Tarixdən səhifələr

Zəngilan şəhəri günü

Zəngilan rayonu - Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın cənub-şərqində, Arazın sol sahilində yerləşir. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayоnu, cənubdan Araz çayı bоyunca İran İslam Rеspublikası, qərbdən isə Еrmənistanın Mеhri və Qafan rayоnları ilə həmsərhəddir.

Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılmış, 1868-ci ildə Yelizavetpol quberniyası, onun tərkibində də Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılmışdır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilmişdir. 1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzasının tərkibində göstərilirdi.

1929-cu ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı.

Son iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqust ayının 8-də müstəqil rayon kimi formalaşdı və ərazisi dəqiq müəyyən olundu. 1967-ci ildə Zəngilana şəhər statusu verildi. Həmin vaxt Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə, 79 kənd olmuşdur.

1993-cü ilin oktyabr ayının 29-da Ermənistan qoşunları tərəfindən işğal olunanadək Zəngilan rayonunun əhalisi 32,6 min nəfər (01. 01. 1989) olmuşdur. İşğaldan qabaq rayonda 128 mədəniyyət müəssisəsi, 123 təhsil müəssisəsi, texniki peşə məktəbi, 64 səhiyyə müəssisəsi, Qotursu sağlamlıq zonası, 80 rabitə müəssisəsi, 21 kino qurğu, 2 diyarşünaslıq muzeyi, 142 ticarət obyekti, 49 ictimai-iaşə obyekti, 2 şərab zavodu, konserv zavodu, toxuculuq sexi, kərpic zavodu, çörəkbişirmə zavodu, çınqıl zavodu, 2 asfalt zavodu, 8 dəmir yol vağzalı, quşçuluq fabriki, mal-qara kökəltmə kompleksi, 3400 hektar üzüm bağları olmuşdur.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Zəngilandakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Ümumiyyətlə, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb. Tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulub. Rayon ərazisindəki molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də ermənilər tərəfindən talan edilmişdir. Rayon ərazisində 1974-cü ildə yaradılan Avropanın ərazisinə görə ikinci ən böyük çinar meşəsi olan Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisindəki qiymətli ağacların böyük hissəsi kəsilib mebel sənayesində istifadə edilmişdir. İşğal nəticəsində Zəngilan rayonuna 3,4 milyard ABŞ dolları həcmində (1994-cü il üçün qiymətlə) ziyan dəymişdir.

2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu əks-hücuma keçdi. Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. 2020-ci il oktyabrın 20-də Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildi.

Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır.

Azad olunandan sonra Zəngilanda minatəmizləmə əməliyyatları ilə yanaşı paralel olaraq yenidənqurma və bərpa işləri də davam etdirilir. Rayon ərazisində infrastrukturun bərpası işlər uğurla həyata keçirilir. Qarabağa "Böyük Qayıdış" məhz Zəngilan rayonunun Ağalı kəndi ilə başladı. Belə ki, rayonda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edildi.

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı mövcuddur. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək.

Bundan əlavə, rayon ərazisində hava limanı da inşa edilib. 2022-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimdə iştirak etmişdilər. İşğaldan azad olunmuş ərazilərdə istifadəyə verilən, Zəngəzur dəhlizinə inteqrasiya olunacaq, eyni zamanda Şərq-Qərb nəqliyyat dəhlizinə birləşəcək beynəlxalq statuslu Zəngilan hava limanı, dəmir yolu və avtomobil yolu nəinki rayonun, eyni zamanda bütün regionun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayacaq.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.


Tövsiyə edilən ədəbiyyat:

  1. Zəfər yolu = The Way to Victory / A. Oqtay, X. Əliyev, N. Qasımova [et al.] ; tərt.-müəl.: İ. Əlili, V. Şahinoğlu ; tərc. X. Qurbanova ; red. E. Dərziyeva ; ön sözün müəl. C. Məmmədov. - Bakı : Ləman Nəşriyyat Poliqrafiya MMC, 2021. - 148 s.
  2. Attar, Aygün. Qarabağ zəfəri : 44 gün pərdəarxası / A. Attar ; tərc.: K. Ələkbərova, S. Nağı ; red. E. M. Başkeçid ; Türkiyə-Azərbaycan dostluq, əməkdaşlıq və həmrəylik fondu, Azərbaycan Dövlət Tərcümə Mərkəzi. - Bakı : Azərbaycan Dövlət Tərcümə Mərkəzi, 2021. - 158 s.
  3. Əfşar, Cahangir Hüseyn. Yeni Qarabağnamə / C. H. Əfşar ; elmi red.: N. Q. Cəfərov [et al.]. - Bakı : Təhsil NPM, 2021. - 320 s.
  4. Cəfərli, Tural Vaqif oğlu. "44 gün" zəfərə doğru : döyüşlərin xronologiyası, hərbi əməliyyatlar, Xüsusi Təyinatlı Qüvvələr, 10 noyabr Bəyanatı / T. Cəfərli ; red. V. Əlioğlu. - Bakı : Mücrü, 2022. - 96 s.
  5. Piriyev, Heydər. İkinci Qarabağ müharibəsi : hərbi-siyasi təhlil / H. Piriyev, R. Tahirov, X. İskəndərov ; elmi red. E. Q. Həşimov ; red. A. A. Mirzəliyeva ; Silahlı Qüvvələrin Hərbi Akademiyası. - Bakı : Hərbi Nəşriyyat, 2022. - 168 s.
  6. Sevdimalıyev, Ramiz. İkinci Qarabağ müharibəsi və yeni geosiyasi reallıqlar / R. Sevdimalıyev, E. Sevdimalıyev ; Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası. - Bakı : CBS Polygraphic Production, 2022. - 352 s.
  7. 44 gün anbaan... : rəsmi xronika / tərt. F. Cəfərli. - II nəşr. - Bakı : TEAS Press, 2022. - 648 s.
  8. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı Zəfərə aparan yol / F. Mirzəyev, C. Vəliyev, E. Cəfərova [et al.] ; ideya müəl. R. Rzayev ; Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi. - Bakı : Qanun, 2021. - 232 s.
  9. Qələndərli, Nurlan. İlham Əliyev - Böyük yolun Müzəffər davamçısı : [60 ilə sığan tarix] / N. Qələndərli ; ön sözün müəl. T. Y. Budaqov ; Yeni Azərbaycan Partiyası. - Bakı : TEAS Press, 2021. - 596 s.
  10. Mədətli, Eynulla Yadulla oğlu. Heydər Əliyev - İlham Əliyev: azərbaycançılığın zəfər yolu : monoqrafiya / E. Y. Mədətli ; elmi red. İ. R. Məmmədzadə ; AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. - Bakı : Turxan NPB, 2021. - 272 s.