Füzuli rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Füzuli rayonu inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10-da yaradılmış və ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Füzuli rayonunun ərazisi 1386 km²-dir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır.
Zəngin infrastruktur və tarixi-dini abidələrə malik olan Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Füzuli rayonunda 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 54 uşaq bağçası, 10 musiqi məktəbi, 27 klub, 2 muzey, 90 kitabxana, 13 xəstəxana, 17 həkim məntəqəsi, 48 feldşer-mama məntəqəsi fəaliyyət göstərib və işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb.
Füzuli rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Füzuli şəhərindən 17 km qərbdə yerləşən məşhur Azıx mağarası və Tağlar mağarası dünyanın ən qədim insan məskəni kimi YUNESKO-nun maddi-mədəni irs siyahısına salınıb. Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri vardır. Aşağı Veysəlli kəndində Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr erməni işğaqlçıları tərəfindən yandırılmış dağıdılmış və məhv edilmişdir.
Füzuli rayonunun təbii sərvətləri də erməni işğalçıları tərəfindən talan edilib. Rayonda ümumi ehtiyatları 58858 min kvadrat metr olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kvadrat metr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kvadrat metr olan Quruçay qum-çınqıl qarışığı yataqları var idi. Rayon ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.
Ümummilli lider Heydər Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz 5 yanvar 1994-cü ildə hücum əməliyyatına başlayaraq rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin komandanlığı ilə Azərbaycan ordusu tərəfindən 2020-ci il 27 sentyabr tarixdən başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla 62 yaşayış məntəqəsi işğaldan azad edilib. Füzuli şəhəri şanlı qələbəmizin 21-ci günündə işğaldan azad edilib. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində həyata keçirdiyi ən əhəmiyyətli döyüşlərdən biri olub. 17 oktyabr 2020-ci ildə Füzuli şəhəri ilə yanaşı Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri də işğaldan tam azad olunmuşdur. Məhz bu uğurlu əməliyyat sayəsində Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri də azad olundu. Füzuli uğrunda gedən döyüşlər Vətən Müharibəsinin ən ağır və həlledici döyüşü hesab olunur. İllər ərzində düşmənin təmas xəttində qurduğu möhkəm istehkamlar ordumuzun məharət və şücaəti sayəsində darmadağın edildi.
Bu gün işğaldan azad olunmuş digər bölgələrimiz kimi, Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Təkcə onları demək kifayətdir ki, 2021-ci il yanvarın 14-də təməli qoyulan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi bir neçə aya tikildi və 2021-ci ilin 26 oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu.
Bu hava limanı dünya tarixində minalanmış ərazidə qısa müddət ərzində tikilən ilk aeroportdur. Füzuli rayonunun Dövlətyarlı kəndində ikinci “ağıllı kənd” salınır.
Kəndin təməli 2021-ci il oktyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlətyarlı kəndində üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Kənddə məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq və bazar inşa ediləcək. Ən əsası isə kənd sakinlərinin məşğulluğunun təmin edilməsinə xüsusi diqqət yetirilir.
Bütün bu görülən işlərin sürəti deməyə əsas verir ki, Füzuli sakinləri tezliklə öz doğma yurdlarına dönüşün sevincini yaşayacaqlar. Həmin gün elə də uzaqda deyil.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.
Tövsiyə edilən ədəbiyyat: