27 sentyabr Ümumdünya Turizm Günüdür. Bu tarix ökəmizdə 2001-ci ildən etibarən geniş şəkildə qeyd olunmağa başlayıb. Məhz həmin il Azərbaycan BMT-nin Ümumdünya Turizm Təşkilatının Seulda keçirilən 14-cü Baş Assambleyasında təşkilata üzvlüyə qəbul olunub.
Hələ, 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb.
1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Bu gün Azərbaycan da daxil olmaqla dünyanın 150-dən çox ölkəsində turizm təmsilçilərinin bayramı kimi qeyd edilir.
Turizm gününün başlıca məqsədi turizmin təbliği, dünya cəmiyyəti iqtisadiyyatına qoyulan vəsaitin işıqlandırılması və müxtəlif ölkə xalqları arasında əlaqələrin inkişafıdır.
Dünyada ilk turizm agentliyi 1841-ci ildə Tomas Kuk tərəfindən açılmışdır.
27 sentyabr tarixi ölkəmizdə həm də turizm işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı sərəncama əsasən “Dünya Turizm Günü” ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur.
Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamına əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması isə bu proseslərə kompleks yanaşmanın məntiqi nəticəsi kimi özünü göstərir.
Yarandığı ilk gündən Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesinin formalaşdırılması, turizm siyasətinin həyata keçirilməsi və sənayenin üzvlərinin bu prosesə cəlb olunması, ölkənin turizm potensialının xarici bazarlarda tanıdılması, tabeliyindəki qoruqlarda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı, turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün genişmiqyaslı işlər görülməyə başlanıldı.
Bu gün Azərbaycan turizmin inkişaf istiqamətində tarixi yerlərimizin yenidən qurulması və bərpası istiqamətində çox böyük işlər görülür. Ölkəmizdə dövlət tərəfindən, bütün sahələrə olduğu kimi, xüsusi tarixi əhəmiyyət daşıyan nümunələrə-qalalara, istehkamlara, məbədlərə, təbii qoruqlara diqqət və qayğı artıb. Ölkə ərazisində yerləşən bir sıra abidələrdə, Bakı şəhərində "Şirvanşahlar Saray Kompleksi", "Məhəmməd" məscidi, "Kiçik Karvansaray", "Bazar Meydanı", "Məktəb-Məscid", Şəki rayonunda "Şəki Xan Sarayı", qala divarları, "Kiş" Alban Məbədi, Şərur rayonunda "Qudi-Xatun" türbələri, Babək rayonunda "Əshab-ül-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Gəncə şəhərində Nizami Gəncəvi Məqbərəsi və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılıb. Görülən işlər tarixin daş yaddaşı olan abidələrin nəsillərdən-nəsillərə ötürülməsində əhəmiyyətlidir. "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə dövlət başçısının Sərəncamı bu sahədə həyata keçirilən tədbirlərin davamı oldu.
Azərbaycanda son illər turizmin inkişafı istiqamətində ciddi işlər görülsə də, ölkəmizin , ən böyük turizm potensialına malik Qarabağ və Şərqi Zəngəzur işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. Füsunkar təbiəti, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar artıq yağı tapdağından azad edilib. Barlı-bərəkətli torpaqlarımızda həyat yenidən bərpa olunur. Azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzur quruculuq, abadlıq işlərinin mərkəzinə çevrilib.
Qarabağda turizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarında azad olunmuş torpaqlarda əsas fəaliyyət sahələri kimi turizmi də xüsusi qeyd edir, Qarabağ və Şərqi Zəngəzurun zəngin turizm potensialının olduğunu vurğulayır: "Bu potensial imkan verir ki, biz oranı Azərbaycanın əsas turizm zonalarından birinə çevirək. Mədəni-tarixi abidələrimiz dağıdılsa da, onların bərpasından sonra həmin istiqamətlərə turların təşkili mümkün olacaq".
Regionumuzun turizm potensialı genişdir. Bu baxımdan Zəngilan Azərbaycanın böyük yeraltı və yerüstü sərvətlərə malik olan ən önəmli rayonlarındandır. Burada mühüm müalicəvi termal sular var. Vaxtilə dünyanın müxtəlif yerlərindən həmin termal sanatoriyaya turistlər gəlir, orada müalicə alır, istirahət edirdilər. Bu baxımdan Kəlbəcər, Şuşa və Zəngilanın bu cür termal sanatoriyalarının istifadəyə verilməsi ilə həmin mərkəzlərə yerli və xarici turistlərin gələcəyi şübhəsizdir.
Füzuli Beynəlxalq Hava Limanı regionda turizmin inkişafında müstəsna rol oynayacaq. Əlavə olaraq, Prezidentin sərəncamı əsasında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi Füzuli, Xocavənd və Şuşanın turistlər üçün əlçatan olmasını təmin edəcək.
Ölkəmizin geniş, zəngin və çeşidli turizm potensialı bizə müxtəlif turizm məhsullarını formalaşdırmağa imkan yaradır. Buna misal olaraq, şərabçılıq turizmini, haykinq təcrübəsini, Qusar, Qəbələ və Naxçıvanda qış turizm imkanlarını, alman, yəhudi irsi üzrə mədəni turizmi, Naftalan və Duzdağ kimi unikal sağlamlıq mərkəzləri üzrə sağlamlıq turizmini, qoruqlarımızda turizm əhəmiyyətli mədəni-tarixi irs yerlərini, son dövrlərdə müasir turizm trendləri arasında populyarlıq qazanan aqroturizm və ornitoloji turizm kimi bir sıra istiqamətləri sadalamaq olar.
Nadir təbiət gözəlliklərinə, zəngin tarixi keçmişə, bunu əks etdirən maddi mədəniyyət abidələrinə, əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan bu gün dünyanın diqqətini həm də böyük turizm potensialına malik bir ölkə kimi cəlb edir. Xalqımızın tarixən qonaqpərvər xüsusiyyəti ilə seçilməsi, son illər ərzində turizm sahəsində uğurla həyata keçirilən dövlət siyasəti, reallaşdırılan müvafiq layihələr bu müstəvidə Azərbaycana marağın daha da yüksəlməsinə gətirib çıxarıb. Təbii ki, bütün bunlar ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərinin birinə çevrilməsinə öz töhfəsini verəcək.
Turizm sahəsində ixtisaslı kadr hazırlığı xidmət keyfiyyətinin artırılması baxımından önəm kəsb edir. Bu baxımdan Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.
Tövsiyə edilən ədəbiyyat: