Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir.
Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1050 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx örtülü olub. Araz boyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır.
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır.
Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi.
Rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim çalışıb. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən çox eksponat olub.
1050 kvadratkilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 149 mədəniyyət ocağı, 132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb.
Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diridağdakı Mazan nənə türbəsi, Mərmər nənə məqbərəsi kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diridağdakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki səkkizguşəli türbə (“Dairəvi”) və məqbərələr, Türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı ermənilər tərəfindən məhv edilib və ya dağıntıya məruz qalıb.
İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib.
Cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonu üzrə 2 minədək yaşayış məntəqəsində, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdır. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. Cəbrayıldan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə həyata keçirilmiş “Horadiz” əməliyyatı zamanı Füzuli rayonunun 20 dən çox yaşayış məntəqəsi ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdir. Lakin “Lələ Təpə” yüksəkliyi erməni işğalçılarının nəzarətində olması kənd sakinlərinin ora qayıtmasını mümkünsüz edirdi. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində “Lələ Təpə” yüksəkliyi erməni işğalından azad edilmiş və kənddə insanların təhlükəsiz yaşaması mümkün olmuşdur.
Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.
2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu əks-hücuma keçdi, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi.
Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş torpaqlarımızda olduğu kimi, Cəbrayıl rayonunda da böyük quruculuq işləri həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir.
Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib.
Cəbrayıl rayonu qısa müddət ərzində bərpa olunacaq və 30 ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşayan insanlarımız öz doğma yurdlarına qayıdacaqlar.
Dövlətimizin böyük qayğısı və diqqəti, insanlarımızın qurub-yaratmaq eşqi tezliklə Qarabağın bu dilbər güşəsini də gözəlliklər diyarına çevirəcəkdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.
Tövsiyə edilən ədəbiyyat: