Sentyabrın 15-i Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik Günüdür.
Sentyabrın 15-də ölkəmizin bütün ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında yeni dərs ili başlayır. Bilik Günü Azərbaycanda yeni dərs ilinin başlandığı gün kimi qeyd edilir. 2004-cü ilədək həmin gün sentyabrın 1-nə təsadüf edirdi. “Azərbaycan Respublikasında “Bilik Günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkənin bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin tarix Bilik Günü elan edilmişdir.
Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb. O vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub. 1969-1982-ci illərdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatıb. Ulu öndərin ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadəyə keçməsi haqqında imzaladığı sənəd də onun yeni nəslə böyük töhfəsi idi. Ulu öndər hər zaman müəllimlərə də daim hörmətlə yanaşıb, onlarin əməyinə yüksək qiymət verib. Ötən əsrin 70-80-ci illərində 5 yeni ali məktəb yaradılıb. Müdrik dövlət başçısının daha bir xidməti həmin illərdə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilməsi idi. O vaxt 15 mindən çox gənc Azərbaycandan kənarda ali təhsil alıb. Ulu öndərin istəyi ilə yaradılan Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb isə ölkəmizdə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayıb. Ümummilli lider Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra da ölkəmizdə elmin, təhsilin inkişafına kömək məqsədilə böyük işlər görülüb. Məktəb tikintisi, peşə təhsilinə diqqət, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə çoxalıb. Hər il qəbul zamanı ən yüksək bal toplayan gənclərə Prezident təqaüdü, istedadlı gənclərə fəxri təqaüdlərin verilməsi də təhsilə qayğıdır. 1993-2003-cü illərdə 6 yeni akademiya təsis edilib, özəl ali məktəblər yaradılıb.
Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ümummilli liderin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. 2003-cü ildən indiyədək ölkəmizdə iki mindən çox yeni məktəb binası tikilib. Prezident İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təqdimatı da məktəb və müəllimin statusunun yüksəldilməsinə xidmət edir. Gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərin dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi istiqamətində də işlər uğurla davam etdirilir.
Dövlət başçısı İlham Əliyev hakimiyyətdə olduğu illərdə, təhsillə bağlı imzaladığı Sərəncam və fərmanların imzalanması bunun bariz nümunəsidir. Onu da, qeyd edək ki, son zamanlar dövlətimiz tərəfindən təhsilin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və öz layiqli yerini tutmasına xidmət edir. Həmçinin, təhsilin bugünkü müasir inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətlərinin olduğunu da xüsusi vurğulamaq lazımdır. Humanizm, mərhəmət, vətənpərvərlik, xeyirxahlıq hisslərinə söykənən fəaliyyəti ilə cəmiyyətdə böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun ölkəmizdə təhsil sisteminin inkişafı sahəsində qarşısına qoyduğu başlıca məqsəd Azərbaycanda bu sahənin müasir dövrün əsas tələblərinə uyğun səviyyəyə yüksəldilməsi və potensial kadrların yetişdirilməsindən ibarətdir.
Dövlətimizin başçısı İlham Əliyevin yeni dərs ili ərəfəsində təzə tikilən və əsaslı təmir olunan təhsil ocaqlarında olması, işlərin gedişi ilə yaxından tanışlığı, tapşırıq və tövsiyələrini verməsi ölkə başçısının bu sahəni hər zaman diqqətdə saxlamasının göstəricisi olmaqla yanaşı, bu istiqamətdə görülən işlərin keyfiyyətinə də müsbət təsir göstərir. Hər il olduğu kimi, bu il də istər ümumtəhsil, istərsə də ali təhsil müəssisələrinin maddi-texniki təminatı istiqamətində zəruri tədbirlər görülüb. Müasir standartlara cavab verən təhsil müəssisələri lazımi inventarla təchiz edilib. Bununla da, müəllimlərin iş şəraiti, şagird və tələbələrin təhsil almaq imkanları üçün hər cür şərait yaradılıb.
Son 20 ildə ölkəmizdə 3700-ə qədər yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Cari ilin sonuna kimi Elm və Təhsil Nazirliyi tərəfindən 61 məktəbin tikilməsi planlaşdırılır ki, onlardan da 30-u modul tiplidir. Ümumilikdə Heydər Əliyev Fondu, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi və digər qurumlar tərəfindən məktəblər tikilir, bərpa olunur. Belə ki, 70-dən artıq məktəbin bərpası və yenidən tikilərək yararlı bir şəkildə təhsil sisteminə qaytarılması planlaşdırılır. Təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, yeni əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Bunun nəticəsində, təxminən, 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.
Göründüyü kimi, zəngin təbii sərvətləri olan Azərbaycanda, bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir.
Tövsiyə edilən ədəbiyyat: