Araz çayı üzərində əsrlər boyu çoxlu körpülər salınsa da, onlardan ancaq ikisi, Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində yerləşənlər dövrümüzədək qalmışdır.
Bir-birindən 750 metr aralı yerləşən bu körpülər çay yatağınının ən əlverişli keçidlərindən biri olan Xudafərin dərəsində yerləşir. Belə ki, burada genişlənən çay yatağında iri qayalıqlar var. Həmin qayalar körpü tağları üçün etibarlı təməl rolunu oynamışdır.
Xudafərin körpüləri Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bu gün də öz mövcudluğunu qorumaqdadır. Onlardan "Baş Xudafərin körpüsü" adlanan 11 aşırımlı körpünün uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.
Azərbaycanın memarlıq sənətində bu olduqca qədim və əzəmətli abidələr haqqında tarixi qaynaqlarda çoxsaylı məlumatlar əks olunsa da, körpülərin nə vaxt inşa edilməsi haqqında tarixdə yekdil fikrə rast gəlinmir. Əsas tarixi qənaət ondan ibarətdir ki, 15 aşırımlı körpü 1027-ci ildə Azərbaycan hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən inşa etdirilib. 11 aşrımlı körpü isə XIII əsrdə Elxanilərin Azərbaycanda hakimiyyəti dövründə inşa və yaxud bərpa edilib.
Orta əsrlər tarixçisi Həmdullah Qəzvini məlumatlarında körpülərin adını "Xuda-Afərin" kimi yazır ki, bu da "Allah tərəfindən yaradılmış", "Allaha Mərhaba" mənalarını verir”. Tədqiqatçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara "Xudafərin" adı verilib.
XX yüzilin 30-cu illərində Azərbaycanın şimalı və cənubu arasında əlaqələri kəsmək üçün İran və keçmiş sovet dövlətinin birgə qərarı ilə 11 aşırımlı körpünün sahil tağları dağıdılıb. Həmin vaxtdan yerli əhali körpüyə ikinci ad - Sınıq körpü adını verib.
Bu körpülərin Azərbaycanın Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri ilə iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynadığı barədə də tarixi faktlar var.
1993-cü ildə Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Xudafərin körpüləri də əsirlikdə qalmışdı. Erməni qəsbkarları 27 illik işğal dövründə digər ərazilər kimi Xudafərin kəndini də darmadağın edib, xarabalığa çevirib, evləri, inzibati binaları, bütün tikililəri söküb.
Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 22-ci günündə - 2020-ci il oktyabrın 18-də tarixi Xudafərin körpülərini və Xudafərin kəndini işğaldan azad etdi və Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldıldı.
Böyük strateji əhəmiyyətə malik olan Xudafərin körpüsü həm də Qarabağda gedən döyüşlərdə olduqca əhəmiyyətli məntəqələrdən biri idi. Belə ki, Xudafərin körpüsünün yaxınlığında yerləşən Xudafərin kəndi Cəbrayılın son kəndlərindəndir. Ondan sonra Zəngilan, ardınca da Qubadlı rayonu yerləşir. Bu baxımdan, Xudafərin körpüsünün azad olunması tapşırığının uğurlu icrası xüsusi əhəmiyyət kəsb edirdi. Əməliyyat planına uyğun olaraq Arazboyu istiqamətdə düşmənin mövqelərinə 12 km-dək keçib, pusqu quruldu, düşmən qüvvələri heyətimizin döyüş əzmi, peşəkar hazırlığı qarşısında tab gətirməyərək ciddi canlı qüvvə tələfatı verdi və geri çəkildi, həmin ərazidə yerləşən strateji yüksəkliklər ələ keçirildi. Bununla da Xudafərin körpüsü azad olundu, Dövlət Bayrağımız sancıldı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edildi.
Xudafərin körpülərinin və Xudafərin kəndinin işğaldan azad edilməsi Vətən müharibəsinin əlamətdar hadisələrindən sayılır.
Tövsiyə edilən ədəbiyyat: