27 sentyabr 2020-ci il düşmən üzərində şanlı Qələbəmizin başlanğıcı günü kimi tarixə çevrilmişdir. Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi.
Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan, şəhər və kəndlərimizi xarabazarlığa çevirən, minlərlə soydaşlarımızı qətlə yetirən, şikəst edən, bir milyondan artıq sakini öz ata-baba torpaqlarından didərgin salan və yeni torpaqlar işğal etmək istəyi olan erməni təcavüzkarları zənn edirdilər ki, bu döyüşlər də 2018-ci ilin aprelində olduğu kimi, bir neçə gün çəkəcək, himayədarlarının köməyi, xahişi nəticəsində yenə də dayandırılacaqdır. Ermənilər tam əmin idilər ki, artıq müharibə bitib və onlar Qarabağın, işğal etdikləri torpaqların daimi sakinləridirlər. Buna görə də Ermənistan baş naziri Nikol Paşinyan utanıb çəkinmədən mötəbər tribunadan “Qarabağ Ermənistandır” bəyanatını səsləndirir, Şuşada yallı gedirdi.
Ermənistan Azərbaycan ərazisini işğalda saxlayaraq, beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam edirdi. Təəssüf ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan dünya birliyinin və dövlətlərin heç bir səlahiyyətli nümayəndəsi belə bir ədalətli sual vermirdi: "Erməni əsgəri Azərbaycan torpaqlarında nə edir? Bu məsələyə diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır”.
Azərbaycanın müttəfiqi və ən yaxın dostları olan Türkiyə və Pakistan Ermənistanın təcavüzünün nəticələrini aradan qaldırmaq, ilk növbədə Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymaq yolu ilə Cənubi Qafqazda ədalətli sülhün bərqərar olmasının tərəfdarı idilər. Onlar bütün əməliyyat boyu Azərbaycanla həmrəylik nümayiş etdirmiş və ona mənəvi dəstək vermişdilər.
Dünya ictimaiyyətinin Ermənistanın Azərbaycana hücumu haqqında məlumat aldığı ilk saatlardan etibarən, Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı şəkildə Azərbaycana dəstəyini ifadə etmiş və hərbi əməliyyatlar zamanı xalqın beynəlxalq hüququ bərpa etmək məqsədilə apardığı ədalətli mübarizəsini müdafiə etdiyini bildirmişdir.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Çünki silahlı qüvvələrimiz uzun illərdi ki, bu savaşa hazırlaşırdı, gündən-günə döyüş qabiliyyətini gücləndirirdi.
Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Gəncə, Tərtər, Bərdə şəhərləri dəfələrlə qadağan olunmuş raket zərbələrinə məruz qaldı. Günahsız 93 nəfər şəxs - (11 uşaq (1körpə), 27 qadın, 55 kişi) öldürülmüş, 404 nəfər isə ağır xəsarət almışdır.
Müharibənin ilk mərhələsindən etibarən Ermənistan həm döyüş meydanında, həm də iqtisadi müharibədə Azərbaycana məğlub oldu. Ermənistanın baş naziri Nikol Paşinyan döyüş meydanında Azərbaycan ordusuna məğlub olmalarını ölkəsinin ictimaiyyətinə izah edə bilmirdi. Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan Qubadlı şəhərləri, Hadrut, Suqovuşan kəndi işğaldan azad edildi.
44 günlük Vətən müharibəsinin ən şanlı mərhələsi Şuşa şəhərinin fəthi oldu. Noyabrın 8-i, Şuşa şəhərinin erməni quldurlarından təmizləndiyi gün, Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər Günü kimi yazıldı. Həmin gün Prezident İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciət edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! … Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.
2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı – “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı. Həmin gün Prezident İlham Əliyev xalqa müraciətində dedi: “Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!”.
Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da Rusiya sülhməramlı kontingentinin nəzarətində olan və ermənilərin qanunsuz məşkunlaşdıqları Laçın şəhəri, Zabux və Sus kəndləri də Azərbaycana təhvil verildi.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2908 nəfər hərbi qulluqçusu həlak olmuş, 6 nəfər hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
44 günlük Vətən müharibəsi Ermənistanın işğalçılıq siyasətinə son qoydu, düşmənə unutmayacağı tarixi dərs verdi, görk oldu. Qəhrəman hərbçilərimizin misilsiz rəşadəti hesabına, cənnətməkan şəhidlərimizin müqəddəs qanı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Tövsiyə edilən ədəbiyyat: