Tarixdən səhifələr

Azərbaycanın görkəmli dövlət xadimi və diplomatı Adil xan Ziyadxanov

Adil xan Əbülfət xan oğlu Ziyadxanov 1877-ci il sentyabrın 25-də Gəncədə anadan olub. O, rus işğalcılarına qarşı qəhrəmanlıqla döyüşərək şəhid olan Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın nəticəsidir. Anası Azər Humayun isə Abbas Mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən Mirzə Qacarın qızıdır.

İlk təhsilini xüsusi müəllim yanında alan Adil xan Ziyadxanov sonra Gəncə klassik gimnaziyasını, 1902-ci ildə isə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, rus, fransız, ingilis və fars dillərini mükəmməl bilirdi.

Bakıda vəkil, Gəncə dairə məhkəməsində və onun Şuşadakı şöbəsində andçı müvəkkil vəzifəsində çalışmışdır. 1905-ci ildən Bakıda Ə.B.Topçuboşovun redaktorluğu altında çıxan "Kaspi" qəzetiylə əməkdaşlıq edib, orada maarifçi məqalələrlə çıxış edib.

Adil xan 1905-ci il Rusiya inqilabından sonra ictimai-siyasi hadisələrdə fəal iştirak etmişdir. 1905-ci ilin yazında Bakı və Gəncənin ali müsəlman təbəqəsinin nümayəndələri ilə yanaşı, Əlimərdan bəy Topçubaşov tərəfindən tərtib edilmiş və Nazirlər Komitəsinə təqdim olunmuş petisiyanı imzalamışdı. O, 1905-ci ilin mayında Ə.Topçubaşov və Ə.Xasməmmədovla birlikdə şəhərlərin idarə olunmasında müsəlmanların hüquqlarını məhdudlaşdıran qanunlar ləğv edilənədək şəhər dumalarına yeni seçkilərin dayandırılması barədə vəsatətləri müdafiə etmək üçün seçilmiş deputat heyətinə daxil olmuşdur. 1906-cı il fevralın 20-də azərbaycanlı və erməni nümayəndələrinin Tiflisdə canişin şurasında keçirilən “barışdırıcı qurultayında” Yelizavetpol qəzasını Ələkbər bəy Xasməmmədovla birgə Adil xan da təmsil etmişdir.

1908-ci ildə Şərqi və Qərbi Avropa ölkələrinə səyahət edib və gördüklərini «Avropada üç aylıq bir səyahətim» adıyla 1909-cu ildə Gəncədə nəşr etmişdi.

1917-ci il Fevral inqilabından sonra Gəncədə yaradılmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinə seçilmiş 7 üzvdən biri də A.Ziyadxanov idi. 1918-ci il sentyabr ayında Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Gəncədən Bakıya köçdükdən sonra A.Ziyadxanovun fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər nazirliyi ilə bağlı olmuşdur. Adil xan 30 oktyabr 1918-ci ildə Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edildi və xarici işlər naziri Ə.B.Topçubaşov bir müddət İstanbulda olduğundan nazir vəzifəsini icra etmişdir.

1918-ci ilin noyabr ayının 17-də Bakıya gələn İngiltərə hərbi qüvvələrinin komandanı, general V.Tomsonu Azərbaycan hökuməti adından Adil xan Ziyadxanov qarşılayıb və onunla danışıqlar aparmışdı.

Adil xanın yazdığı, ana dilimizdə və fransızca nəşr edilmiş «Azərbaycan» kitabının 2 min nüsxəsi 1919-cu ildə Parisə - Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Ə.B.Topçubaşova göndərilərək Avropa ölkələrində, ABŞ və Kanadada yayılmışdı.

A.Ziyadxanov 1919-cu ilin yanvarında Britaniya qoşunlarının baş komandanı general Corc Milni də qəbul etmişdi.

Azərbaycan hökuməti 16 iyul 1919-cu il tarixində İran hökuməti yanında Azərbaycan diplomatik nümayəndəliyinin yaranması haqqında qərar verib və oktyabr ayının 4-də nümayəndəliyin ştatını təsdiqləyərək nazir müavini Adil xan Ziyadxanovu nümayəndəliyin başçısı təyin etmişdi.

O, İranda olarkən ana dilimizdə yazdığı «Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti» adlı kitabını yerli soydaşlarımız arasında pulsuz payladıb, Azərbaycanın azadlığı uğrunda xalq hərəkatından bəhs edən «Qələmin uçuşu» adlı iki cilddən ibarət kitabını isə Tehranda fars dilində nəşr etdirərək yaymışdır.

Azərbaycanla İran arasında diplomatik danışıqlar, teleqraf, ticarət-gömrük, poçt sazişlərinin, hüquq, konsul konvensiyalarının və sair məsələlər ilə bağlı 8 müqavilə imzalanması da məhz Adil xan Ziyadxanov səfir kimi fəaliyyətdə olan dövrə təsadüf edir.

Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra Adil xan Bakıya qayıtmayaraq Tehranda qalmışdı. 23 iyun 1921-ci ildə Sovet hökuməti onun diplomatik fəaliyyətini dayandırdı. Bundan sonra A.X.Ziyadxanov Tehran bələdiyyə idarəsində, Sosial Təminat Nazirliyində, Təbrizdə dəmiryolu və gəmiçilik idarələrində müxtəlif vəzifələrdə çalışmışdı. 1934-cu ildə İstanbula köçərək İstanbul Universitetində dərs demişdir.

Adil xan Ziyadxanov 14 dekabr 1957-ci ildə İstanbulda vəfat etmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunur : [monoqrafiya] /AMEA, Gəncə Bölməsi ; layihə rəhbəri F. Əliyev ; tərtib. ed.: E. Həsənov, A. Hüseynov, M. Əliyeva ; red. N. Mirzəyeva, T. Verdiyeva. - Gəncə: Elm, 2018. - 349 s.
  2. Ziyadxan, Adil Xan. Avropada 3 aylıq bir səyahətim /A. X. Ziyadxan ; biblioqrafik məlumat, ərəb qrafikasından latın qrafikasına edilmiş transliterasiyanın və indekslərin tərt.: T. Hacıyev, E. Əmirov, E. Əliyev ; elmi red.: V. M. Məmmədəliyev [ön söz müəl.], M. A. Əliyev. - Bakı: CBS, 2018. - 167 s.
  3. Çingizoğlu, Ənvər. Ziyadoğlu Qacarlar / Ə. Çingizoğlu ; elmi red. M. Qacar. - Yenidən işlənmiş və tamamlanmış II nəşr. - Bakı : Mütərcim, 2018. - 304 s.