündə sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə yeritdiyi siyasət sayəsində dünya dövlətləri arasında layiqli yer tutmuşdur.
Tövsiyə edilən ədəbiyyat: