İkinci Dünya müharibəsindən sonra ABŞ-da və Qərbi Avropa ölkələrində sürətli şəkildə televiziyalaşma prosesi başlanmışdı. Müharibədə qələbə qazanan Sovet İttifaqı da yenicə başlanmış soyuq müharibəyə hazırlaşır, bu məqsədlə bütün ölkə ərazisində televiziya şəbəkəsi yaratmaq üçün təxirəsalınmaz tədbirlər görülürdü. Artıq 1945-ci ildə Moskva Telemərkəzi Avropada ilk olaraq müntəzəm verilişlərini bərpa etmişdi. Qısa fasilədən sonra 1948-ci ildə isə bu mərkəz yenidənqurma işinə başlamış və artıq 1949-cu ildə ilk studiyadankənar verilişini - futbol yarışını efirə çıxarmışdı.
Müttəfiq respublikaların paytaxtlarında televiziya mərkəzlərinin tikintisinə isə XX əsrin 50-ci illərində başlanıldı. Azərbaycan paytaxtında televiziya mərkəzi yaratmaq işinin əsası 1953-cü ildə qoyulmuşdu. Həmin il dekabrın 16-da Azərbaycan SSR Nazirlər Soveti Bakı şəhərində televiziya mərkəzinin tikintisi haqqında 1190 nömrəli qərarı imzaladı. Qərara əsasən, 1954-cü il yanvarın 15-dək televiziya mərkəzinin tikintisinə dair tədbirlər planı hazırlanaraq Nazirlər Sovetinə təqdim edilməli idi. Artıq 1954-cü il sentyabrın 2-də Bakıda Cənubi Qafqaz və Orta Asiya respublikaları arasında ilk dəfə televiziya mərkəzinin əsası qoyuldu. 1955-ci ilin sonunda istifadəyə verilən həmin mərkəzin bazasında SSRİ Mədəniyyət Nazirliyinin əmri ilə Bakı Televiziya Studiyası yaradıldı. Zəhmətkeşlərin siyasi və mədəni tərbiyəsi üçün zəruri vasitə sayılan Bakı Televiziya Studiyasının ilk rəhbəri isə radioda uzun müddət baş redaktor işləmiş şair Ənvər Əlibəyli oldu.
1956-cı ildə Azərbaycan Televiziyası fəaliyyətə başlayanda ölkədə televiziya qülləsi yox idi. Televiziyanın işə düşməsinə hazırlıq məqsədilə hələ 1953-cü ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanmışdı. Paralel olaraq televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə də qurulurdu. Amma 3 il sonra, yəni 1956-cı ildə televiziya yayımı başlayanda teleqüllənin inşası hələ başa çatmamışdı. Ona görə də Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılmışdı. Həmin qüllə vasitəsilə ötürülən verilişlərə yalnız paytaxtda və onun ətrafında baxmaq mümkün idi.
Azərbaycanın ilk və əsl televiziya qülləsi isə 1957-ci ildə istifadəyə verildi. Hündürlüyü 180 metr olan qurğu televiziya verilişlərini daha geniş əraziyə yaymağa imkan verirdi. 1960-cı ildə Bakı-Ağstafa radiorele xəttinin istismara verilməsi ilə televiziya retranslyasiya stansiyaları Göyçay-Gəncə-Ağstafa məntəqələrində fəaliyyətə başladı. Bunun nəticəsində Azərbaycanın əksər rayon mərkəzlərində və yaşayış yerlərində televiziyaya baxmaq imkanı yarandı. 1961-ci ildə Gəncədə, Göyçayda və Şuşada güclü televiziya stansiyalarının işə düşməsi Bakıdan yayılan verilişləri Xanlar, Goranboy, Yevlax, Mingəçevir, Ağcabədi və Dağlıq Qarabağda maneəsiz qəbul etməyə imkan verdi.
1962-ci ilin yanvarında Naxçıvanda qurulan kiçik televiziya stansiyasının sayəsində Muxtar Respublikanın da əhalisi televiziya verilişlərini izləyə bildi. 1963-cü il martın 12-də işə düşən Naxçıvan studiyası öz proqramlarını bu stansiyanın vasitəsi ilə yerli əhaliyə nümayiş etdirməyə başladı. 1964-cü il yanvarın 31-də Bakı-Moskva radiorele xəttinin istifadəyə verilməsi ilə Azərbaycan əhalisi Moskvadakı Mərkəzi televiziyanın proqramlarına, «Intervideniye» və «Evrovidenie»nin verilişlərinə baxmaq imkanı əldə etdi. 1973-cü ildə isə televiziyada «mini inqilab» baş verdi - paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlandı.
Azərbaycanda yeni televiziya qülləsinin tikilməsinə ehtiyac 70-ci illərin əvvəllərində hiss olunmağa başlamışdı. Həmin vaxt proqram saatının artırılması, telekommunikasiya sistemində yeni texnologiyanın tətbiq olunması nəticəsində sürətlə yayılan televiziya şəbəkəsinin daha keyfiyyətli və güclü ötürücüyə ehtiyacı vardı. Təqribən 20 il əvvəl tikilmiş və hündürlüyü 180 metrlik Teleqüllə həmin tələbatı ödəyə bilmirdi. Nəticədə 1979-cu ildə Bakıda 310 metrlik yeni teleqüllənin tikintisi qərara alındı.
Qüllə Kompleksi SSRİ Nazirlər Sovetinin qərarı və Azərbaycan SSR Rabitə Nazirliyinin sifarişi əsasında layihələşdirilib. Binanın forması və xarıcı görünüşü üzərində bir çox memarlar, mühəndislər baş sındırmalı olub. Lakin sonda, 1979-cu ildə Heydər Əliyevin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda - köhnə teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik Yeni Teleqüllənin layihəsi təsdiq edildi. Bu gün böyük zövqlə baxdığımız binanın layihəsini Ümummilli lider Heydər Əliyev təklif olunan 3 layihə içərisindən şəxsən seçib. Binanın təməlini 1980-ci ildə fəaliyyət göstərən Tikinti Nazirliyinin 4 nömrəli Tresti qoydu. Və artıq 1981-ci ildə obyektin tikintisinə başlandı. Qüllənin arxitektoru Sovet İttifaqının ən məşhur arxitektoru Y.N.Sinis idi.
Layihə hesablamalarına görə, Teleqüllənin tikinti işləri 1985-ci ildə tamamlanmalı idi. Buna baxmayaraq bir sıra obyektiv və subyektiv səbəblər üzündən Yeni Teleqüllənin istismara verilməsi ləngidildi. Bu səbəblər sırasında maliyyə çatışmazlığı və Sovet İttifaqının süqutu da var idi. Tikinti bir də 1993-cü, yəni artıq müstəqillik dövründə başlandı və 1996-ci il iyunun 7-də kompleksin rəsmi açılışı mərasimi keçirildi. Tikinti prosesində 5 podratçı şirkət və 250 nəfərə yaxın işçi çalışıb.
Dənizdən 136 metr yüksəklikdə yerləşən binanın hündürlüyü 310 metr, ümumi çəkisi isə 40 min tondan çoxdur. Tikilinin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllə Kompleksinin ümumi ərazisi 6 ha-dır. Qüllənin 28 mərtəbəsində 65 otaq fəaliyyət göstərir. Müxtəlif hissələrə açılan pəncərələri milli ornamentimiz olan şəbəkə şəklindədir. Qülləni şəhərin əksər yerindən görmək mümkündür. Qüllənin əzəməti və möhtəşəmliyi bu yerləşmə ilə daha da artır. Havanın qaranlıq vaxtlarında qüllədə quraşdırılmış qeyri-adi işıqlandırma sistemi onun gözəlliyini daha da artırır.
Qüllə televiziya verilişlərinin daha keyfiyyətli ötürülməsi məqsədilə tikilib. Çünki siqnal ötürülməsində yüksəkliyin daha hündür olması çox önəmlidir. Köhnə Bakı teleqülləsinin 160 metrlik hündürlüyü isə bu keyfiyyəti təmin edə bilmirdi.
Qüllə təkcə korpusu deyil, çox möhkəm bünövrəsi ilə də seçilir. Bünövrə təqribən 31 metr dərinə gedir, bu 9 mərtəbəli binanın hündürlüyü deməkdir. Bünövrənin dərin olması binanın külək, qasırğa, hətta zəlzələyə davamlı olmasınə təmin edir. Qüllə 9-10 bal zəlzələyə davamlı olaraq inşa edilib.
Bütün bu texniki göstəriciləri ilə bərabər Bakı Televiziya Qülləsi həm də gözəlliyi ilə öyünə bilər. Şərq üslubunu qoruyub saxlayan bina 1997-ci ildə İngiltərədə keçirilən dünya qüllələrinə baxış zamanı birinci yeri tuta bilib.
Bakı Televiziya Qülləsi ən müasir radio-televiziya avadanlıqları ilə təchiz olunmaqla, respublikamızda radio-televiziya yayımının, kosmik radio rabitənin, yerüstü radio rabitənin təşkilində əsas vəzifəni yerinə yetirir.
Hazırda Azərbaycan Televiziyasının yayımladığı verilişlərə tamaşaçılar nəinki ölkəmizin hər bir şəhər və kəndində, ən ucqar yerlərində, həmçinin dünyanın bir çox ölkələrində də baxa bilirlər.
Tövsiyə edilən ədəbiyyat: