Tarixdən səhifələr

Energetiklər Günü

20 oktyabr 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə həmin tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib. Energetiklər Gününün  təsis edilməsi  ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda, elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100 faiz nail ola bilib.

Məlum olduğu kimi, Yer kürəsində iki cür enerji mənbələri mövcuddur: bərpa olunan və bərpa olunmayan. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı külək enerjisi, günəş enerjisi, bioenerji potensialı, dağ çaylarının potensialı üzrə çox yüksək qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub.

Dövlət başçısının “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli, “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 2019-cu il 5 dekabr tarixli sərəncamları, eləcə də 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması energetika sektorunda əsaslı dəyişikliklərə yüksək səviyyədə təminat verir. 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri hesabına 1500 meqavat əlavə güc yaratmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payını 30 faizə çatdırmaqdır. Energetika sahəsində müəyyən edilmiş bu yeni strateji xəttin həyata keçirilməsində ilk uğurlu addımlardan biri 2022 ci ilin yanvar ayında 7 beynəlxalq şirkət arasında mövcud topdansatış qiymətlərinə uyğun təkliflər vermiş Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkətləri ilə 240 meqavat gücündə külək və 200 meqavat gücündə günəş enerjisi üzrə pilot layihələrlə bağlı İcra müqavilələrinin imzalanması olub. Külək və günəş enerjisi ilə işləyən bu 440 meqavatlıq stansiyalar, təxminən 400 milyon ABŞ dolları məbləğində tam xarici investisiya hesabına tikiləcək ki, bu da ölkəmizdə bərpa olunan enerji sahəsində bir ilk, digər layihələrə investorların cəlbi üçün nümunə olacaq. Bu stansiyalar hesabına ümumilikdə, təxminən illik 1,4 milyard kilovat-saat elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması və yeni iş yerlərinin yaradılması gözlənilir.

Xəzər dənizində və sahilyanı ərazilərdə külək enerjisinin potensialının öyrənilməsi məqsədilə Energetika Nazirliyi Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması istiqamətində əməkdaşlıq edir. “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması prosesi coğrafi məkan xəritələrinin tərtib olunması, zonaların müəyyənləşdirilməsi, iqtisadi, maliyyə, ekoloji və sosial aspektlərdə təhlillərin aparılması, təsirlərin qiymətləndirilməsi, icazə və razılıqların verilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, ötürücü şəbəkənin yenidən qurulması, təchizat zəncirinin öyrənilməsi kimi məsələləri əhatə edəcəkdir.

Eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

Avropaya ixrac istiqamətində perspektivli və Avropa İttifaqının dəstəklədiyi layihələrdən biri Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsidir: Layihə üzrə Gürcüstanla Rumıniya arasında enerji ötürmə gücü 1 000 MVt olan 1 195 km uzunluğunda elektrik verilişi xətti və rəqəmsal qoşulma kabelinin quraşdırılması, , bu məqsədlə Dünya Bankının maliyyə dəstəyi ilə 2023-cü ilin sonuna qədər Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması nəzərdə tutulur.

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında dördtərəfli əməkdaşlıq formatının yaradılması Azərbaycanı “yaşıl enerji” dəhlizinə çevrilməklə, Azərbaycanın elektrik enerjisi bazarını şaxələndirmək, təchizatçı rolunu genişləndirmək, Xəzər dənizinin Qara dəniz və Avropa ilə inteqrasiyasını gücləndirmək məqsədi daşıyır.

Ermənistanın təcavüzkar mövqeyi illərdən bəridir ki, Cənubi Qafqaz regionunun gələcəyini təhdid edən əsas təhlükə mənbəyinə çevrilib. Terroru dövlət siyasətinə çevirmiş Ermənistan Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan və energetiklər üçün də tarixi əsas rolunu oynayan “Azərbaycan” İES-i, ölkəmizin ən böyük su elektrik stansiyası olan “Mingəçevir” su elektrik stansiyasını (SES) də davamlı hədəfə alır, həmçinin yaşayış məntəqələrimizin raket atəşinə tutulması elektrik qurğularının və müxtəlif gərginlikli elektrik xətlərinin vurulması faktları ilə müşayiət olunur.

İşğaldan azad olunmuş ərazilərdə aparılacaq quruculuq işlərində məhz “yaşıl” enerji layihələrinə üstünlük verilir. Bununla əlaqədar “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli Sərəncamı ilə Energetika Nazirliyinə vəsait ayrılıb.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı artıq bir sıra yarımstansiyaların açılışı həyata keçirilib. Belə ki, Vətən müharibəsi başa çatandan cəmi bir neçə ay sonra Qarabağın elektrik enerji zəncirinin əsas hissələrini təşkil edən “Güləbird” Su Elektrik Stansiyası, Şuşa, Füzulu və Şükürbəyli yarımstansiyaları Cəbrayıl rayonunda “Cəbrayıl” yarımstansiyası tikilmişdir. Eyni zamanda Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarının yenidənqurmadan sonra açılışı baş tutmuşdur. “Cəbrayıl” yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək.

Azərbaycan hazırda energetika ilə bağlı müxtəlif yeni lahiyələr hazırlayır. Eyni zamanda, köhnə elektrik stansiyaların gücünün daha da artırılması işlərini həyata keçirir. Bütün bunlar ölkə rəhbərliyinin həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin yaratdığı xoş reallıqlardan irəli gələn nəticələr  kimi qiymətlədirilməlidir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycanın enerji siyasəti Qərb mətbuatında / Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ; tərc.: C. Agayev, Ş. Ələsgərov ; red.: B. Abbasov, A. Eyvazov. - Bakı : Azərbaycan Tərcümə Mərkəzi, 2015. - 288 s.
  2. Yaşıl inkişaf : enerji səmərəliliyi və alternativ mənbələr / V. Ə. Qasımlı [et al.] ; ön sözün müəl. U. K. Ələkbərov ; Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi. - Bakı : n. y., 2014. - 144 s.
  3. Qonaqov, Rufiz Rəhim oğlu. Xəzər hövzəsi və enerji təhlükəsizliyi / R. R. Qonaqov ; elmi red. Ə. M. Həsənov ; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. - Bakı : Elm, 2018. - 200 s.
  4. Yusifbəyli, Nurəli Adil oğlu. Enerji: keçmiş və gələcək vektorların kəsişməsində / N. A. Yusifbəyli ; elmi red. M. Ağamalıyev ; Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. - Bakı : ADNSU, 2022. - 240 s.
  5. Əliyev, Natiq Ağaəmi oğlu. Neft sənayesinin intibah dövrü /N. A. Əliyev ; burax. məs. R. Məmmədov, A. Mənsimli ; Azərb. Resp. Sənaye və Energetika Nazirliyi. - Bakı: Qanun, 2013. - 119 s.
  6. Əliyev, Natiq Ağaəmi oğlu. Azərbaycan neft və qaz sənayesi XXI əsrin astanasında = Azerbaijan oil and gas industry on the eve of the XXI century / N. A. Əliyev, X. B. Yusifzadə, E. Şahbazov ; Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti. - Bakı : EksonMobil, 2009. - 70 s.