Tarixdən səhifələr

Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 oktyabr 2005-ci ildə imzaladığı "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncama əsasən hər il oktyabrın 13-ü Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Azərbaycan polad magistralı çox əzəmətli fəaliyyət yolu keçib. Uzun müddət Zaqafqaziya dəmir yolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan Dəmir Yolu,13 oktyabr 1955 - ci ildən SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyət göstərib. Dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarix əsas götürülüb.

Azərbaycanda dəmir yollarının yaranma tarixi onun neft sənayesi tarixi ilə bağlıdır. O dövrdə Abşerondakı neftayırma rayonlarından neftin Bakı neftayırma zavodlarına və Xəzər dənizi vasitəsilə Rusiyanın mərkəzi rayonlarına daşınması karvan üsulu ilə, taxta çəlləklərdə və tuluqlarda həyata keçirilirdi. Rusiya İmperiyası ilk dəmir yollarının inşasına XIX əsrin 30-cu illərində başlasa da, Azərbaycanda bu inşanı yubadırdı. XIX əsrin ikinci yarısında köhnə daşıma üsulları artan tələbata cavab vermirdi. Dəfələrlə  Azərbaycanda dəmir yolunun inşasına aid müraciətlər, məktublar yazılmasına baxmayaraq tərtib olunmuş dəmir yolu layihələri həyata keçirilmirdi. Nəhayət 1865 – ci ildə bu inşa Rusiya Yollar Nazirliyinə tapşırıldı. Bu inşanın layihəsi əslən ingilis olan memar Qobba tapşırıldı.  Onun tərtib etdiyi Bakı-Yevlax-Gəncə-Ağstafa-Tiflis layihəsi kifayət qədər ucuz olduğundan 1865-ci ildə təsdiqləndi. Lakin yolun tikintisinə qoyulmuş xərclər özünü doğrultmadı. İstehsal mərkəzini Tiflis yox Bakıya daha yaxın etmək üçün 1878-ci ildə Abşeron neft sahəsində dəmir yolunun tikintisini Poti-Tiflis dəmir yolu cəmiyyətinə həvalə etdilər. Beləliklə Balaxanı, Suraxanı zolağının özəlləşdirilməsi prosesi həyata keçirildi. Şəhər Rəhbərliyi  bu torpaqların qiymətləndirilməsini Hacı Zeynalabidin Tağıyevin rəhbərlik etdiyi ictimai komissiyaya tapşırdı. Əvvəlcə yalnız neftin nəqli üçün nəzərdə tutulan, uzunluğu 20 kilometr olan Bakı-Sabunçu-Suraxanı dəmir yolu 1878-ci ilin sonunda inşa edilməyə başladı. Azərbaycanın ilk Bakı-Sabunçu-Suraxanı dəmir yolu xətti 1880-ci ildə istifadəyə verildi. Bir neçə müddət sonra yolun gəlirli olması eyni marşrutla sərnişin daşınmasına da xidmət eləməyə başladı.

3 il sonra isə Bakı-Yelizavetpol (Gəncə)-Tiflis magistral dəmir yolu işə salınıb. Azərbaycanın ilk yük stansiyası olan Bakı yük stansiyasından Tiflis istiqamətində dəmir yolu ilə ilk neft 1883-cü ilin mayın 8-də göndərilib. Dəmir yolunun layihələndirmə işində və xüsusilə neftin dəmir yolu ilə daşınması üzrə komitədə əvəzsiz rolu olan əslən Şuşalı Fərrux bəy Vəzirov  Azərbaycanın ilk peşəkar dağ -mədən mühəndisi olub.

1918-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan Cumhuriyyəti Yollar Naziliyi tərkibində Azərbaycan Dəmir Yolu İdarəsi və Mühafizə İdarəsini yaratdı. 1918-ci il 15 sentyabrda Bakı azad olunduqdan sonra ölkənin dəmir yollarına güclü zərbələr vurulmuşdu. Ələt – Culfa yolu sökülmüş, Gəncə ilə Bakı arasında yollara ciddi ziyan dəymişdi. Lakin Yollar nazirliyinin səyləri nəticəsində 1919- cu ilin axırlarında Bakı-Tiflis, Bakı ilə Port-Petrovsk (Mahaçkala) arasındakı qatarlar işləməyə başlamış, 7 depo və 26 dağıdılmış dəmiryol körpüsü bərpa edildi. Hərbi-starteji dəmir yollarının əhəmiyyətini nəzərə alan Azərbaycan Cumhuriyyəti 1919-cu ildə Hərbi Dəmiryolçular Məktəbini təsis etdi və Azərbaycan Ordusunu 3 zirehli qatarla təmin edildi.

Azərbaycan Dəmir Yollarının İkinci Dünya müharibəsində müstəsna xidmətləri olub. Belə ki, 1941-1945-ci illərdə Azərbaycan dəmir yolları ilə 600 mindən artıq neft və neft məhsulları ilə dolu olan sistern, 700 min vaqon yük cəbhəyə göndərilmiş, eləcə də qaçqınların ölkənin ucqarlarına çatdırılmasında, canlı qüvvənin cəbhə bölgəsinə daşınmasında Azərbaycan dəmir yolları mühüm rol oynayıb.

1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyev dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verdi. Dəmir yolu müasir xarici texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edildi. Abşerondakı elektrikləşdirilmiş dəmir yolları Abşeron şəhərətrafı sahələrin inkişafına və sərnişinlərin xidmətinə verildi. 1970-ci ildə Bilgəh-Pirşağı-Sumqayıt, 1973-cü ildə isə, Corat-Sumqayıt-Zabrat-II-Pirşağı xətti inşa edildi. 1979-cu ildə Ağdam-Xankəndi dəmir yolu inşa olundu. Qarabağın Bakı ilə əlaqələrinin möhkəmlənməsinə xidmət edən Bakı-Yevlax-Xankəndi dəmir yolu istifadəyə verildi. 1980-ci illərdə yüklərin 80%-i, sərnişinlərin isə 50%-i dəmir yolları ilə daşınırdı.

1990-cı illərin əvvəlində erməni təcavüzü nəticəsində Azərbaycan dəmir yollarının mühüm hissəsi işğal altında qaldı. 240 km-dən artıq dəmir yolu xətti işğal edildi və Culfa-Mincivan-Horadiz və Yevlax-Xankəndi dəmir yollarının fəaliyyəti dayandırıldı.

Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan nəqliyyat infrastrukturu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidenti 6 iyul 2010 - cu ildə "Azərbaycan Respublikasında dəmiryol nəqliyyat sisteminin 2010 - 2014 illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu sərəncamın həyata keçirilməsi, təbii sərvətlərin mənimsənilməsində, yeni iqtisadi rayonların və ölkə iqtisadiyyatının sürətli inkişafında, ölkə əhalisinin maddi-rifah halının yüksəlməsində və ölkələr arasında dostluq mədəni və iqtisadi əlaqələrinin möhkəmlənməsində əsas həlledici rol oynayıb.

2007-ci ildə inşa edilməyə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ildə istifadəyə verilib. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 500 kilometrdən çoxu Azərbaycan ərazisindən keçir. Bu dəmir yolu xətti sabitliyə və təhlükəzliyə xidmət etdiyinə görə yaxın gələcəkdə sərnişin daşınmasına da xidmət göstərməsi nəzərdə tutulur. 2020-ci ildə Abşeron dairəvi xətti tam istifadəyə verildi. 2019-cu ildə Bakı-Sabunçu və Sabunçu-Pirşağı xətləri, 2020-ci il martın 18-də isə Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissələrinin açılışı ilə Abşeron dairəvi xətti tam istismara verildi. Abşeron dairəvi xətti Bakının və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən biridir.

Dəmir yolu işçilərimizin fədakarlığı nəticəsində 44 gün davam edən Vətən müharibəsində 200-ə yaxın dəmiryolçu döyüşüb, onlardan dördü şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsində, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsində, tranzit və yerli daşımaların təhlükəsizliyinin təmin edilməsində polad magistral əməkçilərimizin xidməti böyükdür və dövlətimiz tərəfindən onların bu xidməti yüksək qiymətləndirilir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Məmmədov, Çingiz. Azərbaycan dəmir yolu tarixinin Heydər Əliyev dövrü /Ç.Məmmədov; Red. N.Əzməmmədov; Foto. Z. Zakiroğlu. - Bakı: 2007. - 327 s.
  2. Azərbaycan dəmir yolu: Tarixə nəzər /"Azərb. Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ; [layihənin rəh. C. Qurbanov [ön söz] ; layihənin təşəbbüskarları və ideya müəl.: V. Aslanov, A. Hüseynova, Ə. Məlikova, N. Abbasova ; mətnin müəl. və tərtibatçısı S. Əhmədov ; elmi red. N. Vəlixanlı ; tərc.: İ. Peart, S. İbrahimova ; foto E. Musayev ; dizayner N. Novruzov]. - Bakı: [n. y.], 2020. - 235 s.
  3. Qurbanov, Cavid Qənbər oğlu. Azərbaycan yol tarixi yaradıcıları ensiklopediyası: 2 cilddə /C. Qurbanov, H. İsgəndər; texn. və elmi red. S. K. Əliyev; rəyçilər. S. K. Əliyev [və b.]. I cild Azərbaycan yol tarixi idarəetmə quruluşu yaradıcıları bu gün. Yol tarixi idarəetmə quruluşu (I fəsil). - Bakı: Kraton M, 2009. - 440 s.
  4. Azerbaijan railways: a historical overview /initiators of concept and project V. Aslanov, A. Huseynova; project director J. Qurbanov; compiler S. Ahmadov; academic editor N. Valikhanli; adviser N. Bayramova; trans. I. Peart, S. Ibrahimova; designer N. Novruzov; Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti. - Bakı: Şərq-Qərb, 2020. - 235 p.