Tarixdən səhifələr

Avropa Birliyinin TRASEKA layihəsi üzrə Beynəlxalq Bakı Konfransı

Tarixi Böyük İpək Yolu Avropadan Asiyaya ən qısa marşrut olaraq, Cənubi Qafqaz ölkələrinin ərazisindən keçmişdir. "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi "TRASEKA (TRACECA – TRANSPORT CORRİDOR EUROPE CAUCASUS ASİA) Müstəqil Dövlətlər Birliyinə (MDB) göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. Bu layihə 1991-ci ildən işlənilməyə başlanılmış və 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) iştirakı ilə qəbul edilmişdir. Konfransın yekunlarına əsasən, TRASEKA regionlararası proqramın fəaliyyətinin əsaslarını qoymuş Brüssel Bəyannaməsi qəbul edilmişdir. Tezliklə proqrama Moldova, Monqolustan və Ukrayna, 2000-ci ildə Türkiyə, Rumıniya, Bolqarıstan, 2009-cu ildə isə İran da qoşulmuşdur.

Avropa-Qafqaz-Asiya “TRASEKA” beynəlxalq nəqliyyat dəhlizi Şərqlə Qərb arasında digər iki marşruta, Transokean daşımaları və Transsibir magistralına alternativ olan bir layihədir. Bu dəhlizin strateji bəndi olan Transxəzər beynəlxalq nəqliyyat marşrutu ildə 15 milyon tondan artıq yük daşımaları potensialina malikdir. O, Çin, Qazaxstan, Türkmənistan, İran, Fars körfəzi ölkələri, Cənubi Qafqaz, Türkiyə və Avropa ölkələrinin yük göndərənləri ilə qəbul edənlərini əlaqələndirmək iqtidarındadır.

Müstəqilliyin ilk illərində yaranmış ağır sosial-iqtisadi vəziyyət, nəqliyyat-iqtisadi blokadanın davam etməsi, keçmiş təsərrüfat əlaqələrinin qırılması, Avropa və Dünya bazarına çıxışın olmaması dövlət müstəqilliyimiz üçün ciddi təhlükə yaradırdı. Belə bir şəraitdə Avropa Komissiyasının müstəqillik əldə etmiş ölkələr üçün hazırladığı TRASEKA layihəsi və ölkə rəhbərliyinin bu layihəni qətiyyətlə dəstəkləməsi, dövlətçiliyimizin qorunması və onun iqtisadi və siyasi cəhətdən möhkəmləndirilməsi üçün geniş imkanlar açdı. Ümummilli lider Heydər Əliyev məqsədyönlü və kompleks tədbirlər həyata keçirməklə “Tarixi İpək Yolu”nun bərpası ideyasını xəyaldan reallığa çevirdi.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransın Bakı şəhərində keçirilməsi ölkəmizin TRASEKA Proqramına verdiyi xüsusi önəmin və diqqətin təzahürüdür. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA Proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmışdır və TRASEKA-nın Daimi Katibliyinın Bakı şəhərində yerləşdirilməsi qərara alınmışdır. 2001-ci il 21 fevral tarixində Bakı şəhərində Ümummilli lider Heydər Əliyevin iştirakı ilə TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinın açılışı olmuşdur.

Respublikamızda TRASEKA Proqramı çərçivəsində Əsas Çoxtərəfli Sazişin şərtlərinin həyata keçirilməsi məqsədi ilə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, dəhliz üzrə yeni avtomobil yollarının tikintisi, mövcud yolların təmiri və yüksək texniki dərəcəyə uyğunlaşdırılması məqsədilə iri layihələr həyata keçirilmişdir.

TRASEKA proqramı çərçivəsində dəmir yolu sahəsində həyata keçirilən ən böyük layihə Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisidir. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin ümumi uzunluğu 840 km-dir. Bunun 503 km hissəsi Azərbaycan ərazisində, 259 km hissəsi Gürcüstan, 78 km hissəsi isə Türkiyə ərazisində yerləşir. 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı–Tbilisi–Qars dəmir yolu Trans-Avropa və Trans–Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini reallaşdırmaqla, qədim İpək yolunun polad magistrallar üzərində bərpasıdır. Böyük İpək Yolu üzərində bu layihənin yaradılması və həyata keçirilməsi region ölkələri üçün onun cəlbediciliyini yüksəldir, Mərkəzi Asiya ölkələrinin – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanın, eləcə də Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, dünyaya inteqrasiya olmalarında mühüm əhəmiyyət kəsb edir.

TRASEKA beynəlxalq nəqliyyat dəhlizi üzrə yük axının artırılması məqsədi ilə Avropadan Çinə və əksinə yüklərin daha qısa zaman kəsiyində və təhlükəsiz daşınması istiqamətində Azərbaycan ərazisində multimodal yükdaşımaların sərbəst həyata keçirilməsi üçün mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yaradılan azad ticarət zonası Bakı Beynəlxalq Dəniz Ticarət limanı da daxil olmaqla, Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi əhəmiyyət kəsb edəcək. Beynəlxalq yük daşımalarında və Avropa-Asiya logistika həlqəsində aparıcı rol oynayan azad ticarət zonası eyni zamanda yerli istehsalın stimullaşdırılmasında, Made in Azerbaijan brendinin bütün dünyada məşhurlaşmasında və tanınmasında müstəsna önəm daşıyacaq. Azad ticarət zonasının regional miqyaslı bazara xidmət göstərəcəyi nəzərdə tutulur. Buraya Cənubi Qafqazın, Mərkəzi Asiyanın, İranın, Rusiyanın və Türkiyənin bir hissəsi daxil olacaq və 130 milyon insanı əhatə edəcək.

Gələcəkdə Şimal–Cənub və Bakı–Tbilisi–Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası nəzərdə tutulur. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır. Bundan Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Avropa ölkələri, Çin, Qazaxıstan və digər Orta Asiya respublikaları istifadə edəcəklər.

İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə nəticələnməsi və münaqişənin başa çatması regionda yeni münasibətlərin yaranmasına zəmin yaradıb. 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatda Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı müddəa da yer aldı. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır və bu dəhlizin reallaşması Azərbaycanın növbəti tarixi uğuru olacaqdır.

Azərbaycanda son illər ərzində ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir.

 

Tövsiyə edilən ədəbiyyat:

  1. Vəliyev, Dünyamalı Əmir oğlu. Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyası : monoqrafiya / D. Ə. Vəliyev ; elmi red. A. A. Nadirov. - Bakı : Adiloğlu, 2008. - 428 s.
  2. Süleymanov, Elxan Sirac oğlu. Avropa İttifaqı və Azərbaycan: strateji tərəfdaşlığa doğru = The EU and Azerbaijan: towards strategic partnership / E. S. Süleymanov ; red. R. Sevdimalıyev. - Bakı : CBS Polygraphic Production, 2011. - 112 s.
  3. Abdullayev, Kamran Nurəddin oğlu. Avropa Birliyinə inteqrasiya istiqamətində Azərbaycan Respublikasının nəqliyyat sektoru üzrə özəl sahibkarlığın yaradılması məsələləri: reallıqlar və perspektivlər / K. N. Abdullayev. - Bakı : Avropa nəşriyyatı, 2017. - 352 s.
  4. Böyük İpək yolu Azərbaycan dövlətinin geostrateji maraqları kontekstində / E. Mirbəşiroğlu, E. Rəcəbov, Ş. İbrahimov [et al.] ; tərt. E. Mirbəşiroğlu ; elmi rəh. A. İ. Mustafayeva ; elmi red. L. Əhmədova ; red. S. Sadıxqızı ; AMEA Hüquq və İnsan Haqları İnstitutu. - Bakı : Elm və təhsil, 2016. - 151 s.
  5. İsakov, Hakim Vəlican oğlu. Azərbaycan Respublikasının "Böyük İpək yolu"nun bərpasında iştirakı : 1991-2005-ci illər: monoqrafiya / H. V. İsakov ; layihənin rəh. Y. M. Mahmudov ; elmi red. Q. Ə. Əliyev ; bur. məsul R. Müzəffərli ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Şərq-Qərb, 2011. - 284 s.
  6. Qasımzadə, Rəşad Süleyman oğlu. Avropa İttifaqı və Azərbaycan: "Yeni qonşuluq siyasəti" / R. S. Qasımzadə ; elmi məsl. Ə. Həsənov. - Bakı : Adiloğlu, 2011. - 152 s.