Tarixdən səhifələr

Akademik Azad Mirzəcanzadə

Universal zəka sahibi, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Təbii Elmlər Akademiyasının, Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü, Başqırdıstan Elmlər Akademiyasının fəxri akademiki, Şərq Neft Akademiyasının prezidenti, Əməkdar elm və texnika xadimi Azad Xəlil oğlu Mirzəcanzadə 1928-ci il sentyabr ayının 30-da Bakı şəhərində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində ali təhsil almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Azad Mirzəcanzadə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. O, 1948-1958-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində işləmiş, 1958-1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966-1969-cu illərdə İnstitutunda laboratoriya müdiri olmuş, 1969-1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973-1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Dövlət Neft Akademiyası (hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) nəzdində “Neftin, Qazm Geotexnoloji Problemləri və Kimya” Elmi Tədqiqat İnstitutunun direktoru vəzifələrində çalışmışdır.

1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hal-hazırda Bakı Dövlət Universiteti) nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir. Azad Mirzəcanzadə orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifi olmuşdur.

O 1962, 1964, 1967, 1969, 1980-ci illərdə Avropa ölkələrinin müxtəlif texniki universitetində mühazirələr oxumuş və elmi konfransların işində iştirak etmişdir.
1992-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri olmuş, eyni zamanda 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir.

Akademik A.X.Mirzəcanzadənin rəhbərliyi altında neft və qazçıxarmada qeyri-Nyuton mayelərin, heterogen sistemlərin, fiziki sahələrin neftqazçıxarmada tətbiqinin nəzəri və elmi əsasları işlənmişdir. Onun təşəbbüsü ilə neft və qaz sənayesinin müxtəlif sahələrində riyazi üsulların geniş istifadə olunmasına başlanmışdır.

Akademik A.X. Mirzəcanzadə neftçıxarmada yeni istiqamət olan reotexnologiyanın yaradılmasının və inkişaf etdirilməsinin təşəbbüskarı olmuşdur. Onun elmi məktəbi tərəfindən qeyri-Nyuton neft yataqlarının işlənməsinin və istismarının nəzəri əsasları yaradılmışdır. Bununla bərabər Akademik A.X. Mirzəcanzadə tərəfindən irəli sürülmüş ideyalar, elmi istiqamətlər bu gündə aktualldır və öz bəhrəsini verməkdədir.

Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə neft-mədən mexanikası sahəsində qiymətli araşdırmalanyla da böyük şöhrət qazanmışdır. Neftin çıxarılması zamanı texnoloji proseslərin mexanikası, riyazi fizika üsullarının tətbiqi ilə bağlı problemlər onun elmi əsərlərində fundamental səviyyədə araşdırılmışdır.

296 elmi əsərin, 62 ixtiranın müəllifi olan Azad Mirzəcanzadə elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin optimallaşdırılmasma xüsusi diqqət yetirmişdir. Neftqaz yataqlarının işlənməsinin dinamiki analizi üsulu tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi və nanotexnologiyanın neft sənayesində tətbiqi təşkil etmişdir.

Son dərəcədə geniş maraq dairəsi sahibi olan Azad Mirzəcanzadə elmi yaradıcılıqla yanaşı, yüksək ixtisaslı kadrların hazırlanması ilə də məşğul olmuş, Azərbaycan Respublikasının iqtisadiyyatanın inkişafı üçün güclü elmi potensialın yaradılmasına böyük qüvvə sərf etmişdir.

Akademik A.X.Mirzəcanzadənin elmi fəaliyyəti elmi kadrların hazırlanması və inkişafı ilə ayrılmaz vəhdət təşkil etmişdir. O, istedadlı gəncləri seçmək və onların yüksəlməsi üçün şərait yaratmaq bacarığı ilə həmişə fərqlənmişdir. Akademik A.X.Mirzəcanzadə 46 elmlər doktoru və 224 elmlər namizədi hazırlamışdır. Rəsmən elmi rəhbər və elmi məsləhətçi qismində öz tələbələri olduqda belə iddiaçıların elmi işlərinə xüsusi diqqət yetirirdi. Bunu nəzərə alsaq o, 100-dən artıq elmlər doktoru və 400-dən çox elmlər namizədi hazırlamışdır.

Akademik A.X.Mirzəcanzadənin tələbələri arasında İ.M.Ametov, R.N.Bahtizin, O.V.Çubanov, M.M.Hasanov, V.P.Maksimov, N.R.Mavlyutov, D.Y.Moçemyuk, Q.B.Rassoxin, A.Ş.Şammazov, N.D.Tsaxadaya, Y.B.Zaytsev və b. kimi tanınmış xarici alimləri xüsusi qeyd etmək lazımdır.

Akademik A.X. Mirzəcanzadənin səmərəli elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, Şərəf Nişanı, Qırmızı Əmək Bayrağı (iki dəfə), Oktyabr inqilabı, Vyetnam nefti üçün ordenləri, P.L.Kapitsa adına qızıl medal, Rusiya Təbii Elmlər Aka-demiyasının “Elm və incəsənət cəngavəri” fəxri nişanı və medalı ilə, bir çox fəxri fərmanlarla təltif olunmuşdur. Akademik A.X. Mirzəcanzadə Azərbaycan Dövlət (iki dəfə), SSRİ Nazirlər Şurasının, Akademik İ.M. Qubkin adına (üç dəfə) mükafatlarına, Xalq Təsərrüfatı Sərgisinin medal və diplomlarına layiq görülmüşdür.

Bunlarla bərabər o, “SSRİ-nin fəxri neftçisi”, “SSRİ-nin fəxri qaz sənayesi işçisi”, “Azərbaycan SSR Əməkdar elm və texnika xadimi”, “Rusiya Federasiyasının Yanacaq-Energetika Kompleksinin fəxri işçisi”, “Başqırdıstan Respublikasının əməkdar neftçisi” fəxri adlarına layiq görülmüşdür.

Görkəmli alim A.X.Mirzəcanzadənin xidmətləri Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci ildə Azərbaycan Respublikasının ali mükafatı olan “İstiqlal” ordeni ilə yüksək qiymətləndirilimişdir.

Azad Xəlil oğlu Mirzəcanzadə XX əsrin ən böyük azərbaycanlı alimlərindən biridir. Alimin keçdiyi həyat yoluna, möhtəşəm elmi fəaliyyətinə diqqət etdikdə, onun heyrətamiz təcrübə və biliyinin miqyası, əzəməti göz önünə gəlir.

Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında Bakı şəhərində vəfat etmişdir.

 

Tövsiyə edilən ədəbiyyat:

  1. Nəbibəyli, Ziyadxan İsrafil oğlu. Dünya neft elminin birincisi / Z. İ. Nəbibəyli ; red. R. Musayev. - Bakı : Adiloğlu, 2018. - 40 s.
  2. Mirzəcanzadə, Azad Xəlil oğlu. Seçilmiş əsərlər / A. X. Mirzəcanzadə ; elmi red. B. Ə. Süleymanov ; Azərbaycan Milli Elmlər Akademiyası. I cild. - Bakı : Elm, 2018. - 658 s.
  3. Mirzəcanzadə, Azad Xəlil oğlu. Seçilmiş əsərlər / A. X. Mirzəcanzadə ; elmi red. B. Ə. Süleymanov ; Azərbaycan Milli Elmlər Akademiyası. II cild. - Bakı : Elm, 2018. - 574 s.
  4. Академик Азат Мирзаджанзаде: ученый, учитель, педагог, энциклопедист, интеллигент, эрудит / Н. А. Алиев [и др.]. - Баку : Огуз эли, 1998. - 172 с.