Əbülhəsən Bəhmənyar ibn əl-Mərzban orta əsrlərdə Azərbaycanda geniş yayılmış əsas fəlsəfi cərəyanlardan biri - Şərq peripatetizminin görkəmli nümayəndəsidir.
Bəhmənyarın tərcümeyi-halına dair məlumatlar, təəssüf ki, olduqca azdır. Əli ibn Zeyd əl- Beyhaqinin (XII əsr), Şəmsəddin Şəhrəzurinin (XIII əsr) əsərlərində və bir sıra digər orta əsr mənbələrində göstərildiyi kimi, Bəhmənyar 993-cü ildə Azərbaycanda doğulmuşdur. Mənbələrdə bildirilir ki, o, İbn Sinanın şagirdi olmuş, müəyyən müddət Həmədanda yaşamış və öz müəlliminin vəfatından 30 il sonra, 1066-cı ildə dünyasını dəyişmişdir.
Bəhmənyar lap gənc yaşlarından İbn Sinanın şagirdi olmuşdu. İbn Sina Bəhmənyarın tərbiyəsi və təhsili ilə məşğul olduğunu, onu öz oğlundan da əziz tutduğunu və «özünün ən yaxın və sadiq şagirdi hesab etdiyini söyləmişdir.
Sonralar Bəhmənyar biliyinə və nüfuzuna görə artıq, demək olar ki, öz müəlliminə bərabər filosof kimi tanındı. Zaman etibarilə İbn Sina və Bəhmənyarın yaşadığı dövrə yaxın mənbənin məlumatına əsasən İbn Sinanın «Mübahisələr» əsəri «əsasən Bəhmənyarın ən dolaşıq məsələləri müzakirə edərkən qaldırdığı mövzulara aiddir». Bəhmənyarla məktublaşmasında İbn Sina çox böyük ehtiramla ona «cənab və rəis» deyə müraciət edirdi.
İbn Sina bir müddət Bəhmənyara o dövrün əsas aparıcı elmlərindən ətraflı məlumatlar verir və istiqamətləndirir. Sonra şagirdinin müstəqil çalışmasına icazə verir. Şərqin ən məşhur mədrəsələrində dərs deməyə başlayan Bəhmənyar sonda vətəni Azərbaycana qayıdır və burada özünün on məşhur əsərlərini yazır.
Mənbələrə görə, Bəhmənyar aşağıdakı traktatların müəllifidir: «Metafizikanın mövzusu», «Mövcudatın mərtəbələri», «İdrak», «Məntiqə dair zinət kitabı», «Fəal əqllərin isbatı, onların sayının göstərilməsi və səmavi nəfslərin isbatı», «Musiqi kitabı», «Gözəllik kitabı» və «Səadət kitabı».
Təəssüf ki, mütəfəkkirin bir çox əsərləri itirilmişdir. Bizə məlum olduğuna görə, Tehran, Qahirə, Beyrut, Lahor, İstanbul, London, Daşkənd, Sankt-Peterburq kitabxanalarında Bəhmənyarın yalnız bəzi əsərləri və onun İbn Sina ilə yazışmasının müəyyən bir qismi saxlanılır. Filosofun bizə gəlib çatan fəlsəfi əsərlərindən onun «Metafizika elminin mövzusu haqqında» və «Mövcudatın mərtəbələri» traktatlarının əsli alman dilinə tərcüməsi ilə birlikdə 1851-ci ildə Leypsiqdə və 1911-ci ildə ərəb dilində Qahirədə nəşr edilmişdir.
Bəhmənyarın ensiklopedik əsəri olan «Ət-Təhsil» (üç kitabdan ibarətdir: I kitab «Məntiq haqqında», II kitab «Metafizika haqqında», III kitab «Konkret mövcud olan şeylərin halları haqqında» adlanır) Tehranda və Qahirədə orijinalın dilində, yəni ərəb dilində dərc edilmişdir. Traktatın fars dilinə də tərcüməsi mövcuddur; bəzi orta əsr mənbələrinə görə, onun fars dilinə tərcüməsi ilə Bəhmənyarın özü də məşğul olmuşdu (Həmin traktatın fars dilində olan surətlərindən biri Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Əlyazmalar fondunda saxlanılır). «Ət-Təhsil»in rus dilinə tərcüməsi üç kitabda (I və III kitab 1983-cü, II kitab isə 1986-cı ildə) Bakıda nəşr edilmişdir; tərcümə orta əsrlər Şərq fəlsəfəsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru A.V. Saqadeyevə məxsusdur.
Orta əsrlərdə müsəlman Şərqində fəlsəfi fikrin inkişafında Bəhmənyarın böyük rolu olmuşdur. Əbülabbas Ləvkəri, Ömər Xəyyam Bəhmənyarın bilavasitə şagirdləri, Əsirəddin Əbhəri, Əfzələddin Xunəci, Siracəddin Urməvi, Nəsirəddin Tusi və başqa məhşur təbiətşünas filosoflar onun məktəbinin yetirmələridir.
Tövsiyə edilən ədəbiyyat: