Gülüstan müqaviləsi - Rusiya imperiyası ilə Qacarlar dövləti arasında 1804-13 illər müharibəsinin yekunlarını və Azərbaycanın həmin dövlətlər arasında birinci dəfə bölüşdürülməsini təsdiq edən sənəddir. Gülüstan müqaviləsinə əsasən, Şimali Azərbaycan (İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla) Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə qatıldı.
XVIII əsrdən başlayaraq, Rusiyanın Qara dəniz və Xəzər sahillərindəki torpaqlara doğru irəliləməsi Qafqazda vəziyyəti xeyli mürəkkəbləşdirdi. 1801-ci il sentyabrın 12-də Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında çar manifestindən sonra bütün Cənubi Qafqazı ələ keçirmək üçün strateji meydan yarandı. 1803-cü ildə Car-Balakən, 1804-cü ildə Gəncə inadlı müqavimətdən sonra Rusiya tərəfindən işğal olundu. 1804-cü ilin mayında Azərbaycana bütövlükdə yiyələnməyə çalışan İran rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını tələb etdi. Rusiya buna rədd cavabı verdi. Həmin il iyunun 16-da iki dövlət arasındakı diplomatik münasibətlər kəsildi, müharibə başlandı. Müharibə hər iki tərəfdən ədalətsiz idi, çünki özgə torpaqlarının ələ keçirilməsi uğrunda gedirdi. Qeyd etmək lazımdır ki, həm Rusiya, həm də İran, eyni zamanda, yerli Azərbaycan xanlıqlarına qarşı da mübarizəni davam etdirir, onların ərazisini işğal edib öz ərazilərinə qatırdılar.
1805-ci il mayın 14-də Qarabağ xanlığı, mayın 21-də isə Şəki xanlığı Rusiya ilə müqavilələr imzaladılar. Lakin bu müqavilələr dövlətlərarası münasibətləri müəyyən edilmiş şərtlər əsasında, hüquqi yolla nizama sala bilmədi. Çünki Rusiya üzərinə götürdüyü təəhhüdləri sonadək yerinə yetirmədi. Qarabağ xanı İbrahim xan 1806-cı ildə Rusiya işğalçıları tərəfindən xaincəsinə qətlə yetirildi və 1822-ci ildə xanlıq ləğv edildi.
Şimali Azərbaycanın ən böyük xanlığının - Şirvanın Rusiyaya qatılması (1805) nəticəsində növbə Bakı xanlığına çatdı. 1806-cı ildə Bakı xanlığı, az sonra Quba xanlığı ələ keçirildi. Beləliklə, 1806-cı ildə demək olar ki, bütün Şimali Azərbaycan Rusiyanın hakimiyyəti altına keçirildi. 1806-cı ildə Rusiya ilə Türkiyə arasında da müharibənin başlanması Rusiya-İran cəbhəsində rusların vəziyyətini nisbətən ağırlaşdırdı.
Hərbi əməliyyat meydanındakı uğursuzluqlar və Napoleonun Rusiya sərhədlərindən qovulması ilə rus qoşunlarının Avropa səfərinin başlanması nəticəsində beynəlxalq vəziyyətdə yaranan dəyişikliklər İranın Rusiya ilə müqavilə bağlamasını sürətləndirdi. İngiltərə danışıqlarda vasitəçilik edirdi. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Rusiya və İran arasında müqavilə imzalandı. 11 maddədən ibarət olan müqaviləyə əsasən İran şahlığı Azərbaycanın Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Talış xanlıqlarına, Şərqi Gürcüstan və Dağıstana olan iddialarından əl çəkir, onların Rusiyanın hakimiyyəti altına keçməsini təsdiq edirdi (maddə 3). Gülüstan müqaviləsinə əsasən, yalnız Rusiyaya Xəzər dənizində hərbi donanma saxlamaq hüququ verilir (maddə 5), ticarət malları üçün beş faizlik gömrük qoyulur, hər iki dövlətin tacirləri daxili gömrük vergilərindən azad olunurdular (maddə 8-10).
Rus çan I Aleksandr İranla sülh bağlanması haqqında manifestin ilkin layihəsini 1813-cü il dekabrın 12 (24)-də Fri- burda (İsveçrə) imzaladı. Xarici işlər naziri N.P.Rumyansev Sankt-Peterburqda manifesti alarkən, orada səhv olduğunu müəyyən etdi, çünki manifestdə Rusiyaya keçən Qarabağ və Gəncə xanlıqlarının adı yox idi. Odur ki, manifest 1814-cü il yanvann 4 (16)-də geri göndərildi. Müqavilənin ratifikasiya fərmanları tərəflər arasında növbəti dəfə mübadilə olundu. İranla sülh haqqında çar manifesti yalnız 1818-ci il iyulun 16 (28)-da, müqavilənin mətni isə avqustun 7 (19)-də elan edildi.
Gülüstan müqaviləsi Şimali Azərbaycan və bütün Zaqafqaziyanın çar Rusiyası tərəfindən istilasını təsdiq edirdi. Bu müqavilənin bağlanılması ilə Şimali Azərbaycanın Rusiya tərəfindən istilasının birinci mərhələsi başa çatdı. Bu müqavilə, eyni zamanda, iki dövlət arasındakı ziddiyyətləri də həll edə bilmədi. Müqavilənin birinci maddəsində bəyan edilən sülh uzun sürmədi. 1826-cı ildə tərəflər arasında ikinci müharibə başlandı. Azərbaycan ərazisi yenidən qanlı döyüş meydanına çevrildi.
Tövsiyə edilən ədəbiyyat: