XIX əsrin 70-ci illərindən başlayaraq Rusiya İmperiyasının bir sıra bölgələrində, o cümlədən Cənubi Qaqazda kənd məktəbləri üçün müəllim kadrları hazırlayan müəllim seminariyaları meydana gəldi. Əsasən zemstvalar tərəfindən yaradılan müəllimlər seminariyaları öz işlərini dahi rus pedaqoqu Konstantin Dmitrieviç Uşinski tərəfindən işlənib hazırlanmış “Müəllimlər seminariyasının layihəsi” əsasında qururdular. Çar hakimiyyəti seminariyaların zemstvalar tərəfindən açılmasını müxtəlif yollarla dayandırmağa çalışsa da, buna nail ola bilmədi. Mütləqiyyət seminariyaların yaradılması prosesini öz nəzarəti altına almaqdan ötrü 1870-ci ildə “Müəllimlər seminariyası haqqında Əsasnamə”ni təsdiq etdi. Həmin əsasnaməyə görə müəllim seminariyaları zemstvalar tərəfindən deyil, hökumət tərəfindən yaradılmalı idi. Zaqafqaziya Müəllimlər Seminariyası Rusiya İmperatoru II Aleksandrın 08 aprel 1875-ci il tarixli fərmanı ilə təsis edildi. Qori şəhərində bütün Cənubi Qafqaz üzrə təşkil edilmiş Zaqafqaziya Müəllimlər Seminariyası dövrün qabaqcıl Seminariyalarından biri sayılırdı.
Zaqafqaziya Müəllimlər Seminariyasında və onun nəzdində yaradılmış üç ibtidai – rus, gürcü, erməni məktəblərində təhsilin rus dilində aparılması və həmin məktəblərdə Azərbaycan dilini bilən müəllimlərin demək olar ki, olmaması azərbaycanlı gənclərin bu məktəblərə cəlb olunması işini ləngidirdi.
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan kəndlərindəki mövcud olan və açılması nəzərdə tutulan məktəblərin müsəlman azərbaycanlı müəllim kadrlarla təmin edilməsinə böyük tələbat var idi. Zamanın tələbi, həmçinin müsəlmanlara qarşı edilən milli ayrıseçkiliyə qarşı mütərəqqi ziyalılarımızın yüksələn etiraz səsləri çar hökumətini “Müəllimlər seminariyaları haqqında təlimat”ın tələblərindən kənara çıxmağa məcbur etdi. Beləliklə, Seminariyalarda təkcə “ pravoslavların” deyil, müsəlmanların da təhsil almasına icazə verildi.
Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklər və xalqımızın mütərəqqi ziyalılarının maarif- təhsil işi uğrunda mübarizəsinin nəticəsi olaraq Zaqafqaziyanın müsəlman əhalisi üçün Zaqafqaziya Müəllimlər Seminariyası nəzdində tatar (Azərbaycan) bölməsinin yaradılmasına Qafqaz canişini tərəfindən razılıq verildi.
Zəmanənin tələbi ilə Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində yaradılmlş ayrıca tatar (Azərbaycan) şöbəsi 1879-cu il sentyabrın 23-də Qori şəhərində fəaliyyətə başladı. Zaqafqaziya Müəllimlər Seminariyası nəzdində tatar (Azərbaycan) şöbəsinin fəaliyyəti Dövlət Şürasının 13 may 1880-cı il tarixli qərarı ilə rəsmiləşdirildi. Azərbaycanlı müsəlman müəllim kadrların hazırlanması kimi tarixi missiya bu şöbənin üzərinə düşdü.
Azərbaycan şöbəsinin 1880-cı il mayın 13-də təsdiq edilmiş əsasnaməsinə görə bu şöbənin məqsədi Cənubi Qafqazın Azərbaycan kəndlərindəki ibtidai məktəblər üçün bilikli və bacarıqlı müəllimlər hazırlamaqdan ibarət idi.
Seminariya, əsasən üç əsas sinifdən ibarət idi. Onların yanında yuxarı hazırlıq sinifləri də açılırdı. Əsasnaməyə görə Azərbaycan şöbəsi və onun ibtidai məktəbi inzibatı, təlim – tərbiyə məsələlərində Zaqafqaziya Müəllimlər Seminariyasına tabe idi. Azərbaycan şöbəsində iki şəriət müəlliminin birinin şiə, birinin isə sünni olması vacib idi. Azərbaycanlı uşaqlar şəriət və ana dili dərslərini ayrıca keçir, qalan fənləri isə tədris ili bitənə qədər o biri uşaqlarla birlikdə keçirdilər. Azərbaycan şöbəsində də rus, gürcü şöbələrində olduğu kimi dövlətin, şəhər və kənd təşkilatlarının hesabına oxuyan şagirdlərlə bərabər, öz xərcləri hesabına oxuyan şagirdlər də var idi.
Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin ilk buraxılışı 1882-ci ilə təsadüf edilir. İlk olaraq şöbənin kursunu bitirmiş 10 nəfər müsəlman azərbaycanlı gənc Azərbaycanın məktəb tarixində pedaqoji təhsil almış azərbaycanlı müəllimlərin ilkin dəstəsi olaraq pedaqoji cəbhədə fəaliyyətə başlamışdı. 1882-ci ildə şöbənin kurslarını bitirmiş şəxslərin sırasında Həşim bəy Nərimanbəyov, Rəşid bəy Əfəndiyev, Məmməd bəy Əfəndiyev və başqaları var idi. Bu şöbənin məzunları sayca az olmasına baxmayaraq Zaqafqaziyanın Azərbaycan kəndlərində dünyəvi məktəblərin açılmasında və fəaliyyət göstərməsində mühüm rol oynamışdılar. Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin təşkili ana dilində sövti üsullu ilk dərsliyin meydana gəlməsinə şərait yaratdı. 1882-ci ildə A.O.Çernyayevskinin topladığı material əsasında Vətən dili adlanan dərsliyin birinci hissəsi işıq üzü görmüşdür. İkinci-üçüncü sinif şagirdləri üçün nəzərdə tutulan "Vətən dili" dərsliyinin II hissəsi 1888-ci ildə A.O.Çernyayevskinin və Səfərəli bəy Vəlibəyovun tərtibində işıq üzü görür. Sonrakı illərdə dəfələrlə çap edilən “Vətən dili” uzun müddət Azərbaycan məktəblərində ana dili dərsliyi kimi istifadə olunmuş və inqilabdan əvvəlki Azərbaycan ziyalılarının bütöv bir nəsli “Vətən dili” kitabından faydalanmışdır. Ən başlıcası isə bu dərslik Azərbaycan dilinin gələcək inkişafına, ana dilində yeni-yeni dərsliklərin tərtib edilməsinə güclü təkan vermişdi.
1918-ci ildə Qori Müəllimlər Seminariyası bağlanır. Seminariyanın Azərbaycan şöbəsini qəza məktəblərinin birinə köçürmək maarifpərvər ziyalıların çoxdanki arzusu idi. N.Nərimanov, R.Əfəndiyev, S.S.Axundov, C. Məmmədquluzadə, Ü.Hacıbəyov , F.Ağazadə və başqa ziyalılarla bərabər müəllimlər, axundlar, valideynlər və Bakı milyonçuları da seminariyanın Azərbaycan şöbəsini Azərbaycana köçürmək üçün Qafqaz Tədris Dairəsinə xahiş ərizələri göndərmişlər. Xalqımızın böyük maarifçisi Firudin bəy Köçərli bu ideyanın reallaşması uğrunda yorulmadan mübarizəyə başlayır. 1918-ci ildə O, Qafqaz Təhsil Dairəsindən seminariyanın Azərbaycana köcürülməsi haqda icazə alır.
1918-ci ildə Firudin bəy Köçərlinin səyləri sayəsində Qori seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü və Sovet hakimiyyəti qurulana qədər orada fəaliyyətini davam etdirdi. Məşədi İbrahim adlı maarifpərvər Qazax sakini öz 17 otaqlı mülkünü seminariyaya hədiyyə vermiş və seminariya o binada fəaliyyətə başlamışdır. Bundan sonra F. Köçərli Qazaxda səmimi və işgüzar kollektiv yaradaraq geniş fəaliyyət göstərmişdir.Qazax seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin və maarifin inkişafına böyük təkan verdi. Seminarıyanın yetirmələri sırasında S.Ə.Vəlibəyovun, İ. Abakovun, C.Məmmədquluzadənin, F. Ağazadənin, R.Tahirovun, Ü.Hacıbəyovun, M.Maqomayevin, M.Qarayevin, Ə.Hüseynovun, Ə.A.Mustafayevin, Q.Şıxlinskinin və başqalarının adını çəkmək olar. 1919-cu ilin əvvəlində bu istiqamətdə görülən sürətləndirilmiş tədbirlər nəticəsində Bakıda, Gəncədə, Nuxada, Salyanda, Şuşada və Qazaxda 23 orta təhsil dövlət müəssisəsi, 6 kişi və 4 qadın gimnaziyası, o cümlədən, 5 real məktəb, 3 müəllim seminariyası, qadınlar üçün 3 təhsil müəssisəsi, 1 politexnik və 1 ticarət məktəbi açılmışdır.
Tövsiyə edilən ədəbiyyat: