Tarixdən səhifələr

Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi (3 oktyabr 1993)

Azərbaycan 1991-ci ildən etibarən dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, siyasi sarsıntılardan hələ də xilas ola bilməmişdi. 1993-cü ilin əvvəlindən ölkədə dərin sosial-iqtisadi və xalqın mənəvi-psixoloji böhranı hökm sürürdü. Bütün bunlar ümumi böhrana gətirib çıxarmışdı. Ermənistanın hərbi təcavüzünün genişləndiyi bir dövrdə ölkədə hakimiyyətlə ordu komandanlığı arasında ziddiyyətlər getdikcə dərinləşirdi. Polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin dövlət hakimiyyətinə tabe olmaması ölkəni tamamilə xaosa sürükləmişdi. Gəncəyə gedən dövlət nümayəndələri girov götürülmüşdü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazirin və Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb edirdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir və qiyamçılar Bakıya doğru hərəkət edirdilər.

Ölkə parçalanmaq və dövlət dağılmaq astanasında olduğu bir şəraitdə Azərbaycan xalqı vəziyyətdən çıxmaqdan ötrü xilaskar axtarırdı. Belə bir şəxs yalnız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev idi. Xalq Heydər Əliyevə inanır və ona xilaskar kimi baxırdı.

Heydər Əliyev xalqın və respublika rəhbərliyinin təkidli dəvətini qəbul edib iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Milli Məclisin iyunun 13-də keçirilən iclasının gündəliyinə Ali Sovetin sədri İsa Qəmbərin istefası və Ali Sovetin sədrinin seçilməsi məsələsi daxil edilmişdi. Hakimiyyətin dəvəti ilə Heydər Əliyevin iştirak etdiyi iclasda Gəncədə baş verən hadisələr müzakirə edildi. İsa Qəmbər parlamentin sədri vəzifəsindən azad edildi.

Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün siyasi manevrlər etdi. Gəncədə danışıqlar aparmaqla hərbi müxalifəti neytrallaşdırdı.
İclasda iştirak edən Prezident Əbülfəz Elçibəy çıxışında ölkədə yaranmış şəraitin ağır olduğunu və hakimiyyətin bu vəziyyətdən çıxmaq üçün gücsüz olduğunu açıq şəkildə etiraf etdi.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

AXC-Müsavat komandası Heydər Əliyevə bu mürəkkəb problemləri aradan qaldırmaqda köməkçi olmaqdansa, müxalifətə keçdi.

İyunun 17-dən 18-ə keçən gecə Prezident Əbülfəz Elçibəy Bakını gizlicə tərk edib Naxçıvan MR-ə, doğulduğu Kələki kəndinə getdi. Ona dəfələrlə geri qayıdıb ölkəyə rəhbərlik etmək təklif olunsa da, hər dəfə, faktiki olaraq rədd cavabı alındı. Milli Məclis iyunun 23-də prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.

Xalq öz rəhbəri Heydər Əliyevin ətrafında daha sıx birləşməyə başladı. Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 29-da Prezident Əbülfəz Elçibəyə etimad haqqında referendum keçirildi. Referendumda iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq göstərdilər. Yeni prezident seçkiləri təyin edildi.

Prezident seçkilərində üç namizəd mübarizə aparırdı. Heydər Əliyev Yeni Azərbaycan Partiyasını, Kərrar Əbilov Vahid Azərbaycan Partiyasını, Zakir Tağıyev isə Hümmət Partiyasını təmsil edirdi. Namizədlər üçün bərabər təbliğat və təşviqat imkanları yaradılmışdı.

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində seçicilərin 97,7%-i iştirak etmişdi. Onların 98,8%-i Heydər Əliyevin lehinə səs vermişdi. Xalq Azərbaycan dövlətinin nicatını və inkişafını Heydər Əliyev şəxsiyyətində və siyasətində görürdü.

Beləliklə, Heydər Əliyev Azərbaycan Respublikasının sayca üçüncü prezidenti oldu.

Azərbaycan Respublikası Prezidentinin and içməsi qaydası haqqında 1992-ci il 16 iyun tarixli Azərbaycan Respublikasının qanununun qüvvədən düşməsi haqqında oktyabrın 9-da qanun qəbul edildi.

1993-cü il oktyabrın 10-da Respublika Sarayında (indiki Heydər Əliyev sarayı - M.Q.) andiçmə mərasimi keçirildi.

Bununla da Azərbaycan xalqının və dövlətçiliyinin tarixində yeni bir mərhələ başladı. Bu, dövlət quruculuğunun təşkil edilməsi, müasir dövlətin qurulması, Ermənistanın hərbi təcavüzünün dayandırılması, ölkə həyatının bütün sahələrində islahatların aparılması və inkişafı mərhələsi idi.

1998-ci il Azərbaycan Respublikasında növbəti prezident seçkiləri ili idi. 1993-cü ilin oktyabrından ötən beş il ərzində Heydər Əliyev Azərbaycanı nəinki parçalanmaq, dövlət kimi yox olmaq təhlükəsindən qorumuşdu, həmçinin siyasi, iqtisadi, sosial həyatın müxtəlif sahələrində islahatlar həyata keçirməyə başlamış, ölkənin beynəlxalq aləmlə sabit və məqsədyönlü əlaqələrini genişləndirmiş və inkişaf etdirmişdi. Xarici siyasətin əsas prinsipləri və istiqamətləri dəqiq müəyyənləşdirilmiş, təkqütblülükdən və təkistiqamətlilikdən imtina olunmuş, tarazlaşdırılmış xətt qəbul edilmişdi.

1998-ci il iyunun 9-da Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında Azərbaycan Respublikasının qanunu qəbul edildi. Qəbul edilmiş qanun Azərbaycanda prezident seçkilərini sərbəst, azad, ədalətli keçirmək üçün özündə bütün tələbləri əks etdirirdi və ümumi demokratik prinsiplərə uyğun idi.

Prezident Heydər Əliyev seçkidə iştirak etmək istəməsə də, Azərbaycan xalqı ona böyük dəstək nümayiş etdirdi. Ölkədə yaradılmış dörd seçici birliyinin və 11 təşəbbüs qrupunun üzvləri, eləcə də Heydər Əliyevin namizədliyini irəli sürmək üçün imza toplamış yüz minlərlə seçici 1998-ci il avqustun 7-də Heydər Əliyevə müraciətlə xahiş etdilər ki, keçiriləcək prezident seçkilərində iştirak etməyə razılıq versin. Bu təkidli müraciətlərə Heydər Əliyev müsbət cavab verdi.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun, Müstəqil Azərbaycan Partiyasından Nizami Süleymanovun, Azərbaycan Kommunist Partiyasının sədri Firudin Həsənovun, Qeyrət Partiyasının sədri Əşrəf Mehdiyevin, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının namizədliyi qeydə alınmışdı.

1998-ci il oktyabrın 11-də ölkədə növbəti prezident seçkiləri keçirildi. Azərbaycan Respublikasında keçirilən sayca dördüncü prezident seçkiləri həm də 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiya əsasında keçirilirdi.

Seçkilərdə 3 milyon 358 min 465 seçici iştirak etmişdi. Heydər Əliyev səslərin 77,6%-ini, müxalifətin əsas namizədi hesab edilən Etibar Məmmədov 11,8%-ni, Nizami Süleymanov 8,2%-ni, Firudin Həsənov 0,9%-ni, Əşrəf Mehdiyev 0,9%-ni, Xanhüseyn Kazımlı 0,3%-ni toplamışdı. 0,3% seçici heç bir namizədə səs verməmişdi.

Beləliklə, Heydər Əliyev seçkilərdə inamlı qələbə qazandı. Seçkilər Azərbaycan xalqının iradəsini əks etdirirdi.

Prezident seçkilərində Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin inamlı qələbə qazanması davamlı və sabit inkişafa zəmanət verirdi.

Prezident Heydər Əliyev 2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş, lakin səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini Baş nazir İlham Əliyevin xeyrinə geri götürmüşdür.

Bu gün Heydər Əliyevin daxili və xarici siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Hacıyev, İsmayıl Muxtar oğlu. Heydər Əliyev siyasəti: tarix və müasirlik: monoqrafiya / İ. M. Hacıyev; red. İ. Ə. Həbibbəyli; AMEA Naxçıvan bölməsi.- Təkmilləşmiş, əlavələr edilmiş II nəşr.- Bakı: Elm, 2023.- 336 s.
  2. Hüseynov, Sənan Elçin oğlu. Gəncliyə örnək olan həyat / S. E. Hüseynov; elmi red. Y. P. Əhmədov.- Bakı: ADNSU, 2023.- 126 s.
  3. Qurbanov, Habil Surxay oğlu. Heydər Əliyev Azərbaycanda milli qanunvericiliyin və hüquqi dövlətin yaradıcısıdır / H. S. Qurbanov.- Bakı: Nafta-Press, 2023.- 310 s.
  4. Muradova, Zəhra Bilal qızı. Heydər Əliyev və Qarabağ / Z. B. Muradova; elmi red. H. Məmmədova.- Bakı: Orxan NPM, 2023.- 192 s.
  5. Hüseynov, Ceyhun. Bir millət, iki şəxsiyyət: monoqrafiya / C. Hüseynov; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.- Bakı: Aspoliqraf, 2022.- 360 s.
  6. Qurbanov, Sadiq Haqverdi oğlu. Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi / S. H. Qurbanov ; elmi red. Ə. Muradov; red. C. Cəfərov; Azərbaycan Dövlət İqtisad Universiteti.- Bakı: İzə, 2022.- 436 s.
  7. Əliyev, Rauf Feyzulla oğlu. Əsrə bərabər illər / R. F. Əliyev; red. M. Məmmədoğlu.- Naxçıvan: Əcəmi NPB, 2021.- 496 s
  8. Mədətli, Eynulla Yadulla oğlu. Heydər Əliyev - İlham Əliyev: azərbaycançılığın zəfər yolu: monoqrafiya / E. Y. Mədətli; elmi red. İ. R. Məmmədzadə; AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu.- Bakı: Turxan NPB, 2021.- 272 s.
  9. Azərbaycan Milli Ensiklopediyası. Azərbaycan. Bakı: “Azərbaycan Millin Ensiklopediyası” Elmi Mərkəzi, 2007, 882 səh.
  10. Azərbaycan Respublikası 1991-2001. Bakı: XXI-YNE, 2001, 280 səh.
  11. Azərbaycan Respublikasının tarixi (1991-2003). 1-ci cild. Bakı: Azərbaycan Tarixçiləri İctimai birliyi, 2016, 704 səh.  
  12. Qasımlı Musa. Azərbaycan Respublikasının tarixi (1991-2021). 2 cilddə. I cild (1991-2003). Bakı: Bakı Dövlət Universiteti, 2021, 384 səh.
  13. Müstəqillik yollarında. Məqalələr toplusu. Bakı: Şərq-Qərb, 2016, 628 səh.