Tarixdən səhifələr

Bakı bonlarının (pul nişanları) dövriyyəyə buraxılması

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan tarixinin şanlı, eyni zamanda mürəkkəb dövrünü təşkil edir. Azərbaycanda müstəqil dövlətin yaranması iqtisadiyyatın da tamamilə yenidən qurulmasını tələb edirdi. Lakin I Dünya müharibəsi, ikihakimiyyətlilik dövründə Cənubi Qafqazda baş alıb gedən anarxiya, hərc-mərclik, xalqın varidatının bolşevik-daşnak hökuməti olan Bakı Soveti və “Sentrokaspi” diktaturası tərəfindən talan edilməsi və nəhayət, müstəqil dövlət quruculuğu dövründə ölkənin xarici qoşunların təsiri altında olması nəticəsində iqtisadiyyatın dağılması hökuməti böyük çətinliklərlə qarşılaşdırmışdı. Hökumətin iqtisadiyyat sahəsində əsas vəzifəsi yalnız dağılmış təsərrüfat sahələrini bərpa etmək deyil, həm də yeni iqtisadi sistemin prinsiplərini müəyyənləşdirmək və həmin prinsiplər əsasında islahatlara başlamaq idi. Bu islahatlardan ən mühümü milli valyuta sahəsində atılacaq addımlar idi.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti inflyasiyanın qarşısının alınması, inflyasiya şəraitində maaşların və pul tədavülünün tənzimlənməsi, milli valyutanın yaradılması istiqamətində mühüm tədbirlər görürdü.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyəti dövründə təqdim olunmuş 315 qanun layihəsindən 82-si Maliyyə Nazirliyi tərəfindən təqdim edilmişdi. Gənc dövlətin ağır maliyyə vəziyyətini düzəltmək, maliyyə sistemini ciddi böhrandan xilas etmək üçün hökumət “Bakı bonu” adlanan yeni pullar buraxmağa vadar olmuşdur.

Bakı Sovetinin hakimiyyəti dövründə - 1918-ci ilin əvvəllərindən başlamış və 1918-ci ilin martın sonunadək buraxılmış Bakı bonları ilə əlaqədar hər hansı qayda-qanunun və heç bir hesabatın olmaması pul imkanlarının olmasına təminat vermirdi. Həmin vaxt ölkədə Tədavüldə 4 valyuta var idi: çar hökuməti tərəfindən kəsilmiş ("Nikolayevski" adlandırılan) rubllar, Müvəqqəti hökumətin kəsdiyi rubllar ("kerenkalar"), Tiflisdə buraxılmış Zaqafqaziya hökuməti bonları və nəhayət, Bakı bonları. Bütün bu valyutalar qanuni ödəniş vasitəsi olaraq dövriyyədə idi. Yaranmış şəraitlə əlaqədar olaraq 1918-ci il sentyabrın 22-də hökumət Bakı bonlarının dövriyyəyə buraxılması haqqında qərar çıxardı. Qərara uyğun olaraq, 40 manat (Bakı bonu) 1 Türkiyə lirəsinə bərabər idi. Başqa pul vahidlərinin dövriyyədən çıxarılması hələ nəzərdə tutulmurdu.

Kağız pulla bağlı məsələləri daim diqqət mərkəzində saxlayan Cümhuriyyət hökumətinin verdiyi fərmanlardan 1918-ci il 22 sentyabr tarixli birincisi Bakı bonunun dövriyyəyə daxil edilməsi, 1918-ci il 25 sentyabr tarixli ikincisi isə 10, 25 və 50 bon nominal dəyərlərində daha 30 milyon bon-manat kəsilməsi və bu işə 150 min manatlıq kredit ayrılması haqqında idi.

1918-ci il oktyabrın 9-da Hökumət respublikada dövriyyədə olan pul nişanları üçün vahid məzənnə müəyyən etdi. 1919-cu il yanvarın 27-də Gürcüstanla birgə Cənubi Qafqaz nümunəli 40 milyon bon buraxılması qərara alındı (respublikaların hərəsi 20 milyon bon almalı idi). 1919-cu il martın 30-da Cümhuriyyət Hökuməti mövcud pul nişanlarından əlavə, 100 manatlıq pul nişanı buraxmağı qərara aldı. İyunun 6-da 100 manatlıq pul əsginaslarının Hökumətin 1919-cu il 3 mart tarixli qərarı ilə Bakı bonlarının Cənubi Qafqaz bonlarına sərbəst dəyişdirilməsinə icazə verildi. Martın 11-dən etibarən isə bonların buraxılması bərpa olundu. Buraxılan pul nişanlarının Bakı xəzinədarlığında saxlanması və uçotunun aparılması qaydası Hökumətin 1919-cu il 2 aprel tarixli qərarı ilə müəyyən edildi. Aprelin 23-dən etibarən isə Bakı bonlarının Cənubi Qafqaz bonlarına sərbəst dəyişdirilməsi ilə yanaşı, onların Azərbaycan bazarına buraxılmasına da icazə verilirdi. 1919-cu il mayın 26-da Hökumətin qəbul etdiyi qərarda köhnəlmiş pul nişanlarının ödənişə qəbul olunması və dəyişdirilməsinin qaydaları, habelə belə pul nişanlarını qəbul etməkdən boyun qaçıran xəzinədarlıq kassaları işçiləri barədə görüləcək inzibati tədbirlər ətraflı şəkildə gösərilmişdi. 1919-cu il noyabrın 8-dən etibarən bütün idarələrin dövlət kassalarına yalnız Azərbaycan Xalq Cümhuriyyətinin, habelə Bakı şəhər özünüidarə orqanı, şəhər təsərrüfatı şurasının və Zaqafqaziya komissarlığının pul nişanlarını qəbul etmək icazəsi verilmişdi. 1919-cu il dekabrın 1-də Parlamentin qəbul etdiyi qanuna əsasən, Hökumətə Azərbaycan Xalq Cümhuriyyətinin 600 milyon manat məbləğində pul nişanlarını buraxmaq barədə icazə verildi. Bakı bonlarının buraxılması müstəqil dövlətin maliyyə-təsərrüfat işlərinin sahmana salınmasında və müstəqil maliyyə siyasətinin yeridilməsində əhəmiyyətli rol oynadı.


Tövsiyə edilən ədəbiyyat:

  1. Mustafa, Nazim. Azərbaycan Xalq Cümhuriyyəti işığında: 1918-1920: araşdırmalar, məqalələr / N. Mustafa. - Bakı: Ulu İKF, 2018. - 256 s. 
    Qurbanov, Çingiz Nəbi oğlu. Azərbaycanda pul tədavülü və bank işinin təkamülü: b.e.ə. IX əsr - 2014-cü il / Ç. N. Qurbanov.- Bakı: Avropa, 2018.- 547 s.
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası : 2 cilddə / red. heyəti: Y. M. Mahmudov [et al.] ; baş red. Y. M. Mahmudov. I cild. - Bakı : Lider nəşriyyat, 2004. - 440 s.
  3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası : 2 cilddə / red. heyəti Y. M. Mahmudov [et al.] ; baş red. Y. M. Mahmudov. II cild. - Bakı : Lider nəşriyyat, 2005. - 472 s.
  4. Azərbaycan Cümhuriyyəti: 1918-1920 / Azərbaycan Respublikası EA A.A.Bakıxanov ad. Tarix İnstitutu. - Bakı: Elm, 1998. - 336 с.
  5. Волхонский, Михаил. По следам Азербайджанской Демократической Республики / М. Волхонский, В. Муханов. - М.: Европа, 2007. - 256 с.
  6. Азербайджанская Демократическая Республика: 1918-1920 / Институт Истории АН Азербайджанской ССР. - Баку: Элм, 1998. - 316 с.
  7. Isgenderli, Anar. Realities of Azerbaijan: 1917-1920 / A. İsgenderli; trans. Y. Axundov. - w. c.: Xlibris Corporation, 2011. - 234 p.