Sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər günü kimi qeyd olunur.
Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.
Zəngin neft və qaz sərvətlərinə malik olan Azərbaycan bütün dünyada "Neft diyarı", "Odlar ölkəsi" kimi tanınmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan neft fontan vurmuş və bu hadisə dünyada neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə həkk olunmuşdur. Neftin boru kəməri ilə nəqli də ilk dəfə Azərbaycanda baş tutub. 1883-cü ildə Bakı-Batumi dəmir yolunun, 1907-ci ildə Bakı-Batumi neft kəmərinin istismara buraxılması Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına şərait yaradıb. Məhz həmin dövrdə dünyadakı neft hasilatının yarısı ölkəmizin payına düşürdü.
XX əsrdə Azərbaycanın neft sənayesi sürətlə inkişaf etmiş, güclü istehsal bazaları və elmi mərkəzlər yaradılmışdır. Azərbaycan İkinci dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verməklə cəbhəni yanacaqla təmin edərək alman faşizminin məğlubiyyətə uğradılmasında böyük rol oynamışdır.
Keçmiş Sovet İttifaqının hər yerində yeni neft yataqlarının aşkara çıxarılmasında Azərbaycanın qüdrətli elmi-texniki potensialının mühüm yeri vardır. Təsadüfi deyildir ki, Rusiyanın neft regionları "İkinci Bakı", "Üçüncü Bakı" kimi adlandırılırdı.
Ölkəmizin ən böyük nailiyyətlərindən biri də dəniz neft-qaz yataqlarının kəşfi və işlənməsidir. 1949-cu ildə, sahildən 100 kilometr məsafədə, o zaman üçün unikal yataq sayılan Neft Daşlarında dünya təcrübəsində ilk dəfə olaraq açıq dənizdə neft hasil olundu.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərliyi dövründə ilk vaxtlar - 1970-1980-cı illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnmişdir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmiş, Bakı dərin dəniz özülləri zavodu tikilmişdir. Bununla yanaşı, neft emalı, neft-kimya sənayesi və neft maşınqayırmasının inkişafında böyük sıçrayış olmuşdur. Azərbaycan geridə qalan respublikalar sırasından qabaqcıllar sırasına qoşulmuş və SSRİ-nin süqutuna qədər qabaqcıllar cərgəsində olmuşdur.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bütün sahələr böhranlı vəziyyətdə idi. Neft sənayesi də iflic vəziyyətinə düşmüşdü. Xalqımız qurtuluş yolunu ulu öndər Heydər Əliyevdə görürdü. 1993-cü ildə xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkədə misli görünməmiş quruculuq işlərinə başlamış, əsaslı islahatlar apararaq qısa müddət ərzində Azərbaycanı beynəlxalq aləmdə demokratik və sabit ölkə kimi tanıtdırmış, neft amilindən bacarıqla istifadə edərək qarşıdakı onilliklər üçün hesablanmış mərhələli strategiya hazırlamışdı. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nın imzalanması ilə yeni neft strategiyasının əsası qoyuldu. Dünyanın bir çox şirkətləri ilə Xəzər dənizində ilk dəfə olaraq neft və qaz yataqlarının birgə istismarına başlanılmışdır.
Çox qısa müddətdə "Çıraq-1" ilk hasilat platforması istismara verilmiş, Bakı-Novorossiysk neft kəməri bərpa edilmiş, Bakı-Supsa yeni neft boru kəməri tikilmiş, "Dədə Qorqud", "İstiqlal", "Qurtuluş" kimi nəhəng dəniz qazma qurğuları istifadəyə verilmişdir.
2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, 2007-ci ilin əvvəlində isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsi respublikamızın dünya enerji bazarındakı rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.
2011-ci ildə Avropa Komissiyası və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Bu, Cənub Qaz Dəhlizi layihəsi üçün əsas məsələ olub. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb.
2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb və bununla da 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulmuşdu.
29 may 2018-ci il tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu və 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanıldı.
30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi və 31 dekabr 2020-ci ildən Azərbaycan təbii qazının Avropa bazarına tədarükünə başlanıldı.
2017-ci ilin sentyabrında “Əsrin müqaviləsi”nin 23-cü ildönümündə Bakıda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalandı. Yenilənmiş sazişlə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı.
Neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.
Bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır. Neftçilərimiz bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanıblar.
Tövsiyə edilən ədəbiyyat: