Tarixdən səhifələr

Dövlət xadimi və yazıçı Yusif Vəzir Çəmənzəminli

Dövlət xadimi və yazıçı, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri Yusif Mirbaba oğlu Vəzirov 1877-ci ildə Şuşada doğulmuşdur. 1915-ci ildə Kiyev Universitetinin hüquq fakültəsini bitirmişdir. On bir dil bilmişdir. Y. V. Çəmənzəminli 1906-cı ildən çap olunmağa başlamışdır. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın şəhər və kəndlərinin həyatını burada əlvan boyalara əks etdirmişdir. “Polis şineli”, “Zeynal bəy” kimi əsərləri çarizmin Azərbaycanda apardığı qəddar siyasətə həsr olunmuşdur. Y. V. Çəmənzəminli universiteti bitirdikdən sonra bir müddət Simferopol, Odessa, Saratov, İstanbul və Parisdə yaşamışdır.  

Yusif Vəzir Bakıya qayıtdıqdan sonra "Azərbaycan" qəzetində "Xarici siyasətimiz", "Milli və mədəni islərimiz" başlığı ilə silsilə məqalələrini çap etdirir.

Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının sədri Nəsibbəy Usubbəyovun təklifi ilə 1919-cu ildə yeni yaranmış respublikanın səfiri kimi İstanbula göndərilir. Yusif Vəzir İstanbulda diplomatik işlə məşğul olmaqla yanaşı, öz ədəbi fəaliyyətini də davam etdirir. Belə ki, Azərbaycanı və Azərbaycan ədəbiyyatını türk aləminə tanıtmaq üçün elmi müşahidələrlə zəngin olan “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” adlı kitablarını yazıb 1921-ci ildə onları İstanbulda çap etdirir.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Yusif Vəzir tutduğu vəzifəsinin artıq bitmiş olduğunu elan edib, Parisdə Siyasi Elmlər İnstitutunun diplomatika fakültəsində təhsil alan kiçik qardaşı Mirinin (Mirabdulla) yanına gedir.

Ümumittifaq İcraiyyə Komitəsinin 18 yanvar 1926-cı il tarixli qərarına əsasən Yusif Vəzir sovet vətəndaşlığına qəbul olunur. Həmin il Vətənə qayıdıb yaradıcılıqla məşğul olmuş, qəzet və jurnallarla əməkdaşlıq etmişdir. 

Yusif Vəzir ilk əvvəl “Bakı işçisi” nəşriyyatında bədii şöbənin redaktoru, sonralar Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləmiş və eyni zamanda müəllimliklə də məşğul olmağa başlamışdı. Əvvəlcə, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq və pedaqoji fakültəsində, sonralar isə Pedaqoji, Tibb və Neft institutlarında Azərbaycan və rus dilləri kafedrasında dərs demişdi. Eyni zamanda Yusif Vəzir Ruhulla Axundovun redaktəsi ilə çıxmış “Rusca-Azərbaycanca lüğət”in müəlliflərindən biri olmuşdur.
 
Yusif Vəzir 1930-1935-ci illərdə Azərbaycan Neft İnstitutunda işləyən zaman, həmin institutda çıxan “Neft İnstitutunun əxbarı” jurnalında “Neft və onun tarixi” adlı məqaləsi ilə bərabər bir çox məqalələr yazıb çap etdirmişdir.

1937-ci ildə cürbəcür bəhanələrlə işdən kənar edilir.

1938-ci ildə “Kommunist” qəzetində çıxan bir elanda bildirilirdi ki, Özbəkistan SSR-nin Urgənc şəhərindəki Xorəzm Vilayət Pedaqoji institutunda rus dilində dərs deməyə müəllim yeri tutmaq üçün müsabiqə elan olunur. Yusif Vəzir sənədlərini toplayıb Urgənc şəhərinə göndərir. Müsabiqədən keçib rektorluqdan dəvət alır. 1938-ci ilin avqust ayında Yusif Vəzir Urgəncə yola düşür. O, Urgənc pedaqoji institutuna baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur.

Y. V. Çəmənzəminli Stalin repressiyasının qurbanı olmuşdur. O, 1940-cı il yanvar ayının 25-də Urgəncdə həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərilir və 1943-cü il yanvar ayının 3-də həbs düşərgəsində vəfat edir və yanvarın 4-də Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunur. 1956-cı ildə Yusif Vəzirə bəraət verilmişdir.

Y. V. Çəmənzəminlinin ilk romanı olan “Studentlər”in mövzusu yazıçının Kiyev həyatından götürülmüşdür. Qarabağ xanının vəziri böyük şair Vaqifin həyatından bəhs edən “Qan içində” və “İki od arasında” əsərlərini 1936-1937-ci illərdə yazır. “Qızlar bulağı”, “Həzrəti Şəhriyar” və bir sıra başqa roman, komediya və ssenarilər onun qələminin məhsuludur. Y. V. Çəmənzəminlinin əsərləri dilinin sadəliyi, yumşaq bədii təsviri və özünəməxsus lirik çalarlarıyla seçilir. Onun əsərləri Parisdə, İstanbulda nəşr olunmuşdur.

Bakıda və Şuşada küçə, məktəb, kitabxana, respublikada bir sıra başqa mədəni-maarif müəssisələri onun adı ilə adlandırılmışdır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Axundova, Məryəm Yusif qızı. Yusif Vəzir Çəmənzəminli /M. Axundova ; elmi red. K. Məmmədov. - Bakı: Yazıçı, 1981. - 103 s.
  2. Vəzirov, Orxan Yusif oğlu. Atam Yusif Vəzir Çəmənzəminli haqqında /Orxan Vəzirov; Red.: Q. İlkin. - Bakı: Azərnəşr, 1997. - 120 s.
  3. Məmmədov, Kamran Dadaş oğlu. (Dadaşoğlu Kamran). Yusif Vəzir Çəmənzəminli: məşələ dönmüş ömür /K. Məmmədov ; ixtisas red. T. Hüseynov ; rəyçi K. Talıbzadə. - Bakı: Azərnəşr, 1987. - 269 s.
  4. Məcidqızı, Leyla. (İmaməliyeva). Yusif Vəzir Çəmənzəminli və rus mədəniyyəti /L.Məcidqızı; Elmi red.: T.Hüseynoğlu; Rəyçilər: İ.Əliyeva, V.Sultanlı. - Bakı: Azərnəşr, 2002. - 152 s.

İbrahimli, Əli İmanqulu oğlu. Yusif Vəzir Çəmənzəminli və milli məsələ: [monoqrafiya] /Ə. İbrahimli; elmi red. V. Arzumanlı; rəyçi. T. Hüseynoğlu, Ə. Tağıyev; AMEA, Beynəlxalq Münasibətlər İn-tu. - Bakı: Qartal, 2002. - 149 s.