Müstəqilliyinə yenidən qovuşan Azərbaycan dövlətinin xarici siyasətinin əsas hədəflərindən biri də ölkənin beynəlxalq nəqliyyat kommunikasiya mərkəzlərindən birinə çevrilməsi olmuşdur. Bu baxımdan, Bakı – Tbilisi – Qars dəmiryolunun tikintisi əhəmiyyətli rol oynayır.
Azərbaycan ilə Türkiyə arasında Gürcüstan dəmiryolu xəttinin tikintisi məsələsi ilk dəfə olaraq hələ 1993 cü ilin iyulunda müzakirə olunmuşdu.
Dəmiryolunun tikintisinə dair razılaşma Azərbaycan, Gürcüstan və Türkiyə arasında 2005 ci ilin yanvar ayında imzalandı. O zaman maliyyə çatışmazlığı ucbatından layihənin icrası təxirə salındı. Lakin Bakı – Tbilisi – Ceyhan əsas ixrac neft boru kəmərinin 2005 ci ilin may ayında keçirilən açılışı zamanı hər üç ölkənin prezidenti dəmiryolu xəttinin tikintisində maraqlı olduqlarını bildirdilər.
Gürcüstanın Tbilisi və Axalkələk şəhərlərindən Türkiyənin Qars şəhərinə gedən dəmiryolu və ya Bakı – Tbilisi – Qars dəmiryolu layihəsinə dair anlaşmanı 2007 ci ilin fevral ayında Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Mixeil Saakaşvili imzaladılar. Dəmiryolunun Gürcüstan hissəsinin təməlinin qoyulmasına həsr olunmuş mərasim 2007 ci il noyabrın 21 də Gürcüstanın Tetri Skaro rayonunda – Marabda stansiyasında keçirildi. Mərasimdə Prezident İlham Əliyev, Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül və Gürcüstan Prezidenti Mixeil Saakaşvili, habelə Avropa İttifaqından, ABŞ dan və digər ölkələrdən qonaqlar iştirak edirdilər. “Dəmir İpək yolu” adlandırılan, Avropadan Çinə qədər birbaşa əlaqəni təmin etməyə imkan verəcək Bakı–Tbilisi–Qars dəmiryolunun işə düşməsilə həm də Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1993 cü ildə Türkiyə ilə Orta Asiya arasında kəsilmiş dəmiryolu əlaqəsi yenidən bərpa olunacaqdı. Qarsdan Axalkələkə qədər olan 105 kilometrlik dəmiryolunun tikintisinə 420 milyon dollar sərmayəyə ehtiyac duyulurdu. Qarsdan Gürcüstan sərhədinədək 76 kilometrlik hissəni Türkiyə maliyyələşdirməli və 220 milyon dollar vəsait qoymalı idi.
Ermənistan, erməni lobbisi, xarici ölkələrdəki ermənilər və onların təsiri altında olan mərkəzlər bu yolun tikintisinin əleyhinə çıxırdılar. Hətta ABŞ və Avropa İttifaqında da dəmiryolunun əleyhinə olanlar var idi. Onlar Bakı – Tbilisi – Qars dəmiryolunun tikintisi əvəzinə Qars – Gümrü – Tbilisi dəmiryolu xəttinin açılmasını tələb edirdilər. Lakin Dağlıq Qarabağ münaqişəsi səbəbindən həmin tələblər rədd edildi və dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsini Azərbaycan dövləti üzərinə götürdü. Azərbaycan dövləti dəmiryolunun təcavüzkar Ermənistanın ərazisindən keçirilməsinə imkan vermədi. Gürcüstan ərazisində bu yolun təməlinin qoyulması ilə Ermənistan həmin nəhəng layihədən kənarda qaldı.
Gürcüstan Azərbaycandan ildə 1 % dərəcəsi ilə 25 illiyinə aldığı 220 milyon dollarlıq kreditlə Türkiyə sərhədindən Axalkələkə qədər olan təqribən 30 kilometrlik xətti inşa etməli və Azərbaycan sərhədinədək mövcud olan 160 kilometrlik xətti yenidən qurmalı idi. Layihənin 2009 cu ildə tamamlanması nəzərdə tutulurdu. İlkin hesablamalara görə, 2010 cu ildə 1,5 milyon sərnişin və ildə 3 milyon ton yük daşınmalı idi. 2034 cü ildə bu yolla 3,5 milyon sərnişin və ildə 16,5 milyon ton yükün daşınacağı proqnozlaşdırılırdı. Qazaxıstanın da bu yola qoşulmasından ötrü protokol imzalanmışdı.
Azərbaycan, Gürcüstan və Türkiyə bölgədə həm böyük əməkdaşlığa təkan verəcək layihələrin təşəbbüskarları, həm maliyyələşdirənlər, həm də icra edənlər idilər. Onların ortaq iradəsi bölgənin inkişafına müsbət təsirini göstərirdi. Heç bir dövlətə qarşı yönəlməyən bu layihələr Azərbaycan, Gürcüstan və Türkiyənin çox böyük regional qüvvə olduğunu təsdiq edirdi. Azərbaycan tərəfdaş ölkələrlə birlikdə əngəlləri dəf etmişdi.
2008 ci il iyulun 24 də Türkiyənin Qars şəhərində Bakı – Tbilisi – Qars dəmiryolunun Türkiyə hissəsinin təməli qoyuldu. Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin iştirak etdiyi mərasimdə çıxış edən natiqlər yolun əhəmiyyətini vurğuladılar.
Dəmiryolu xəttinin Gürcüstan hissəsinin tikintisini Azərbaycanın “Azərinşaatservis” şirkəti, Türkiyə ərazisindəki 76 km lik hissəsinin tikintisini Türkiyənin “Özgün Yapı Çeliklər” şirkəti həyata keçirdi. Türkiyə ərazisində 68 km və Gürcüstan ərazisində 30 km dəmiryolu tikildi. Lakin tikinti işlərini 2008 ci ilin avqust ayında baş vermiş Rusiya – Gürcüstan müharibəsi və qlobal maliyyə böhranı ləngitdi.
Azərbaycan dövləti bütün təzyiqləri və maneələri qətiyyətlə dəf edərək layihəni reallaşdırdı. Dəmiryolu 2017 ci il oktyabrın 30 da istismara verildi. Məqsədi Türkiyə və Azərbaycanı, beləliklə, Mərkəzi Asiya və Çini Avropa ilə dəmiryolu vasitəsilə birləşdirməkdən ibarət olan Böyük İpək yolu, TRASEKA nın tərkib hissəsi olan Bakı – Tbilisi – Qars layihəsinin reallaşdırılması nəticəsində Asiyadakı məhsullar Avropaya 15 günə çatdırılır. Dəmiryolu Azərbaycan üçün siyasi, iqtisadi və strateji baхımdan böyük əhəmiyyət daşıyır. Onun vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə gediş əldə edir. Bakı – Tbilisi – Qars dəmiryolu Bakı – Tbilisi – Ceyhan əsas ixrac neft boru kəmərindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirir, tranzitdən gəlirlər götürülür və ölkədə infrastruktur təkmilləşdirilir. Dəmiryolu Azərbaycan Respublikasını dünyanın iqtisadi güc mərkəzi olan Avropa İttifaqı, Çin və Cənub Şərqi Avropa ölkələrini birləşdirən mühüm geosiyasi və geoiqtisadi mərkəzə çevirir.
Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, inteqrasiyasında mühüm əhəmiyyət daşıyır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan sərnişin vaqonları Bakıya çatdırılıb. Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınması yaxın zamanda həyata keçiriləcək.
Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur ki, bu da muxtar respublikanın Ermənistanın blokadasından çıxarılmasına və onun nəqliyyat müstəqilliyinin təmin edilməsinə səbəb olacaq.
Tövsiyə edilən ədəbiyyat: