Tarixdən səhifələr

İlk azərbaycanlı vitse-admiral İbrahim bəy Aslanbəyov

İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovun 1822-ci il sentyabrın 10-da Bakıda anadan olmuşdur. Üç il Peterburqdakı dənizçilik məktəbində təhsil alan İbrahim bəy 1837-ci ildə oranı adı Qırmızı lövhə”yə yazılmaqla bitirmişdir. Baltik dənizində “Aleksandr Nevski” və “Prozerqin” hərbi freqatlarında üzən miçman Aslanbəyov iki il “İmperator I Pyotr” sürətli hərbi gəmisində Daqerord yaxınlığında keçirilən təlimlərdə iştirak etmişdir.

1842-ci ildə Dənizçilik Məktəbinin zabitlər sinfini bitirən İbrahim bəy Qara Dəniz Donanmasının hərbi nəzarət gəmilərində üzmüş, Qara dənizin şərq sahillərində baş verən toqquşmalarda iştirak etmişdir.

“Elbrus” hərbi gəmisinə komandirlik edən leytenant Aslanbəyov 1854-cü ildə düşmənin ticarət “gəmilərini darmadağın etmək üçün dörd dəfə (30 iyun, 7iyul, 3 və 6 avqust) dənizə çıxmış, avqust ayında isə desant gəmisinin döyüşən batareyasına komandirlik etmişdir. Bu xidmətinə görə ona kapitan-leytenant rütbəsi verilmişdir.

Həmin il sentyabrın 13-dən müharibənin axırına kimi Sevastopol qarnizonunda olmuş, avqustun 27-də sonuncu hücumu dəf edərkən kontuziya almışdır. Şərq müharibəsindən sonra Nikolayev limanında 36-cı donanma ekipajına komandirlik etmişdir.

Aslanbəyov 1860-61 ci illərdə “Sokol” pərli korvet gəmisinin komandiri kimi Aralıq dənizində üzmüş və həmin gəmini Kronştadta gətirmişdir. 1863-cü ildə həmin korvetlə Nikolayev şəhərinə qayıdan İbrahim bəy, iki ildən sonra “Retvizan” gəmisinə komandir təyin edilmişdir (1865-1868). Bir müddət məşhur vitse-admiral Q.İ.Butakovun zirehli eskadrasında qərargah rəisi olmuşdur.

Aslanbəyov 1869-72-ci illərdə dəfələrlə müxtəlif ümumdövlət əhəmiyyətli məsələləri öyrənmək üçün toplanmış komitələrə sədr təyin edilmişdir. Estoniyaya ezam olunan İbrahim bəy gəmiçilik məktəblərinin yaradılması və ticarət gəmilərinin düzəldilməsi üçün yaranan komitənin üzvü olmuşdur.

1872-ci ildə I Pyotrun anadan olmasının yüz illiyi böyük bayram şənliyi kimi keçirilirdi. Bu münasibətlə ümum-rus texniki sərgisində iştirak etmək və imperatorun kiçik avarlı gəmi dəstəsinə Moskvaya kimi rəhbərlik etmək Aslanbəyova etibar olunmuşdu.

1878-ci il yanvarın 1-də kontr-admiral rütbəsi ilə təltif olunanda İbrahim bəy Aslanbəyov səkkizinci donanma ekipajının rəisi idi.

1879-1882-ci illərdə İbrahim bəy gəmi heyəti ilə dövr-aləm səyahətinə çıxmışdır. O, Sakit Okeanda dəmir zirehli hərb və buxar yelkənli iti gedən gəmilərdən ibarət hərbi heyətə Minin, Knyaz Pojarski, Hersoq Edinburqski, Asiya və Afrikaya rəhbərlik etmişdir. Aslanbəyov okeanda sürətlə hərəkət edən kreyserlərin və “uçan eskadriliya”nın orduda tətbiq edilməsinin təşəbbüskarıdır.

Admiral İbrahim bəy Aslanbəyov Sakit Okean adalarında üzmüş, hətta Polineziyanın xırda adalarını da dolanmışdır. Onun şəxsi işində saxlanan rəy və xatirələrdən, xususilə dənizçiliyə aid inqilabdan əvvəlki ədəbiyyatdan məlum olur ki, Aslanbəyov öz heyəti və ümumiyyətlə, tabeliyində olanlar arasında yuksək hörmətə malik olmuşdur.

1884-cü ildə kontr-admiral İbrahim bəy Aslanbəyov Baltik Donanmasının kiçik flaqmanı təyin olunur. 1887-ci ilin sentyabrın 22-də hərbi-dəniz Donanmasındakı misilsiz xidmətlərinə görə ona vitse-admiral rütbəsi verilir.

Ömrünün əlli ildən çoxunu hərbi dəniz donanmasında nümunəvi xidmətdə keçirən admiral İbrahim bəy Aslanbəyov Rusiyanın və xarici ölkələrin yüksək ordenləri ilə təltif olunmuşdur. İbrahim bəy Aslanbəyovun xidmətləri Serbiyanın "Takova" (1879), Rusiyanın Müqəddəs Vladimir (1854), birinci dərəcəli Müqəddəs Stanislav (1881), birinci dərəcəli Müqəddəs Anna (1883) , Ağ qartal (1888) Yaponiyanın Günəşin doğması (1882), Havay dövlətinin ikinci dərəcəli Kalakua (1882) ordenlərinə layiq görülmüşdür.

1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasimində iştirak edən admiral Aslanbəyova hədiyyə olaraq qılınc verilmiş və birillik məvacibi həcmində pul mükafatı ayrılmışdır.

XIX əsrin altmışıncı illərindən başlayaraq admiral Aslanbəyovun “Morskoy sbornik” jurnalında silsilə elmi publisistik məqalələri dərc olunmuşdur: “Sokol” üçdorlu hərb gəmisinin Aralıq dənizindən Kronştadta səfəri” (1861), “Admiral P.S.Naximov” (bioqrafik oçerk, 1868), “Admiral A.S.Qreyq” (1873), “Admiral A.İ.Panfilov” (1874), “Dəniz akademiyasının 50 illiyinin bayram edilməsi münasibətilə nitqi” (1877), “Kontr-admiral İ.Aslanbəyovun səfərləri haqqında məlumatlar”(1881) və başqa məqalələrindən tədqiqatçılar bu gün də bəhrələnirlər.

İbrahim bəy Aslanbəyov 1900-cü ilin dekabrın 7-də Peterburqda vəfat edib.


Tövsiyə edilən ədəbiyyat:

  1. Nəzirli, Şəmistan Əmiraslan oğlu. General Əli Ağa Şıxlinski və silahdaşları: hərb tarixindən araşdırmalar /Ş. Nəzirli; elmi məsləhətçi M. Süleymanov. - Bakı: Şərq-Qərb, 2012. – 494 s.
  2. Nəzirli, Şəmistan Əmiraslan oğlu. Arxivlərin sirri açılır [Mətn] /Ş. Nəzirli; Rəyçi: Ç. Məmmədov; Red.: R. Faxralı; Buraxılışa məsul: B.Süleyman; Rəssam: Ədalət Həsənov. - Bakı: Elm, 1999. - 414 s.
  3. Мусаев, Гидаят Мамед оглу. Забытый адмирал /Г. Мусаев. - Севастополь: Дельта, 2014. - 173 с.